Gen mühəndisliyi ilə bağlı reallaşdırılan layihələrin və müasir biotexnologiyaların tətbiqi tibb elminə böyük töhfələr verə bilər

 

Beynəlxalq forumun "Biotexnologiyalar və etikanın problemləri" mövzusunda bölmə iclası Azərbaycan Tibb Universitetində keçirilmişdir.

İclası açan ATU-nun rektoru, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevin və Dmitri Medvedevin təşəbbüsü ilə keçirilən forumun humanitar problemlərin həlli baxımından əhəmiyyətini vurğulamışdır. Forumda aktual məsələlərin müzakirə edildiyini bildirən rektor bu mötəbər tədbirdən gözləntilərin böyük olduğunu diqqətə çatdırmışdır.

Bölmə iclasında keçirilən üç paneldə "Molekulyar biologiya", "Biotexnologiyalar" və "Etikanın problemləri" mövzuları müzakirə olunmuşdur. 

Bölmə iclasının birinci panelinin moderatoru Rusiya Elmlər Akademiyasının akademiki, gen mühəndisliyi və biotexnologiya üzrə alim Konstantin Skryabin biotexnologiyaların tətbiqi baxımından Azərbaycanın MDB ölkələri arasında daha çox diqqət cəlb etdiyini bildirmişdir. Akademik biotexnologiyaların inkişaf etdirilməsinin, onların tətbiqinin etikaya zidd olub-olmamasının bu sahənin əsas müzakirə mövzusu olduğunu demiş, bölmə iclasında da bu məsələyə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulamışdır.

Pekin Gen İnstitutunun prezidenti Huaminq Yanq gen mühəndisliyi ilə bağlı rəhbərlik etdiyi qurum tərəfindən, eləcə də beynəlxalq miqyasda həyata keçirilən layihələrdən danışmışdır. Bildirmişdir ki, gen mühəndisliyi ilə bağlı reallaşdırılan layihələr müasir biotexnologiyaların tətbiqi ilə tibb elminə böyük töhfələr verə bilər. Sağlamlıq baxımından genlərin müəyyən olunması ilə bağlı son illərdə böyük tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran H.Yanq demişdir ki, müasir dünyada problemləri aradan qaldırmaq üçün gen mühəndisliyi inkişaf etdirilməlidir.

Bitkilərdə gen mühəndisliyi barədə məruzə edən Ölkələrin İnkişafı üçün Əkin Biotexnologiyası İnstitutunun rəhbəri Mark Van Monteqyu biotexnologiyaların inkişafı ilə kənd təsərrüfatının sürətli inkişafına nail olmağın mümkünlüyünü vurğulamışdır. Hazırda bir milyarddan artıq insanın ərzaq qıtlığı təhlükəsi ilə üzləşdiyini və kənd təsərrüfatının bu ehtiyacı ödəyə bilmədiyini deyən natiq, bu problemin aradan qaldırılması üçün əkin biotexnologiyalarının geniş tətbiqinin vacibliyini vurğulamışdır.

- Bizim əsas missiyamız biotexnologiyalardan istifadə etməklə cəmiyyət üçün qəbul edilə bilən bitkilərin yaradılmasıdır - deyən M.V.Monteqyu vurğulamışdır ki, hazırda bu sahədə böyük irəliləyişlər vardır. Lakin bu, ehtiyacların ödənilməsi üçün kifayət etmir. Gələcəkdə ərzaq qıtlığı ilə qarşı-qarşıya qalmamaq üçün biz davamlı kənd təsərrüfatı yaratmalıyıq.

- Dünya əhalisinin sürətlə artdığı bir şəraitdə biotexnologiyaların rolu ön plana çıxır - deyən "Burrill & Company" şirkətinin baş direktoru Stiven Burrill cəmiyyətin sürətli inkişafının süni texnogen vəziyyət yaratdığını, yeni xəstəliklərin, ərzaq, enerji və s. ilə bağlı problemlərin ortaya çıxdığını bildirmişdir.

Dünyada səhiyyə sahəsində artıq rəqəmsal sistemə keçildiyini  diqqətə çatdıran S.Burrill bildirmişdir ki, biotexnologiyaların inkişafı insanların sağlamlıqla bağlı xərclərini azaltmışdır.

Rusiya Elmlər Akademiyasının akademiki Renat Akçurin çıxışında əsasən, ürək-damar sisteminin pozğunluğundan əziyyət çəkən yaşlı xəstələrin müayinəsində biotexnologiyaların tətbiqindən danışmışdır. Bildirmişdir ki, müasir biotexnologiyaların tətbiqi ürək cərrahiyyəsinə geniş töhfələr vermişdir. Natiq qeyd etmişdir ki, müasir cərrahiyyədə biotexnologiyaların geniş tətbiqi klinikalarda xəstələr üzərində cərrahiyyə əməliyyatlarının daha dəqiq aparılmasına imkan yaradır.

Estoniya Elmlər Akademiyasının prezidenti Riçard Villems gen mühəndisliyi barədə məlumat verərək bildirmişdir ki, tibbin qarşısında duran ən mühüm vəzifə biotexnologiyaların tətbiqinin zərəri və faydasını dərindən araşdırmaqdır. Bu gün gen mühəndisliyi yeni məhsulların istehsalını təmin etməklə yanaşı, onun insanların sağlamlığına zərərlərini və faydalarını dərindən öyrənməlidir. O, bu sahədə araşdırmaların ardıcıl aparılmasının və ictimaiyyətə geniş təbliğ etdirilməsinin vacibliyini bildirmişdir.

Bölmə iclasına qatılan Slovakiyanın keçmiş prezidenti Rudolf Şuster paneldə son dərəcə maraqlı mövzuların müzakirə edildiyini diqqətə çatdıraraq, belə bir möhtəşəm tədbirə ev sahibliyi edən Azərbaycanın son illərdə nail olduğu yüksək inkişafdan məmnunluğunu bildirmişdir. Bakının sürətlə inkişaf etdiyini, dünyanın gözəl şəhərlərindən birinə çevrildiyini vurğulayan R.Şuster Azərbaycanın bu cür mötəbər tədbirlərin keçirilməsi üçün ideal məkana çevrildiyini demişdir.

Biotexnologiyalar sahəsindəki kəşflərin real həyatda tətbiq edilməsinin vacibliyini vurğulayan Molekulyar Biotexnologiyalar üzrə Fraunhofer Mərkəzinin icraçı direktoru Vidadi Yusifov demişdir ki, biotexnologiyaların əsas vəzifəsi ətraf mühitin qorunmasıdır. Biotexnologiyaların tətbiqi zamanı görürük ki, onlar nə qədər ucuz və səmərəlidir. Xəstəliklərin müayinəsində və müalicəsində müasir biotexnologiyaların tətbiqinin əhəmiyyətini qeyd edən alim, problemlərin həllində onların mühüm rol oynayacağını bildirmişdir.

Sonra mövzu ətrafında müzakirələr aparılmışdır.

Bölmə iclasına yekun vuran ATU-nun rektoru Ə.Əmiraslanov dünyanın məşhur alimlərinin Bakıya gələrək öz zəngin təcrübələrini bölüşdüklərinə görə təşəkkürünü bildirmişdir.

 

 

Azərbaycan.- 2011.- 12 oktyabr.- S. 4.