Bayrağın uca olsun, gözəl Gəncə!

 

Azərbaycan Xalq Cümhuriyyətinin ilkin vətəni qədim Gəncə həmişə milli ənənələrə sədaqətli olub. 1918-ci il sentyabrın 9-da məhz Gəncədə üzərində aypara və səkkizguşəli ulduz olan göy, qırmızı və yaşıl rəngli bayraq Azərbaycanın milli bayrağı kimi qəbul edildi. O gərgin illərdə bu qədim şəhərdə milli müstəqilliyin müdafiəsi üçün çox böyük işlər görüldü. Uzun illərdən sonra - 1991-ci il yanvar ayının 20-də də birincilər sırasında Gəncədə inzibati binanın üzərində üçrəngli aylı-ulduzlu milli bayrağımız ucaldıldı. Günəşin zərrin şəfəqlərində bərq vuran bu bayraq azadlığın rəmzi kimi gəncəlilər üçün çox əzizdir. Ona görə də indi şəhərin ən görkəmli yerində Bayraq meydanının yaradılması üçün görülən işlər hamının qəlbindən xəbər verir.

İşlər çox sistemli, səliqəli başlandı. Öncə qədim şəhərin yenidən qurulması üçün təcrübəli mütəxəssislərdən, ziyalılardan ibarət şəhərsalma komissiyası yaradıldı. Baş plan işlənib hazırlandı. İcra hakimiyyətində şəhər fəalları, müxtəlif peşə sahibləri ilə görüşlər keçirildi, ətraflı fikir mübadiləsi aparıldı, kommunikasiya qurğularının tikilməsindən tutmuş şəhər təsərrüfatının ən müxtəlif sahələrinədək görülməsi vacib olan işlər müəyyən edildi, aidiyyəti təşkilatlara konkret tövsiyə və tapşırıqlar verildi. Bax, bu cür hazırlıqdan sonra geniş təmir, bərpa və yenidənqurma işlərinə başlanıldı. Qısa vaxtda külli miqdarda mal-material gətirildi, müxtəlif texnika yığıldı, saysız-hesabsız işçi qüvvəsi şəhərin hər tərəfinə səpələndi. Görünməmiş coşqunluq hər yanı bürüdü.

Şəhərin nə qədər potensialı var imiş! Quruculuğun panoramı, miqyası göz oxşayır. Gəncə müəyyən mənada birmərtəbəli şəhərdir. Geniş sahəyə səpələnib. İlk baxışda adama elə gəlirdi ki, bütün bu məsələlərə eyni zamanda nəzarət etmək, istiqamət vermək, sahmanlamaq heçasan deyil. Elə ki işlər yoluna düşdü, hamı gördü ki, ağıllı, sistemli hərəkət edəndə məqsədə çatmaq mümkündür.

Küçələri, meydanları, parkları gəzirik. Ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan mərkəzi meydan şəhərin gözü sayılır.  Bu müqəddəs məkan tamamilə yenidən qurulur. Ulu öndərin abidəsinin ətrafı abadlaşdırılır. Fəvvarələr, işıqlar təzələnir. Geniş əraziyə qranitdən üzlük çəkilir. İş icraçısı deyir ki, qısa müddət ərzində 9 min kvadratmetr sahəyə qranit döşənib,  pilləkən və istinad divarları tikilib. İndi ətrafdakı çoxmərtəbəli binaların hamısına müasir üslubda milli bəzəklərlə üzlük çəkilir.

Qədim Gəncə tarixi abidələrlə zəngindir. Onların hamısının bərpası nəzərdə tutulub. Hazırda Şah Abbas məscidində, İmamzadə kompleksində, Çökək hamamda, Mərkəzi poçtun binasında, ümumən 18 yerdə əsaslı təmir işləri görülür.

Nizami məqbərəsinin ətrafında gedən işlər isə xüsusi heyranlıq doğurur. Bakı səmtində milli memarlıq üslubunda rəmzi giriş qapısı - Zəfər tağı  hazırlanır. Qapıdan məqbərəyə qədər təqribən 3 kilometr yol boyu dahi şairin əsərlərindən ibarət muzey-sərgi yaradılır. Şəlalə və fəvvarələr quraşdırılır, yaşıl zolaqlar salınır, körpülər, keçidlər yeni görkəm alır. "Xəmsə"nin fraqmentləri göz oxşayır. Məqbərənin ətrafında ən çox qranitdən və aqlaydan istifadə olunur ki, bu da tarixi abidəyə xüsusi gözəllik verir.

Şəhər başdan-başa əsl inşaat meydanına bənzəyir. İş çoxdur, lap çox, hamısı da biri-birindən gərəkli. 30-dan çox prospekt, küçə, parkmeydanda - eyni vaxtda azı 1500 yerdə gedir. Şəhərdə qaz, su, kanalizasiya xətləri başdan-başa yenidən qurulur, yollar və səkilər abadlaşdırılır. Qısa müddət ərzində küçələrə 6 min metr işıqlandırma kabeli çəkilib, 200-dən çox dekorativ dirək basdırılıb.

Neçə ildən bəri müşkül problemə çevrilmiş şəhərin sukanalizasiya problemi axır ki, həll olunur. Bu günlərdə ilk su anbarının təməlqoyma mərasimi əsl el bayramına çevrildi. İsveçrədən, Almaniyadan, Bakıdan gələn mütəxəssislər bu dəyərli üçün 212,5 milyon ABŞ dolları  məbləğində vəsait ayrıldığını və bununla da şəhərin sutka boyu içməli su ilə təmin olunacağını bildirdilər.

Daha bir bayram tədbiri ulu öndər Heydər Əliyevin adını daşıyan Xatirə parkında keçirildi. Burada ömrü boyu qədim şəhərə göstərdiyi tükənməz qayğı və diqqətə görə gəncəlilərin minnətdarlıq duyğusu olaraq Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimi keçirildi. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev hər iki obyekti müstəqil dövlətimizin qədim Gəncəyə tarixi töhfəsi adlandırdı.

İcra hakimiyyətinin üslubu çox dəqiq, obyektiv və ədalətlidir. Ümumi vəziyyətə uyğun qəti göstərişlər, cəsarətli qərarlar verilir. Təkcə ayrı-ayrı obyektlər deyil, şəhərdə bütün küçələr, prospektlər, meydanlar, binalar yeni don geyir. Heydər Əliyev, Atatürk və Nəriman Nərimanov prospektlərində, Nizami, Cavad xan, Zülfi Hacıyev küçələrində və digər yerlərdə başdan-başa yenidənqurma işləri aparılır. Memarlıq ansamblına uyğunlaşmayan binalar, qanunsuz artırmalar, yöndəmsiz balkonlar sökülür, süni surətdə daraldılan yollar genişləndirilir, səkilər boyu qranit daşlar düzülür, asfalt döşənir. Hər yanda uşaq şəhərcikləri, bağlar, parklar, istirahət guşələri yaradılır.

Sosial əhəmiyyətli binaların inşasında yol verilmiş ciddi qüsurlar tədricən aradan qaldırılır. Gəncə univermağının və inzibati binanın inşası zamanı "yaddan çıxmış" sonuncu mərtəbələr yenidən bərpa olunur. Hər iki binanın görkəmi tamamilə dəyişir, müasirləşir. Ən xarakterik cəhətlərdən biribudur ki, sistemli surətdə binaların dam örtüyü dəyişdirilir, metal keramiklə əvəz olunur.

Son bir neçə ay ərzində 74 binanın dam örtüyü təzələnib. Təqribən 2 min ticarət-iaşə, xidmət və digər təyinatlı obyektlərin fasadlarında yenidənqurma işləri aparılıb, bu günə kimi müxtəlif yerlərdə 42 min kvadratmetr fasad üzlənib. Küçələrə minlərlə metr qranit səki daşı, plitə döşənib. İşlərin həcmi, quruculuğun panoramı günü-gündən genişlənir, sistemli şəkildə abadlıq şəhərin ən ucqar guşələrini bürüyür. Əldən-ayaqdan uzaqda yerləşən vağzalyanı sahədə, Natavan qəsəbəsində, Göygöl səmtində və digər yerlərdə görülən işlər hamının qəlbindən xəbər verir.

Bu günlərdə yolum Şəhidlər xiyabanına düşmüşdü. Bura hamı üçün ən müqəddəs yerdir. Bir müddət nəzər-diqqətdən kənarda qalmışdı. Təzəlikcə onlarca küçəyə şəhidlərin adları verildi. İndi xatirə kompleksində qızğın gedir. Burada 366 şəhid məzarı var ki, onlardan 5-i Milli Qəhrəmandır, 2-si "İgidliyə görə" medalı almışdır. 46 məzarda isə naməlum əsgər uyuyur. İş icraçısı Qəhrəman Həsənov deyir ki, hər bir məzar eyni diqqət və ehtiramla bərpa olunur. Sinə və baş daşları qara mərmərdən düzəldilir. Müqəddəs xiyaban şəhid adına layiq bir səviyyədə abadlaşdırılır, qaydaya salınır. Kompleksin başında 19,5 metrlik abidə ucaldılır. İş yarıdan ötüb. Abidənin yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir.

Yazıçı-publisist, əməkdar jurnalist Qərib Mehdi Gəncə sakinlərinin, qonaqların, ziyalıların fikrini ifadə edərək deyir ki, ulu Nizaminin yurdunda başdan-başa heyrətli bir yeniləşmə prosesi gedir. Şəhərin hər bir küçəsində, döngəsində, prospektində quruculuq işi aparılır. Tarixiliyi qorumaqla müasirliyə qovuşan doğma Gəncə öz qədim memarlığı ilə öyünən hər hansı Avropa şəhəri ilə yarışa bilər. Yaşlı və orta nəsil heç vaxt şəhərimizdə bu miqyasda abadlıq, quruculuq işlərinin şahidi olmamışdı. Hər addımda müasirləşən qədim şəhərdə Nizami ruhunun dirçəldilməsinə, önə çəkilməsinə xüsusi diqqət yetirilir. Bir yaradıcı ziyalı, Gəncəni qəlbən sevən vətəndaş kimi bu dəyişmələr mənim də ürəyimi qürur hissi ilə döyündürür.

Gəncədə əvvəllər də diqqət çəkən sosial obyektlər və digər tikililər olub. Bu dəfə isə ayrı aləmdir. Şəhər müasir memarlığın tələblərinə cavab verməklə yeniləşir, gözəlləşir, tanınmaz olur. Burada ulu Şərq üslubu ilə müasir Avropa şəhərsalma elementləri qovuşur, Gəncə dünya standartlarına cavab verən bir şəhərə çevrilir. Belə şəhərdə yaratmaq da, yaşamaq da xoşdur!

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev deyir ki, bunlar hələ görüləcək işlərin bir qismidir. Gəncə tamamilə yenidən qurulmalıdır. Dövlətimizin başçısı İlham Əliyev bu qədim diyarın inkişafına xüsusi qayğı və diqqət göstərir. Bu yaxınlarda təxminən 6 min nəfərin çalışacağı alüminium-polad kompleksi istifadəyə veriləcək. Filarmoniya binası, Heydər Əliyev Mərkəzi inşa ediləcək, digər möhtəşəm obyektlər tikiləcəkdir. Gəncənin potensialı böyükdür. Bu qədim diyar Qərb bölgəsində əsl mədəniyyət mərkəzinə çevriləcək.

Nizami yurdu milli müstəqilliyin bərpasının 20 illik yubileyinə, bax, bu cür gəlir. Yeni yaradılan Bayraq meydanı son vaxtlarda sistemli surətdə görülən işlərin əsl nümunəsidir. Dövlətimizin başçısı İlham Əliyevin dediyi kimi: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir... Dövlət atributu olaraq Azərbaycan bayrağına ehtiram göstərilməsi ölkə vətəndaşlarının müqəddəs borcudur".

Milli müstəqilliyin 20 illiyinə hər sahədə layiqli töhfələrlə hazırlaşan gəncəlilər bu günlərdə şəhərin mərkəzi meydanında 50 metrlik bayraq ucaldıblar. Əzəmətli Bayraq  meydanı üçün şəhərin mərkəzində, Gəncə çayının sahilində çox gözəl yer seçilib. Neçə vaxtdır burada qızğın gedirdi. Postament yer səthindən 4 metr hündürlükdədir,  onun hər tərəfi qranit lövhələrlə üzlənmişdir.

Bu, Nizami yurdunun dövlətə, dövlətçiliyə olan sədaqətinin, etibarının rəmzidir. Bu, quruculuğun, tərəqqinin, yüksəlişin simvoludur. Bu, qədim Gəncənin əsrlərdən bəri həsrətində olduğu milli müstəqilliyinin, istiqlalın, azadlığın simvoludur.

Bayrağın uca olsun, gözəl Gəncə! 

 

 

Əhməd İSAYEV

 

Azərbaycan.- 2011.- 8 oktyabr.- S.  5.