Azərbaycan ilə Serbiya arasında münasibətlər dinamik inkişaf edir

 

Azərbaycan ilə Serbiya arasında münasibətlər son illər dinamik şəkildə və səmərəli inkişaf edərək, yeni müstəviyə - strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Bu, ilk növbədə Azərbaycan və Serbiya prezidentləri İlham Əliyev və Boris Tadiçin müstəsna xidmətlərinin nəticəsidir.

Azərbaycanın Serbiyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, bu ölkədə öz yurd-yuvalarından didərgin düşmüş qaçqınlara, məcburi köçkünlərə və uşaq evinə 2010-cu ilin oktyabrında Azərbaycan dövlətinin qayğı və humanistliyinin nəticəsi olaraq Prezident İlham Əliyevin tapşırığı ilə humanitar yardım göstərilmişdir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il iyunun 8-dən 9-dək Serbiya Respublikasına rəsmi səfəri zamanı bu ölkənin müftisi Muhammed Yusifspahiç və müsəlman icmasının nümayəndələri dövlətimizin başçısına müraciət etmişlər. Onlar 2004-cü ildə Balkanlarda baş verən məlum hadisələr zamanı yandırılmış Belqrad şəhərindəki yeganə "Bayraklı Cami" məscidinin bərpasına, Voyevodina diyarında məskunlaşan məcburi köçkün və qaçqınlara yardım göstərilməsini xahiş etmişlər. Eyni zamanda, Novi Sad şəhərinin meri İqor Pavliçiç bölgədə məskunlaşan qaçqınların ibadəti üçün nəzərdə tutulan "Müqəddəs Petka" kilsəsinin tikintisinin davam etdirilməsi üçün də dövlətimizin başçısına müraciət etmişdir.  Serbiyanın Sancak bölgəsinin mərkəzi Novi Pazar şəhərinin müsəlman icmasının nümayəndələri və şəhər meriyası mədəniyyət evinin təmir edilməsi ilə bağlı Azərbaycan dövləti tərəfindən yardım göstərilməsi barədə də müraciətlər edilmişdir.

Prezident İlham Əliyevin göstərişi ilə "Bayraklı Cami" məscidi, "Müqəddəs Petka" kilsəsi və Novi Pazar şəhərinin mədəniyyət evində artıq intensiv təmir-tikinti işlərinə başlanılmışdır.

Azərbaycan hökumətinin bu nəcib, xeyirxah və humanist addımı dünyanın ən həssas bölgələrindən biri sayılan Balkan regionunun xalqları, ictimaiyyəti, ziyalıları, müxtəlif dinlərə mənsub olan insanlar tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Bu, ölkəmizin mənəvi-dini dəyərlərə verdiyi önəm, bütün dinlərə və xalqlara olan tolerantlığının bariz nümunəsidir. Həmçinin Azərbaycan demokratik və dünyəvi ölkə olaraq, Balkan bölgəsində mövcud olan mürəkkəb mədəniyyətlər və dinlərarası dialoqa, barışığa və sülhə müsbət təsir göstərə bilən bir örnək ölkə və inkişaf modeli kimi də qiymətləndirilir.

Dövlətimizin başçısının tapşırığı ilə qəbul edilmiş bu humanist qərar mürəkkəb bir bölgədə yaşayan xalqlarla yanaşı, Qərbi Balkan ölkələrində yaşayan həmvətənlərimizin də sevincinə səbəb olmuşdur.

Dövlətimizin beynəlxalq nüfuzuna xidmət edən, strateji dostluq və əməkdaşlığa, uzaqgörən siyasətə söykənən bu qərar haqqında məlumatlar, ölkəmizin Serbiyadakı səfirliyi tərəfindən həm Serbiyanın, həm də digər Balkan ölkələrinin KİV-lərində geniş işıqlandırılmışdır. Həmçinin bununla bağlı səfirliyə və Belqrad şəhərindəki Balkan ölkələri üzrə Azərbaycan Mədəniyyət Mərkəzinə, Azərbaycan dövlətinə, xalqına və Prezident İlham Əliyevə ünvanlanmış minnətdarlıq məktubları daxil olmaqda davam edir.

 

 

Azərbaycan.- 2011.- 9 oktyabr.- S.  4.