Azərbaycan ilə UNESCO arasında əlaqələr yüksək səviyyədədir

 

Azərbaycanın xarici işlər naziri E.Məmmədyarov Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən UNESCO-nun baş direktorunun müavini Yanis Karklinsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Xarici İşlər Nazirliyinin mətbuat xidmətində AzərTAc-a bildirmişlər ki, görüşdə ölkəmizlə UNESCO arasında əməkdaşlıq barədə ətraflı fikir mübadiləsi aparılmış və əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunmuşdur.

Nazir Elmar Məmmədyarov UNESCO-nun dünyada elm və mədəniyyətin inkişaf etdirilməsində rolunu vurğulamış və bu istiqamətdə kifayət qədər mandata sahib olan bir institut olduğunu diqqətə çatdırmışdır.

Bakıda keçirilən Beynəlxalq Humanitar Forumun dünyada elm və mədəniyyətin üzləşdiyi çağırışları cavablandırmaqda mühüm rol oynayacağı vurğulanmışdır.

 

 

Azərbaycan.- 2011.- 12 oktyabr.- S.  2.