«Multikulturalizm: nailiyyətlər və problemlər» mövzusunda maraqlı müzakirələr aparılmışdır

 

Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Multikulturalizm: nailiyyətlər və problemlər" mövzusunda bölmə iclası oktyabrın 11-də "Hilton Baku" hotelində keçirilmişdir.

Dünyanın müxtəlif ölkələrindən tanınmış alimlərin, filosofların və mədəniyyətşünasların iştirakı ilə baş tutan tədbirdə Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rusiya Dövlət Humanitar Universitetinin rektoru, "Rusiya-Azərbaycan" Cəmiyyətinin sədri Yefim Pivovar multikulturalizmin dövlət siyasətindəki rolundan danışmışdır.

Y.Pivovar Bakı Beynəlxalq Humanitar Forumunun dünyanın bir çox ölkələrinin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən mədəniyyət və incəsənət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimai xadimlər üçün təcrübə mübadiləsi aparmaq baxımından geniş imkanlar açdığını qeyd etmişdir.

Tədbirdə çıxış edənlər etnik azlıqlar, onların milli xüsusiyyətlərinin qorunub saxlanılması məsələsinə toxunmuşlar. Multikulturalizmi cəmiyyətin inkişafına təkan verən və münaqişələrin qarşısını alan amil kimi qiymətləndirən natiqlər onun mücərrəd ideya deyil, real fakt olduğunu vurğulamışlar.

Məruzəçilərin əksəriyyəti Bakı Beynəlxalq Humanitar Forumunun mədəniyyətlərarası dialoqun, multikulturalizmin yüksək səviyyədə inkişaf etdiyi bir ölkədə keçirildiyini xüsusi vurğulayaraq, Azərbaycanda olmaqlarından məmnunluqlarını ifadə etmişlər.

İclasda diqqət yetirilən mövzulardan biri də məhz multikulturalizmin Azərbaycan modeli məsələsi olmuşdur. Qeyd edilmişdir ki, ölkəmizdə müxtəlif dinlərə, millətlərə, etnik azlıqlara məxsus xalqlar sülh və əmin-amanlıq şəraitində yaşayır. Dövlət onlara öz adət-ənənələrini, dillərini qoruyub saxlamaq üçün bütün şəraiti yaratmışdır. Azərbaycandakı mövcud tolerantlığın bütün dünyaya nümunə olduğu qeyd edilən toplantıda ölkəmizdə etnik müxtəlifliyin qorunması üçün lazımi səylərin göstərildiyini vurğulamışlar. Qeyd edilmişdir ki, Azərbaycan bu sahədə əldə etdiyi təcrübəni hər zaman bölüşməyə hazırdır.

İlk dəfə Azərbaycana 2000-ci ildə ulu öndər Heydər Əliyevin dəvəti ilə gəldiyini xatırladan UNESCO-nun keçmiş baş direktoru Koişiro Matsuura o vaxtdan bəri ölkəmizdə bir çox müsbət dəyişikliklərin baş verdiyini vurğulamışdır. Bildirmişdir ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq QoruğuQobustan UNESCO-nun Dünya Mədəni, muğam isə təşkilatın Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına salınmışdır.

UNESCO-nun keçmiş baş direktoru multikulturalizmin inkişafının zəngin mənəvi irsin qorunması, eyni zamanda, müasir mədəniyyətin inkişafı sayəsində mümkün olduğunu diqqətə çatdırmışdır.

K.Matsuura bildirmişdir ki, Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin irəli sürdüyü çox gözəl təşəbbüsdür. Çünki XXI əsrdə bəşəriyyət müzakirəyə ehtiyacı olan bir çox problemlərlə üzləşmişdir. Ona görə də bu məsələlər humanizm nöqteyi-nəzərindən mütləq təhlil edilməlidir.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, professor Nərgiz Paşayeva multikulturalizmin tarixi haqqında məlumat vermişdir. Bildirmişdir ki, yaxın zamanlarda geniş yayılmasına baxmayaraq, bu anlayışın əslində, qədim tarixi vardır. Bunu bəşəriyyətin tarixisübut edir.

Multikulturalizmin ümumbəşəri varlığın inkişafının əsaslarından biri olduğunu deyən professor N.Paşayeva dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Yeddi gözəl", Hötenin "Qərb-Şərq divanı" əsərlərini misal çəkmişdir. Bildirmişdir ki, əvvəlki əsrlərlə müqayisədə bu gün "multikulturalizm" termini bir qədər fərqli məna daşıyır. Bu gün alimlərin əsas məqsədi cəmiyyətin daha çox ədalət, mərhəmət kimi ümumbəşəri ideyalara meyilliyini artırmağa nail olmaqdır.

Qeyd edilmişdir ki, mədəni bərabərliyin təmin edilməsi, tolerantlığın inkişafında mühüm rol oynayan multikulturalizm sivilizasiyalar arasında dialoqu gücləndirir, ayrı-seçkiliyin qarşısını alır, fərqli mədəniyyətləri təmsil edən xalqların sülh şəraitində birgə yaşayışına müsbət təsir göstərir.

Professor N.Paşayeva multikulturalizmin təbliğində bu kimi beynəlxalq tədbirlərin davamlı olaraq təşkil edilməsinin zəruriliyini vurğulamışdır.

Tədbirdə gənclərin daha həssas olduğu nəzərə alınaraq onların mədəniyyətlərarası dialoqda daha fəal rol oynamasının vacibliyi vurğulanmışdır.

Bölmə iclasında çıxış edən digər natiqlər mədəniyyətlər, sivilizasiyalarkonfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycanın son dövrlər humanitar məsələlərlə bağlı bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsini yüksək qiymətləndirmiş, Bakı Beynəlxalq Humanitar Forumunun yüksək səviyyədə təşkil edilməsinə görə Prezident İlham Əliyevə təşəkkür etmişlər.

 

Azərbaycan.- 2011.-12 oktyabr.- S.  3.