Bəşəriyyət mövcud ehtiyatlardan qənaətlə istifadə etməyə başlamalıdır

 

İnkişaf, qloballaşma, Yer kürəsinin ehtiyatlarına qənaət, demoqrafik böhran - bütün bu məsələlər Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində keçirilən "Elmlərin konvergensiyası" panel iclasında müzakirə mövzuları idi.

Alimlər xəbərdarlıq edirlər ki, bəşəriyyətin bugünkü inkişafı gec-tez onu çıxılmaz vəziyyətə salacaqdır. Buna görə də sivilizasiya böhranı ilə üzləşməmək üçün resurslardan istifadə məsələsi keyfiyyətcə yeni səviyyəyə çatdırılmalıdır. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov qeyd etmişdir ki, elmlərin konvergensiyası müxtəlif elmi biliklərin sintezidir. İnformasiya texnologiyaları və nanotexnologiyalar bu qəbildəndir. M.Kərimovun sözlərinə görə, bəşəriyyətin bugünkü tərəqqisi böhranların aradan qaldırılmasının yeni yollarını axtarmaq zərurətini əsaslandırır, bu da öz növbəsində problemin humanitar aspektinin aktuallığını şərtləndirir.

Rusiyadakı "Kurçatov İnstitutu" Elmi-Tədqiqat Mərkəzinin direktoru Mixail Kovalçukun fikrincə, bəşəriyyət sistemli böhrana doğru irəliləyir: resurslar uğrunda mübarizə gedir. Müasir aləmdə münaqişələrin sayının get-gedə artması da bununla izah edilir. Alimin sözlərinə görə, insan təbiətin malik olduğu hər şeyi onun əlindən almağa çalışır, bu isə təbiətə münasibətdə antaqonizmdir. Lakin alim əmindir ki, çıxış yolu vardır. M.Kovalçuk demişdir: "Texnosfera yaratmaq lazımdır. Bəşəriyyət təbiətin tərkib hissəsinə çevrilməlidir, çünki təbiət özlüyündə resursların ən qənaətcil istifadəçisidir. Baxın, insan günəş batareyalarını məhz təbii modellər əsasında yaratmışdır, lakin indi bu texnologiya insanın tələbatını təmin etmir. Biz zavodların, maşınların, başqa enerji istehlakçılarının işləməsi üçün daha çox enerji istəyirik. Əslində, insan enerji daşıyıcılarından tamamilə asılı vəziyyətdədir. Lakin əgər biz resurslardan təbiətə oxşar şəkildə istifadə etməyə başlasaq insan bu asılılıqdan azad ola bilər".

Akademik Yevgeni Velixovun fikrincə, qloballaşma da elmlərin konvergensiyasıdır. Onun sözlərinə görə, qloballaşma, əslində, elə konvergensiya deməkdir. Akademik demişdir: "Əvvəllər insanlar özləri istədiyi kimi yaşayırdılar, indi isə bütün cəmiyyətlər birləşir, birgə yaşayırlar".

Fəlsəfə elmləri doktoru Əli Abbasov sivilizasiyanın tərəqqisinin humanitar aspektini vurğulayaraq bildirmişdir ki, inkişaf təbiətin resurslarından keyfiyyətli istifadə deməkdir.

Azərbaycan aliminin fikrincə, konvergensiya elmlərin qovuşması və bir-birini qarşılıqlı zənginləşdirməsi deməkdir. Onun sözlərinə görə, müasir dövrdə bəşəriyyət bir dilemma qarşısındadır: o, insanın özünü, yoxsa insanı əvəz edə biləcək texnologiyaları inkişaf etdirmək variantları arasında seçim etməlidir.

Bəşəriyyətin inkişafının həddi resurslarla deyil, biliklərlə müəyyən edilir. Bu fikrin müəllifi rusiyalı alim Sergey Kapitsadır. O, belə hesab edir ki, sivilizasiyanın böhranı resursların çatışmaması ilə deyil, biliklərin böhranı ilə əlaqədardır. İndi əsas məsələ bu resursları düzgün bölüşdürməkdir.

S.Kapitsa deyir ki, hazırda bəşəriyyət demoqrafik inqilab kimi böhranlı dövr keçirir. S.Kapitsa demişdir: "İndi dünya əhalisinin sayının sabitləşməsi dövrünü yaşayırıq. Bu say 11 milyard səviyyəsində olmalıdır. Bu proses hər qadına düşən uşaqların orta sayının kəskin azalması, ailə və mədəniyyət böhranı ilə müşayiət olunur. Gənc nəsil sürətlə qocalmaqdadır, əlli ildən sonra gənclərin sayı kəskin şəkildə azalacaqdır".

Panel sessiyasında Litva, İranİtaliyadan gəlmiş alimlərin məruzələri də dinlənilmişdir.

 

Azərbaycan.- 2011.-  12 oktyabr.- S. 4.