Beynəlxalq «Caspian Air Cargo» sammitində aviasiyanın perspektivləri müzakirə olunmuşdur

 

Oktyabrın 11-də Heydər Əliyev Beynəlxalq Aeroportunun "Şeraton" hotelində "Silk Way" aviaşirkəti və "Evroaviainternasional" "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə birgə "Yük aviadaşımaları" mövzusunda "Caspian Air Cargo Sammit 2011" Beynəlxalq sammiti keçirmişlər.

AzərTAc xəbər verir ki, aviadaşımalar bazarının əsas liderlərini Bakıya cəlb edən yük aviadaşımaları üzrə Xəzər sammiti öz miqyasına və müzakirə edilən məsələlərin geniş əhatəliliyinə görə regionda ən möhtəşəm aviasiya tədbirlərindən biridir.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirmişdir ki, Bakıda açılan sayca 4-cü sammitin məqsədi yük aviasiya sənayesinin gələcəyini müzakirə etməkdir. Tədbirdə 20 ölkənin 200-dən çox təmsilçisinin iştirak etməsi sammitin əhəmiyyətindən və populyarlığından xəbər verir.

Diqqətə çatdırılmışdır ki, zəngin enerji resurslarına malik dövlət kimi Azərbaycan müstəqil xarici siyasət kursu yürüdür. Regionun lider ölkəsi olan respublikamız artıq təkcə özünün deyil, bütövlükdə bölgənin Avropaya, eləcə də onun enerji təhlükəsizliyi sisteminə qoşulmasına çalışır. Xəzərin, xüsusilə Azərbaycanın enerji ehtiyatlarının Avropa üçün əsas alternativ enerji mənbəyinə çevrilməsi rəsmi Bakının mövqelərini və Qərb ilə əməkdaşlığını daha da möhkəmləndirir. Enerji təhlükəsizliyi Avropaya inteqrasiya yolunu seçən Prezident İlham Əliyevin xarici siyasət konsepsiyasının təməl prinsiplərindəndir.

Vurğulanmışdır ki, bir çox dünya ölkələri iqtisadi böhranla üzləşdikləri halda, Azərbaycan iqtisadiyyatı yüksək inkişaf tempinə nail olmuşdur. Aviasiya sahəsində də müsbət irəliləyişlər baş vermişdir. Təəssüflər olsun ki, dünyanın əksər tanınmış aviasiya şirkətləri böhrandan yan keçə bilməmişlər. Buna görə də yalnız yaxın əməkdaşlıq şəraitində bu problemi aradan qaldırmaq mümkündür.

Mülki aviasiya bu il özünün 74 yaşını qeyd edəcəkdir. Azərbaycan böyük qürurla aviasiya sahəsində qazandığı uğurlarla fəxr edir. Son 2 ildə Azərbaycan aviasiyası potensialını daha da gücləndirmişdir. Qısa müddətdə xeyli iş görülmüşdür. Bu sıradan Azərbaycanın uçuşların təhlükəsizliyi ilə bağlı Avropa standartlarını qəbul etməsi böyük əhəmiyyət daşıyır. Yaxın gələcəkdə uçuşların coğrafiyasını genişləndirmək, o cümlədən Şimali Amerikaya uçuşların sayını artırmaq, sərnişinlərə servis xidmətinin keyfiyyətini yaxşılaşdırmaq ölkə aviatorlarının başlıca məqsədlərindən biridir.

Yük Aviadaşıyıcılarının Beynəlxalq Assosiasiyasının (TİAKA) prezidenti Maykl Sten son illər aviasiya sahəsində yaranmış çətinliklər və əldə olunan nailiyyətlər barədə söz açmış, təyyarə istehsalında yeni texnologiyalardan istifadənin zəruriliyini vurğulamışdır. Onun sözlərinə görə, təmsilçisi olduğu "Cargolux" şirkətinin təyyarələrinin rəqabətə davamlı olması üçün müəyyən tədbirlər görülür. Bu baxımdan havaya atılan tullantıları azaltmaq, təyyarələrin uçuş təhlükəsizliyini təmin etmək və s. şirkətin qarşısında duran əsas vəzifələrdəndir.

M.Sten statistik rəqəmlərə müraciət edərək sərnişin və yükdaşıma sahəsində şirkətin qazandığı uğurlar barədə ətraflı məlumat vermişdir. Yaponiya, Çin və Rusiya bazarlarının yükdaşıma üçün daha cəlbedici olduğunu söyləyən M.Sten həmçinin Azərbaycanın "Silk Way" aviaşirkətinin yükdaşıma sahəsində qazandığı nailiyyətləri yüksək dəyərləndirmişdir.

Tədbirdə məruzə edən xarici aviaşirkətlərin təmsilçiləri aviasiyada yükdaşıma sahəsində qabaqcıl texnologiyaların tətbiqindən danışmış, perspektivlər barədə fikir mübadiləsi aparmışlar.

 

 

Azərbaycan.- 2011.- 12 oktyabr.- S.  9.