«Sərhədlər üzərindən əlaqələrin qurulması» adlı beynəlxalq konfransda bir sıra vacib məsələlər müzakirə olunmuşdur

 

Oktyabrın 11-də Milli Məclisdə GUAM Parlament Assambleyası və Baltik Assambleyasının "Sərhədlər üzərindən əlaqələrin qurulması" mövzusunda birgə təşkil etdikləri beynəlxalq konfransın yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, Azərbaycanın GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elton Məmmədov bildirmişdir ki, konfrans həm GUAM, həm də Baltik ölkələri üçün böyük əhəmiyyət kəsb edir.

 Qeyd olunmuşdur ki, konfransda 4 məsələ - enerji bazarının inkişafı, dəyişən geosiyasi vəziyyətdə təhlükəsizlik, Avropaya inteqrasiya, elmi əməkdaşlıq və nanotexnologiyalar mövzularında müzakirələr aparılmış və yekun qətnamə qəbul edilmişdir.

Bildirilmişdir ki, belə tədbirlər tərəflər arasında gələcək əməkdaşlığın inkişafına xidmət edir.

 Baltik Assambleyasının vitse-prezidenti Yanis Reirs əlavə etmişdir ki, qəbul olunmuş yekun qətnamədə konfrans iştirakçılarının və beynəlxalq ictimaiyyətin GUAM ölkələri ərazisindəki münaqişələrin sülh yolu ilə həllini və dövlətlərin ərazi bütövlüyünü dəstəkləməsi məsələsi də əksini tapmışdır. O, GUAM ölkələrinin Avropaya inteqrasiyası istiqamətində nəzərdə tutulan tədbirlər barədə də məlumat vermişdir.

Çıxış edən GUAM PA-nın sədri, qurumdakı Moldova nümayəndə heyətinin rəhbəri Anatoli Dimitriu vurğulamışdır ki, yaxın vaxtlarda GUAM-ın büro iclası keçiriləcək və bu iclasda iştirakçı dövlətlərlə bağlı zəruri məsələlər müzakirə olunacaqdır.

Sonra jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Azərbaycan.- 2011.- 12 oktyabr.- S.11.