Avstriyanın birinci xanımı Bakıda yeni tikilmiş sinaqoqla tanış olmuşdur

 

 Oktyabrın 12-də Avstriya Respublikasının birinci xanımı Margit Fişer Bakıda yeni tikilmiş sinaqoqda olmuşdur.

Qonağı Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov qarşılamışdır.

S.İxiilov Avstriyanın birinci xanımının sinaqoqu ziyarət etməsindən məmnunluğunu ifadə edərək hörmətli qonağa icmanın fəaliyyəti, Bakıda yəhudilər üçün yeni ibadət evinin tikilməsi və yaradılan şərait barədə məlumat vermişdir. Bildirilmişdir ki, dağ yəhudiləri təkcə Bakıda deyil, Azərbaycanın bir sıra bölgələrində məskunlaşmışlar və digər konfessiyalar kimi, onlar da əmin-amanlıq, mehribanlıq və dostluq şəraitində yaşayırlar.

Qeyd olunmuşdur ki, Azərbaycanda yəhudilərin sərbəst ibadət etmələri, özlərinin milli adət-ənənələrini qoruyub saxlamaları üçün hər cür şərait yaradılmışdır. Paytaxt Bakıda tikilmiş yeni sinaqoq bunun əyani təsdiqidir.

Görüşdə Avstriyanın birinci xanımı və nümayəndə heyətinin üzvlərini maraqlandıran suallar cavablandırılmışdır.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunmuşdur.

 

 

Azərbaycan.- 2011.-13 oktyabr.- S., 7.