Avstriyanın birinci xanımı İçərişəhərin gözəlliyinə heyran qalmışdır

 

Oktyabrın 12-də Avstriya Respublikasının birinci xanımı Margit Fişer İçərişəhərlə tanış olmuşdur.

AzərTAc xəbər verir ki, əvvəlcə qonaq Kiçik karvansaradakı Azərbaycan təsviri və dekorativ-tətbiqi sənət mərkəzində - "İncəsənət bağı"nda nahar etmişdir.

Daha sonra Cümə məscidi, XVII əsrə aid ikimərtəbəli karvansara və burada fəaliyyət göstərən Muğam Teatrı ilə tanışlıq hörmətli qonaqda xoş təəssürat yaratmışdır.

Avstriyanın birinci xanımı Qız qalası və "Xanəgah" kompleksi ilə də tanış olmuşdur.

Qız qalasına qalxan Margit Fişerə məlumat verilmişdir ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş bu qala XII əsrdə bərpa edilmişdir. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir. Hazırda Qız qalasının muzey konservasiyası işlərinə başlanılmışdır.

Elektromobillə gəzinti zamanı qonağa UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri var və bunlar qorunub saxlanılır.

Kiçik Qala küçəsi ilə davam edən gəzinti zamanı Margit Fişer təndir çörəyinə qonaq edilmişdir.

Gəzinti zamanı qonaq orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bugünə qədər öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.

Xanım Margit Fişer İçərişəhərin gözəlliyinə heyran qaldığını demişdir.

Azərbaycan paytaxtının qədim guşəsi ilə tanışlıqdan xatirə olaraq qonağa hədiyyə təqdim edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-  13 oktyabr.- S. 7.