Sənətşünas alim Kərim Kərimovun 90 illiyinə həsr edilmiş sərgi açılmışdır

 

 Oktyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında görkəmli alim, milli sənətşünaslıq məktəbinin yaradıcılarından biri, AMEA-nın müxbir  üzvü, sənətşünaslıq doktoru, professor Kərim Kərimovun anadan olmasının 90 illiyinə həsr edilmiş sərgi açılmışdır.

Tədbirdə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli çıxış edərək K.Kərimovun mənalı ömür yolundan və zəngin yaradıcılığından danışmışdır.

Bildirmişdir ki, K.Kərimovun elmi fəaliyyəti  Azərbaycan təsviri sənət tarixinin yaradılması, orta əsr miniatür sənətinin araşdırılması, Azərbaycanın  bir çox sənət əsərlərinin və sənətkarlarının aşkar edilməsi və ilkin tədqiqi işinə həsr edilmişdir. Təbriz və Qəzvin miniatür məktəblərinin kəşfi və  elmi araşdırılması, onların yaxın və Orta Şərq incəsənətinə təsirinin öyrənilməsi K.Kərimovun adı ilə bağlıdır. O, Beynəlxalq Gözəl Sənətlər Akademiyasının həqiqi üzvü seçilmiş, mədəniyyət abidələrinin qorunması və bərpası metodiki şurasının və digər şura və komissiyaların üzvü olmuş, "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.

Sonra tədbir iştirakçıları Mərkəzi Elmi Kitabxana tərəfindən təşkil olunmuşalimin elmi yaradıcılığını əks etdirən sərgi ilə tanış olmuşlar.

Sərgidə alimin həyat və yaradıcılığını, elmi nailiyyətlərini əks etdirən virtual görüntülər, Azərbaycan dilində  xarici dillərdə nəşr olunmuş 100-dən çox kitab, monoqrafiya, məqalə və fotomateriallar nümayiş olunur.

Sərgi oktyabrın 30-dək davam edəcəkdir.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.-13 oktyabr.- S.  16.