Qarşılıqlı səfərlər və aparılan danışıqlar Azərbaycan-Türkiyə əlaqələrinin daha yüksək səviyyəyə çatmasına təkan verir

 

Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının milli müdafiə naziri İsmet Yılmaz oktyabrın 13-də Baş nazir Artur Rasizadə ilə görüşmüşdür.

Baş nazir demişdir ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq əlaqələri bütün sahələrdə, o cümlədən hərbi sahədə daim inkişaf edir. Türkiyə Azərbaycanda ordu quruculuğuna daim dəstək göstərmişdir. İnanırıq ki, sizin bu səfəriniz, aparılan danışıqlar və qəbul olunmuş qərarlar münasibətlərimizin daha yüksək səviyyəyə çatmasına təkan verəcəkdir.

Baş nazir demişdir ki, dünyada gedən proseslər bizim daha güclü olmağımızı tələb edir və biz buna nail olmalıyıq.

İsmet Yılmaz göstərilən qonaqpərvərliyə və xoş sözlərə görə Azərbaycan hökumətinin başçısına minnətdarlığını bildirmiş, Türkiyənin Baş nazirinin salamlarını Artur Rasizadəyə çatdırmışdır.

Azərbaycana əvvəlki səfərlərini xatırladan qonaq Bakıda müşahidə etdiyi inkişafı yüksək qiymətləndirmişdir.

Türkiyənin milli müdafiə naziri Azərbaycanın dövlət müstəqilliyinin 20-ci ildönümü münasibətilə Baş naziri və xalqımızı təbrik etmişdir. Görüşdə Azərbaycan ilə Türkiyə arasında əlaqələrin bütün sahələrdə inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 14 oktyabr.- S. 2.