«Müstəqil Azərbaycan-20 il: dövlət ailə, qadın və uşaq siyasəti» mövzusunda elmi-praktiki konfrans keçirilmişdir

 

 Oktyabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Müstəqil Azərbaycan-20 il: dövlət ailə, qadın və uşaq siyasəti" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Əsas məqsədi müstəqilliyimizin bərpasından ötən 20 ildə dövlətimizin apardığı ailə, qadın və uşaq siyasətinin təhlili, müvafiq sahələrdə mövcud problemlər və onların həlli yollarının müzakirəsi olan konfransda dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.Tədbirdə Azərbaycan Respublikasının himni səslənmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə aparılan gender siyasətinin ugurlu nəticələrindən danışmışdır. Bildirmişdir ki, Azərbaycan tarixinin ən şərəfli dövrü müstəqilliyimizin yenidən bərpa olunmasıdır. Müasir  müstəqil Azərbaycanın banisi və qurucusu ümummilli lider Heydər  Əliyev ölkəni sürətli inkişaf yoluna çıxarmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin aparıcı dövlətinə çevrilmişdir.

H.Hüseynova Azərbaycanda qadınların qərar qəbuletmədə və hakimiyyət orqanlarında iştirakının getdikcə artdığını diqqətə çatdırmışdır. Milli Məclisdə qadın deputatların sayı ötən çağırışla müqayisədə on dörddən iyirmi nəfərə çatmışdır. Bələdiyyə orqanlarında qadınların təmsilçiliyi 4 faizdən 25 faizə yüksəlmişdir.

Konfransda Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov cıxış edərək dövlət qadın siyasətindən danışmışdır. Azərbaycanda qadın siyasətinin tarixinə nəzər salan şöbə müdiri bildirmişdir ki, hər bir dövlətin qadına münasibətdə öz meyarları vardır. Azərbaycan xalqının qadına münasibətdə yüksək dəyərləri vardır. Bu dəyərlər tarixin dərin qatlarından gəlir. Onu inkişaf etdirmək, müasir ənənələrlə zənginləşdirmək dövlətimizin qarşıya qoyduğu əsas vəzifələrdən biridir.

Qadının cəmiyyətdə rolu məsələsinə toxunan Əli Həsənov demişdir ki, bu mənada qadın cəmiyyətin əsas dayaqlarından biridir. Hazırda qadınlar Azərbaycanın ictimai-siyasi və humanitar həyatında mühüm rol oynayırlar. Ona görə də qadının fəaliyyətini ailə, uşaq tərbiyəsi ilə məhdudlaşdırmaq düzgün deyildir.

Azərbaycan tarixinə nəzər salsaq görərik ki, cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak etmişlər. Bu, Manna, Atropatena dövlətlərində, tariximizin Səlcuqlar dövründə, Səfəvilər dövlətində belə olmuşdur. Ancaq Azərbaycanda milli qadın siyasəti tariximizin şanlı səhifəsi olan Xalq Cümhuriyyəti dövründə dövlət statusu almışdır. Müsəlman Şərqində qadına seçmək və seçilmək hüququnun verilməsi tarixi nailiyyətdir. Bununla da nəinki Şərqdə, hətta bir çox Avropa ölkələrində də, ABŞ-dan əvvəl qadına cəmiyyət həyatında siyasi proseslərə qoşulmaq hüququ verilmişdir.

Azərbaycan Prezidenti Administrasiyasının rəsmisi qeyd etmişdir ki, milli qadın siyasətinin təməli məhz üç mənbədən gəlir. İslam mənbəyindən qadına müqəddəs yanaşma, türkçülükdən gəlmə mərdlik, qəhrəmanlıq. Nəhayət, Xalq Cümhuriyyəti dövründə qadın siyasətinin rəsmiləşdirilməsi və onun sovet dönəmində daha da təkmilləşdirilməsi prosesi baş verdi. Sovet hakimiyyətinin 70 ili ərzində Azərbaycanın iqtisadi-siyasi, elmi- mədəni və ictimai həyatında qadınların yüksək intellekti formalaşdı. Bu gün bu zalda əyləşən insanların böyük əksəriyyəti məhz sovet dövründə təhsil almış, ictimai-siyasi həyata qatılmış, cəmiyyətimizin formalaşmasında fəal iştirak etmiş xanımlardır.

Müstəqilliyini yenidən bərpa edəndən sonra Azərbaycanın üzləşdiyi faciələrin qadınların da həyatında dərin iz buraxdığını söyləyən Əli Həsənov demişdir ki, ümummilli liderimiz Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıdandan sonra ölkə həyatının bütün sahələrində inkişafın təməli qoyuldu. Ulu öndər bəyan edirdi ki, Azərbaycan dövlətinin varlığının əsasında qadınlar dayanır və qadınlar cəmiyyət quruculuğunda kişilərlə bərabər iştirak etməlidirlər. Dövlət siyasətində və digər sahələrdə qadınlar tarixi köklərimizdən gələn mənəvi dəyərləri mühafizə edib yaşatmalı, müasirləşməli, həm də dünyanın mövcud dəyərlərindən kənarda qalmamalıdırlar.

1993-cü ildən bəri Azərbaycan qadınlarının cəmiyyətə inteqrasiyası siyasəti, ailələrin milli-mənəvi dəyərlərə müvafiq şəkildə qorunması, qadınların məsul vəzifələrdə irəli çəkilməsi prosesi  uğurla davam etdirilir. Bu siyasət Prezident İlham Əliyevin hakimiyyəti dövründə daha yeni çalarlar qazanmışdır. Bu gün Azərbaycanın elmində, təhsilində, mədəniyyətində, səhiyyəsində, ictimai-siyasi həyatında, dövlət qulluğunda qadınların sayı xeyli çoxdur. Bu siyasət davam etdiriləcəkdir.

Professor Əli Həsənov demişdir ki, Azərbaycan qadınlarının ictimai həyatda rolu bu gün Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı  Mehriban xanım Əliyevanın fəaliyyətində təmsil olunur. Azərbaycan dövləti belə qadınlarla fəxr edir. Dövlət siyasətinin əsas istiqamətlərindən biri də ondan ibarətdir ki, xanımlarımız getdikcə fəallaşsın, ictimai-siyasi həyatda yaxından iştirak etsinlər.

Milli Məclis Sədrinin müavini Bahar Muradova, İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə və Milli Məclisin deputatı Gülçöhrə Məmmədova çıxış edərək müstəqillik illərində dövlətimizin ailə, qadın və uşaq siyasətinin həyata keçirilməsi istiqamətində görülmüş işlər, perspektiv planlar barədə danışmışlar. Bildirilmişdir ki, ölkəmizdə dövlət quruculuğu prosesində və ictimai həyatda qadınlarla kişilər bərabər hüquqa malikdirlər. Azərbaycan qanunvericiliyində gender siyasətinin mükəmməl hüquqi bazası yaradılmışdır.

 

 

Azərbaycan.- 2011.-14 oktyabr.- S.  2.