Xoşbəxt nəsil

 

Biz iyirmi ildir ki, müstəqil ölkəmizdə yaşayırıq. Bu faktın arxasında böyük tarixi məna durur. İyirmi il bir nəsil sayılır. 1990-1992-ci illərdə doğulan gənclər artıq Azərbaycan ordusunda hərbi xidmət keçib,  ölkəmizin universitetlərini bitirib, hətta dünyaya övladlar gətiriblər. Onlar xoşbəxt nəsildirlər: azad, müstəqil və yeni Azərbaycandan başqa heç nə görməyiblər. Azərbaycan məktəbində oxumaq, ana dilli orduda xidmət etmək, müstəqil Azərbaycanın himnini eşitmək, onun dalğalanan bayrağını hər yerdə görmək bu gənslər üçün adilikdir.

Həmin adiliyin arxasında xalqımızın nəsil-nəsil apardığı azadlıq mübarizələri durur. Bu mübarizələr Şah İsmayıl Xətainin vaxtından başlanır və böyük vətəndaş Heydər Əliyevin fəaliyyəti ilə tamamlanır. Bu mübarizələrin beş əsr tarixi var. Körpə Xətaini qoruyan Azərbaycanın tayfa başçıları, ağıllı feodallar bizim müstəqillik mücadiləmizin ilk qaziləri idilər. Onların çoxu Şah İsmayıl Xətainin qalib ordusunda qədim torpaqlarımızı qoruyub toplamaq yolunda həlak oldular. Xətai özü də böyük planlarını tamamlamamış həyatdan getdi. Onun dövlətinin qardaş Osmanlı ordusu ilə müharibələri müsəlmanlara düşmən olan  qüvvələrin məkrli fitnəkarlığının nəticəsi idi. Lakin Şah İsmayıl Xətainin yaratdığı dövlətin tarixi xidmətləri heç zaman xalqımızın yaddaşından və taleyindən silinmədi. Xalq öz tarixi ərazilərini tanıdı, Məşhəddən Bağdada qədər Azərbaycan türkcəsinin işləkliyini bildi. Xətai zamanında biz öz gücümüzü gördük, dost və düşmənlərimizi tanıdıq. Xətainin qurduğu dövlət bir də öz xalqına birlik dərsi verdi, dinimizin də  qılıncımız qədər bir silah olduğunu ortaya qoydu.

Xətai dövründən bizə yadigar qalan dəyərlərdən ən mühümü anadilli sözün ictimai və bədii gücü idi. Onun dövründə heca  vəznində qəhrəmanlıq və haqq nəğmələri oxuyan el aşıqları mənəvi tariximizdə yeni səhifə açdılar. Sözümüz və qılıncımız  qoşa qanad oldu, ana dilində bədii söz yeni vüsət tapdı. İslamın böyük dəyərləri ana dilimizin su kimi saf sözlərində və anlamlarında səsləndi. Sarı aşıq kimi el sənətkarlarımız siyasi taleyimizin bütün dönəmlərində Azərbaycan dilində ilahi və bədii sözü göz bəbəyi kimi qoruyub saxladılar.

Tam müstəqilliyə qədər xalqımız üç əsr yol keçməli oldu. Çünki tarix səhnəsi böyük dövlətlər tərəfindən zəbt olunmuşdu. Üstəlik, Allahın bizə bəxş etdiyi zəngin təbii sərvətlər də düşmənlərimizə rahatlıq vermirdi, onlar istilaçılıq yürüşlərini ardı-arası kəsilmədən davam etdirirdilər. Milli birliyimiz və düşüncəmizdə çətinliklər olurdu. Azərbaycanlı sərkərdələr yad dövlətlərin qılınc şöhrətinə xidmət edirdilər.

Nadir şahın qəfil ölümü ilə xalqımızın dövlət quruculuğu sahəsindəki böyük uğurları yenə tamamlana bilmədi. Onun ətrafındakı Azərbaycan feodalları Nadir şahın ölümündən sonra vətənimizin yerli bölgələrində yüz il dövlətçilik ənənəsini davam etdirdilər. Xanlıqlar dövrü xalqımızın siyasi inkişafında,  onun ana dilli mədəniyyətinin tərəqqisində mühüm rol oynadı.

Məhz xanlıqlar dövründə Azərbaycan feodalları ölkəni müstəqil idarə etməyə başladılar. Onların həm güclü, həm də zəif cəhətləri özünü büruzə verdi. Bu xanların siyasi təcrübəsi, diplomatik bilikləri az olsa da, onlar döyüşkən türk ruhunu, torpağa məhəbbət hisslərini, xalqa yaxınlığı saxlamışdılar. Şimaldan və Cənubdan fasiləsiz təzyiqlərə, qanlı avantüralara baxmayaraq xanlıqlar dövründə öz torpağını tanıyan, onun qədrini bilən feodal ailələri, inzibati idarəçi nəsillər yetişdi. Çar hökuməti Şimali Azərbaycanı istila edəndən sonra  xanlıqlar dövrü idarəçiliyini dağıtmağa cəsarət etmədi. Bu isə Nadir şah vaxtından olan vətənpərvər feodalların, ruhanilərin, saray xidmətçilərinin Rusiya idarəçiliyində də  qismən qalmasına imkan yaratdı. Məhz həmin ailələr müasir milli elitanın özəyini təşkil etdi.

Rusiyaya birləşəndən sonra xalqımızın itkiləri, şəhid və qurbanları çox olmuşdur. İstila ilə barışmayan, milli adət-ənənənin qorunmasını istəyən, kafirlərə nifrətlə yanaşan çoxlu adsız qəhrəmanlarımız  həyatlarını azadlıq və müstəqillik yolunda qurban verdilər. Xalqın özü də yaddelli istilaya boyun əymir, hər cür qurbanlar verməklə düşməni torpaqlarımızdan çıxarmaq istəyirdi. XIX əsrdə baş verən  Şamaxı, Şəki, Car-Balakən üsyanları bunun təsdiqi idi. İri və amansız rus imperiya qoşunları bu üsyanları qəddarlıqla yatırdılar.

XIX əsrdə çar administrasiyası öz hakimiyyətini möhkəmlətmək üçün yerli feodal ailələrinin ayrı-ayrı nümayəndələrini özünə tərəf çəkir, onların başını sığallayır, uşaqlarını rus dilində təhsilə cəlb edirdilər. Hətta saxta bəylik adı da paylayırdılar. Bu, avropalı müstəmləkəçılərin əməllərinə təqlid idi. Heç bir yadelli qoşun istila etdiyi ölkəni idarə edə bilməz. Bu ancaq yerli feodal zümrənin iştirakı, idarəçilik adətlərinin qorunması sayəsində mümkündür. Lakin müstəmləkə məmuru hər iki tərəfdən kəsici olan  alətdir. Həmin məmur istənilən vaxt öz xalqının, ölkəsinin tərəfinə keçə bilir. Ona görə çar hökuməti qulluğa götürdüyü yerli məmurların Rusiya ruhunda təhsilinə əsas diqqət yetirirdi. Bu təhsil müstəmləkə məmurunda sadə bir qənaət yaratmalı idi: müstəmləkə sistemi zəbt olunan xalqın uzaq mənafelərinə uyğundur. Çünki müstəmləkəçilər mədəniyyətsizliyi aradan qaldırır və xalqa yeni qabaqcıl mədəniyyət aşılayır.

Çar hökumətinin açdığı məktəblər rus çarına yüzlərlə sadiq məmur yetişdirdi. Amma onların içərisində A.Bakıxanov, M.F.Axundzadə, H.B.Zərdabi, M.C.Məmmədquluzadə, M.Ə.Sabir, N.Nərimanov kimi ziyalılar da yetişdi. Onlar Avropa və rus maarifçılərinin azad insan və milli tərəqqi barədə ideyalarını mənimsədilər və xalqımız arasında yaymağa başladılar. Azərbaycanda maarifçilik ideologiyasının genişlənməsi xalqın tarixində, mənəvi tərəqqisində bir mərhələ idi. Bu ideologiya xalqın milli və sosial tərəqqisinin istiqamətini düzgün göstərirdi. Maarifçiliyin bir mühüm xidməti  də milli tale və tərəqqi ideyalarını yayması idi. Qabaqcıl xalqların mədəniyyətini və elmini öyrənən, onların həyatını müşahidə edən  ziyalılar öz doğma xalqlarını digər xalqlarla müqayisə etməklə yeni qənaətlərə gəlirdilər.

Bu qənaətlərdən ən mühümü  Azərbaycanın iqtisadi, siyasi və mədəni geriliyi idi, dünyaya qapalı olan ölkə kimi qalması idi. "Əkinçi", sonra isə "Molla Nəsrəddin" ana dilində maarifçiliyin tribunaları oldular. Milli mətbuat Azərbaycanda ictimai rəy və xalqın düşünən beyni olan qələm ordusu yaratdı. Lakin  ölkədə qara, cahil qüvvələr də çox idi. Bu insanlar islami maarifdən dəm vurmağa başladılar, islam maarifini Avropa maarifi ideologiyasına qarşı qoydular. Onların başında Osmanlı sultanına xidmət etmək istəyən şöhrətpərəst və məhdud adamlar dururdu. Xalq Cümhuriyyəti qurulanda bu insanların hamısı "ilhaqçı" oldular və Azərbaycanın müstəqil yaşamaq üçün potensialı olmadığını iddia etdilər.

Maarifçi cildinə girən islamçıların digər böyük hissəsi çar hökuməti ilə ittifaqda olan dini məmurlar idi. Onlar milli tərəqqi yolunu real dünyada, müasirlikdə yox, keçmişdə axtarırdılar. Bu ruhanilər çar hökumətinin lazım bildiyi hər bir fitvanı soyuqqanlıqla verirdilər. Ana dilinə münasibətdə də həmin yalançı maarifçilər mürtəce mövqedə idilər, onun anlaşılmaz şəklə düşməsinə çalışırdılar.

Rusiyada yaranan bolşevik partiyası "Rusiya xalqlar həbsxanasıdır" şüarını irəli sürdü. Azərbaycan maarifçilərinin bir qismi, o cümlədən Nəriman Nərimanov və başqaları rus inqilabçılarına qoşuldular. Milli mətbuat yaranandan ziyalılar qeyri-rəsmi iki qrupa bölünmüşdülər. Bir qismi Azərbaycanın Rusiya yolu ilə, ikinci qrup isə Türkiyə yolu ilə tərəqqisinə tərəfdar idi. Azərbaycanda bolşevizmin yayılması bu ikitirəliyi aradan götürmədi.

Birinci rus inqilabı vaxtı Rusiyada mətbuat azadlığının verilməsi milli mətbuatın inkişafına, milli şüurun sürətli formalaşmasına  səbəb oldu. Mətbuat  Rusiya və Türkiyənin siyasi həyatını yaxından işıqlandırmağa başladı, bu, ziyalılar arasında siyasiləşməni gücləndirdi. Birinci dünya müharibəsi başlayan kimi Avropa dövlətlərinin Osmanlı imperatorluğunu dağıtmaq cəhdləri Azərbaycanda böyük əks-səda doğurdu, milli ovqatların, o cümlədən türk millətçiliyi ideyalarının sürətli yayılması ilə nəticələndi. Bu Azərbaycan millətçiliyinin də siyasi cərəyan kimi formalaşdığı dövr idi. Türkiyənin taleyi həmin prosesə güclü təsir göstərdi. Cəfər Cabbarlının Türkiyənin apardığı müharibələrə, türk silahının və əsgərinin tərənnümünə həsr edilən "Trablis müharibəsi", "Ədirnə fəthi" kimi əsərləri meydana gəldi və  səhnəyə qoyuldu.

Tarixi hadisələr Azərbaycan Xalq Cümhuriyyətinin meydana gəlməsi üçün bütün şərtləri yaratdı və 1918-ci ilin 28 mayında Cümhuriyyət elan edildi, onun bəyannaməsi yeni dövlətin ərazisini də göstərdi. Ərazı mübahisələri Azərbaycana Rusiya imperiyasından miras qalan bir məsələ idi. Rusiya işğal etdiyi əraziləri quberniyalara bölmüşdü. Onların sərhədləri azərbaycanlıların tarixən yaşadığı ərazilərlə üst-üstə düşmürdü. İstiqlal bəyannaməsi ilə birgə Azərbaycan Borçalıda azərbaycanlıların yaşadığı şimal ərazilərini itirdi. Həmin vaxtda Zəngəzur torpaqlarının bir hissəsi Meğri məntəqəsi ilə birgə Ermənistana güzəşt edilmiş oldu.

Azğın erməni millətçiləri bununla kifayətlənmədilər və vətənimizin bir sıra tarixi torpaqlarına iddialarını davam etdirdilər. Xalq Cümhuriyyəti hökumətinin ağır siyasi vəziyyətdə Ermənistanla sərhəd müharibəsi aparması bunun nəticəsi idi. Sovetləşmədən sonra isə 1922-ci ildə Moskvanın təzyiqi ilə Azərbaycan ərazisində 20 min erməni üçün Dağlıq Qarabağ Müxtar Vilayəti təşkil edildi. Azərbaycanın iqtisadi və siyasi mərkəzi olan Şuşa şəhəri də bu əraziyə salındı. Bu, Azərbaycanın suverenliyinə qarşı yaradılmış tələ idi.

Tarix Azərbaycan Xalq Cümhuriyyətinə qısa bir ömür verdi: cəmi 23 ay! Lakin bu qısa vaxtda xalqımız yeni tarixi dövrdə görmədiyi sınaqlardan çıxmalı oldu. Şimaldan Rusiya, Cənubdan İran, Qərbdən Ermənistan bu dövləti məngənə kimi sıxırdı. Türk islam ordusu rəsmi olaraq  Azərbaycandan çıxandan sonra ingilis qoşunları ölkənin suverenliyini kobud şəkildə pozur, Bakı neftini havayı daşımağa çalışırdı. Ermənipərəst Baki Sovetinin tör-töküntüləri Həştərxana toplaşıb Bakını yenidən tutmaq üçün Moskvanın əmrini, şəraitin yetişməsini gözləyirdilər.

 Allah Xalq Cümhuriyyətinin banilərinə rəhmət eləsin: onların mübarizəni davam etdirmək üçün əzmləri, kompromis ustalığı, dövlətə sədaqətləri kifayət qədər idi. Bu insanlar sona qədər durdular və müstəqil Azərbaycan dövlətini saxlamaq şərti ilə hakimiyyəti  Rusiya dövlətinə deyil, Azərbaycan bolşeviklərinə  təhvil verdilər. Sonraki hadisələr göstərdi ki, Azərbaycan bolşevikləri müstəqil siyasi qüvvə deyillər. Bunlar bir-biri ilə intriqa aparan xırda adamlar idilər. Ona görə yeni yaradılan Azərbaycan Xalq Komissarları Soveti butaforik bir orqan oldu: əsl hakimiyyət isə XI Qızıl Ordunun siyasi şöbəsində idi. Komissarlar Sovetinin bütün qərarları əvvəlcə məxfi üçlükdə müzakirə edilirdi. Bu üclük isə Mirzə Davud Hüseynov, Əliheydər Qarayev və  Nəriman Nərimanovdan ibarət idi. Burada N.Nərimanovun bütün təkliflərinə qarşı çıxırdılar: məqsəd isə Moskvanın gözündə sadiq bolşevik imici almaq, ermənilərin Nərimanov barədə millətçi damğasını doğrultmaq idi. N.Nərimanovu təcrid edən gənc bolşevik dəstəsi Bakıda əsl hakimiyyətin erməni-rus blokuna məxsus olduğunu gözəl anlayır və onlarla ittifaqda olmağa çalışırdılar. Bu, "Yaşasın müstəqil Azərbaycan Sosialist Respublikası!" şüarının müəllifi olan Nəriman Nərimanovun və xalqımızın faciəsi oldu.

Nəriman Nərimanov nə istəyirdi? O, Moskvanın daşıyıb apardığı neftdən Azərbaycan Respublikasının ehtiyacları üçün fond yaradılmasını tələb edirdi. Partiya və sovet orqanlarında azərbaycanlıların vəzifələr tutmasını, neft sənayesində çalışan fəhlələr arasında azərbaycanlıların sayının artırılmasını istəyirdi. O, bütün dövlət orqanlarında Azərbaycan türkcəsinin dövlət dili kimi məcburi işlədilməsi barədə dekret vermişdi. Görkəmli dövlət xadimi azərbaycançılıq şüurunun yorulmaz təbliğatçısı idi. Amma cavan bolşeviklər və ermənilər N.Nərimanovun milli işlərini sabotajla qarşılayır, onun millətçi olması barədə Moskvaya donoslar yollayırdılar. Lakin N.Nərimanov Bakıda işlədiyi qısa vaxtda Azərbaycan bolşevik partiyasında öz milli fraksiyasını formalaşdırdı, maarif və mədəniyyət quruculuğunda misilsiz işlər gördü. 1937-ci ildə Nərimanovun himayə etmiş olduğu bütün rəhbər işçıləri güllələdilər. Onun adı 1956-cı ilə qədər qadağan edildi və millətçilik simvolu sayıldı.

1969-cu ildə hakimiyyətə gələn Heydər Əliyev Bakının ən hündür yerində Nəriman Nərimanova əzəmətli heykəl qoydurdu. Bu, təkcə ulu öndərin N.Nərimanova məhəbbətindən irəli gəlmirdi. Əsas səbəb bu görkəmli dövlət başçısının Azərbaycan kommunist təşkilatı tarixində xüsusi yeri, siyasi platforması olan şəxsiyyət kimi tanınması ilə bağlı idi. Sonralar Heydər Əliyev məhz N.Nərimanovun üslubunda bir rəhbər olduğunu dəfələrlə sübut etdi. Bu heykəlin qoyuluşu erməni fitnəkarlığı və Moskva ilə ağır mübarizələr nəticəsində ərsəyə gəldi. Lakin Heydər Əliyev üçün məğlubiyyət anlayışı yox idi!

Azərbaycanın müstəqilliyi uğrunda mübarizələrin xüsusi tarixi mərhələsi Heydər Əliyevin adı və siyasi fəaliyyəti ilə bağlıdır. Bu mərhələyə  müstəqilliyin bilavasitə qurulması dövrü də demək olar. Azərbaycanın  müdrik dövlət adamları çox olmuşdur. Onların sırasında Heydər Əliyev ayrıca və misilsiz  mövqe  tutur. Həmin mövqe tarixin onun öhdəsinə qoyduğu missiya ilə bağlı idi: müstəqil Azərbaycan dövlətini yaratmaq! Tariximizdə Heydər Əliyev epoxasının təyinati belə idi. Tale ona Azərbaycanın müstəqilliyini hazırlamaq, bərpa etmək, sonra isə onu dönməz etmək vəzifəsi ayırmışdı!

Ulu öndərin müstəqillik uğrunda mübarizələrinin birinci hissəsi onun SSRİ dövründə  Azərbaycana rəhbərlik etdiyi illərə düşür. Həmin dövr iki baxımdan xalqın gələcəyi üçün köklü əhəmiyyət daşıyırdı.

Bunlardan birincisi, Azərbaycan Respublikasının hələ SSRİ tərkibində iqtisadi cəhətdən çiçəklənməsinə nail olmaq idi. Vətənimiz elə bir iqtisadi yüksəkliyə qalxmalı idi ki, tarixi imkan yetişdikdə öz suverenliyini iqtisadi, deməli, həm də siyasi və hərbi baxımdan qoruya bilsin.

SSRİ dövründə Heydər Əliyevin həll etdiyi ikinci məsələ  Azərbaycana əqidəcə bağlı olan idarəçi kadrlar ordusu, o cümlədən kifayət qədər hərbi kadrlar ərsəyə gətirmək idi.

Tarix Heydər Əliyevin bu iki strateji istiqamətə hələ SSRİ şəraitində əhəmiyyət verməsinin nə qədər doğru və uzaqgörən olduğunu təsdiqlədi. Bu iki şərt olmadan  iyirmi il əvvəl qurulan müstəqil Azərbaycan Respublikası öz suverenliyini, siyasi və iqtisadi müstəqilliyini qoruya bilməzdi.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbər seçilən kimi respublikanın iqtisadi, siyasi, mədəni həyatındakı  sosial-iqtisadi problemləri açıq şəkildə ortaya qoyub tənqid etdi. Bu, həmin dövrə görə çox sərt bir tənqid idi. Bu, ümummilli liderin uzaqgörən planının birinci mərhələsi idi. Heydər Əliyev qətiyyətli reformator kimi hərəkət etdi və bununla, Moskvadan çoxlu büdcə resursları tələb etmək üçün siyasi baza yaratdı. Bu resurslar olmadan ancaq neftdən ibarət olan o zamankı iqtisadiyyatı qaldırmaq, xüsusilə, kənddəki adamların iqtisadi və mədəni həyatını müasirləşdirmək olmazdı.

Bu resursları Heydər Əliyev Moskvadan konfrontasiya yolu ilə deyil,  öz diplomatik və siyasi ustalığı sayəsində  alırdı. Bu ustalıq böyük rəhbərin Bakıdan erməniləri çıxarmaq, onların siyasi təsirini aradan qaldırmaq, milli ruhlu kadrları rəhbər vəzifələrə keçirmək üçün də lazım idi. Ulu öndər bu tarixi işləri uğurla gördü.

1991-ci ilin oktyabrında Azərbaycan Respublikasının müstəqilliyi barədə Konstitusiya Aktı qəbul edildi və bu, xalqımızın siyasi həyatında tarixi fakt oldu. Amma real olaraq müstəqil Azərbaycan Respublikası sərhəd müharibəsində itkilər verir və iqtisadi cəhətdən tənəzzülə döğru gedirdi. Yalnız 1993-cü ilin yayında Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycanın müstəqilliyi dövlətin daxili və xarici siyasətinin reallığı kimi özünü büruzə verməyə başladı. Heydər Əliyev zəkasının məhsulu olan 1995-ci il Konstitusiyası dövlətimizin müstəqilliyini dönməz bir fakt kimi təsbit etdi.

Heydər Əliyev 1993-1996-cı illərdə Azərbaycanın müstəqilliyini qorumaq üçün yorulmaz fəaliyyət göstərdi. Onun neft kontraktları, "İpək yolu" layihələri çərçivəsindəki fəaliyyəti ölkəmizin, gənc respublikamızın iqtisadi müstəqilliyini təmin etdi, onun suveren xarici siyasəti üçün baza oldu. Ulu öndər xalqımızı yumruq kimi birləşdirdi, sağlam qüvvələrin köməyi ilə dövlətə qarşı bütün fitnəkar qəsdləri dəf edə bildi. Bu, müstəqilliyimizin dönməzliyinin təminatı idi.

Artıq səkkiz ildən çoxdur ki, Prezident İlham Əliyev ulu öndərin Azərbaycanın müstəqilliyinin dönməz edilməsinə yönəlmiş siyasətini uğurla davam etdirir. Ölkəmizin iqtisadı, siyasi gücü artır. Azərbaycan regionda lider dövlətə çevrilərək bütün beynəlxalq layıhələrdə uğurla istirak edir. Müstəqil respublikamızın beynəlxalq nüfuzu durmadan yüksəlir.

Bu gün respublikamızda Heydər Əliyevin quruculuq siyasəti davam edir. Bakida və regionlarda misilsiz dəyişikliklər baş verir,  şəhər və kəndlərin arxitektura görkəmi tamamilə təzələnir. İnsanların rifahı, yeni iş yerlərinin açılmaşı, yeni iqtisadi layihələrin gerçəkləşdirilməsi ölkə rəhbərinin daim diqqət mərkəzindədir.  İlham Əliyev  dünya maliyyə böhranının ölkəmizə daha az ziyan vurması üçün gərək olan bütün tədbirləri görür, sadə, sıravi vətəndaşların bu böhrandan ziyan çəkməməsinə çalışır. Nəticələr göstərir ki, dövlətimiz, cəmiyyətimiz düz yoldadır.

Ölkədə korrupsiyaya, məmur özbaşınalığına qarşı uğurlu mübarizə aparılır, qanunçuluğun və dövlət intizamının daha da möhkəmlənməsi dönmədən təmin edilir. Regionların inkişafı üçün dövlət başçısı dəqiq proqramların qəbulu barədə fərman və sərəncamlar verir. Respublikada yolların yenidən qurulması istiqamətində tarixi dəyərli işlər davam edir.

Azərbaycan Respublikası hazırda müstəqil xarici siyasət yeridir. Torpaqlarımızın 20 faizi işğal olunduğundan milli ordumuzun büdcəsi ildən-ilə artırılır və artıq Ermənistanın bütün büdcəsinə bərabərdir. Ərazilərimizin dinc yolla azad edilməsi üçün diplomatik yolla mübarizələr davam edir.

Bu gün Bakı silsilə beynəlxalq mədəni tədbirlərin mərkəzinə çevrilib. Dövlətimizin nüfuzunu artıran bu işlərdə ölkənin birinci xanımı Mehriban Əliyevanın xidmətləri çoxdur. Xalqımız onu mədəniyyətimizin qədirbilən hamisi kimi tanıyır və sevir. Ölkə Prezidenti təhsilin keyfiyyətinin artırılması üçün qəti addımlar atır.

Mədəniyyətimizin bütün sahələrinin inkişafı təmin olunur, elm, təhsil, səhiyyə obyektləri kütləvi surətdə təmir olunur və bu işlər iri miqyasda davam edir. Hər yerdə gözəl idman obyektləri tikilmişdir. Onların daha effektiv işləməsi, daha çox gənci əhatə etməsi üçün bütün tədbirləri görmək vacibdir.

Azərbaycanın müstəqilliyi dönməzdir. İndi bu müstəqilliyin maddi, iqtisadi və dövləti bazası da, həmin bazanı möhkəmlətməyə Prezidentimizin siyasi iradəsi də vardır. Bu iradə dünən də var idi, bu gün də var, sabah da olacaqdır!

 

 

Nurlana ƏLİYEVA,

YAP Qadınlar Şurasının sədri,

filologiya elmləri doktoru, professor

 

Azərbaycan.- 2011.-14 oktyabr.- S.  5.