Vətəndaş mənafeyinə xidmət edən mükəmməl iqtisadi siyasət

 

 Yeni dünya gerçəklikləri xalqın iradəsi əsasında dövlət idarəçiliyi missiyasını üzərinə götürmüş liderlər qarşısında mühüm şərtlər müəyyənləşdirir. Bu şərtlərin hansı səviyyədə dəyərləndirilməsi, ölkənin davamlı və sabit inkişafına xidmət edən uğurlu strategiyanın həyata keçirilməsi hər bir siyasi liderdən yüksək peşəkarlıq, uzaqgörənlik, ən əsası, xalqına, vətəninə dərin mənəvi bağlılıq tələb edir. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev təkamülə əsaslanan demokratik tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, müəllifi olduğu dövlətçilik irsinin davamlılığını təmin edəcək qüdrətli siyasi varis də yetişdirmişdir.

Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edən Azərbaycan yeni minilliyin başlanğıcında Heydər Əliyev ideyalarının ən layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu gələcəyə doğru inamla irəliləyir, bu yolda qarşılaşdığı müxtəlif maneələrə, çətinliklərə mətinliklə sinə gərir. 2003-cü ilin 15 oktyabr seçkilərindən ötən 8 il Heydər Əliyev siyasi kursunun diktə etdiyi sülh, sabitlik və tərəqqi yolunun alternativsizliyini sübuta yetirmiş, inam və etimad üzərində qərarlaşan, dərin elmi əsaslara söykənən sosial-iqtisadi inkişaf strategiyasının həlledici uğurlarını təmin etmişdir. Bu seçkilərdə xalqın mütləq əksəriyyətinin etimadını qazanaraq Azərbaycan Prezidenti seçilmiş cənab İlham Əliyev ötən müddətdə ümummilli liderin əsasını qoyduğu çoxşaxəli islahatları uğurla davam etdirərək yeni siyasi situasiyanın tələblərinə uyğun zənginləşdirmiş, hər bir vətəndaşın mənafeyinə xidmət edən iqtisadi siyasət həyata keçirmişdir.

Prezidentliyinin birinci dövründə ulu öndər Heydər Əliyevin banisi olduğu milli dövlətçilik ənənələrinə sadiq qalan, Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirən, onu böyük iqtisadi uğurlara qovuşduran cənab İlham Əliyevin 2008-ci ilin 15 oktyabr seçkilərindəki möhtəşəm zəfəri də obyektiv reallığa əsaslanmışdır. Azərbaycanın dinamik sosial-iqtisadi yüksəlişini təmin etmiş Heydər Əliyev siyasi kursunun davam etdirilməsi 2008-ci ilin 15 oktyabr prezident seçkilərində də cəmiyyətin həlledici çoxluğunun istəyi kimi ortaya çıxmışdır. Ölkə ictimaiyyəti uzun illərin sərt sınaqlarından çıxaraq etimad qazanmış bu siyasi kursun davamlılığının təmin olunması, hər bir fərdin mənafeyinə hesablanmış siyasi, hüquqi, sosial-iqtisadi, humanitar islahatların ardıcıl davam etdirilməsi üçün növbəti dəfə prinsipial siyasi iradə nümayiş etdirmişdir.

Xalqın dəyişməz seçimini labüd edən başlıca amillərdən biri də cənab İlham Əliyevin 2003-2008-ci illərdə xalq qarşısında götürdüyü öhdəliklərə vətənpərvər və qurucu lider əzmi ilə əməl etməsi, hər bir vədini əməli işi ilə doğrultması, bir sözlə, milli mənafelərə maksimum cavab verən siyasət yeritməsidir. "Bizim iş üslubumuz belədir: problemi müəyyən etmək, onun həlli üçün lazım olan yolları müəyyən etmək, axtarmaq və tədbirlər planı hazırlamaq. Bunu etmək üçün artıq bizim maliyyə imkanlarımız da var" - deyən cənab İlham Əliyev davamlı və tarazlı inkişafın təmin edilməsi baxımından bir sıra sahələrdə uzun illər boyu həllini gözləyən problemlərin dəqiqliklə müəyyənləşdirilməsi, habelə mövcud resursların həmin problemlərin həllinə yönəldilməsi üçün kompleks proqramların hazırlanaraq həyata keçirilməsini, icra prosesinin diqqətdə saxlanılmasını vacib saymışdır.

Prezident İlham Əliyevin dövlət başçısı olaraq bu və digər uğurlarının səbəbi heç də təkcə onun öz fəaliyyətini bünövrəsi Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm zəmin üzərində qurması ilə məhdudlaşmır. Burada ikinci mühüm amil cənab İlham Əliyevin siyasi lider kimi yeni iqtisadi münasibətlər sisteminə dərindən bələd olmasıdır. Əgər yeni ictimai inkişaf mərhələsinə keçidin birinci fazası kommunist ideologiyasından imtina edilməsini və sosialist iqtisadi münasibətlərindən bazar iqtisadiyyatına keçilməsini nəzərdə tuturdusa, ikinci mərhələ bu sinkretik ictimai-iqtisadi sistemin bazasında Qərb standartlarına uyğun islahatların davam etdirilməsini, vətəndaş cəmiyyətinə keçilməsini nəzərdə tutur. Yəni, birinci keçid dövründə sosializm cəmiyyətinin, planlı iqtisadiyyatın, kommunist ideologiyasının xüsusiyyətlərini yaxşı bilmək, yeni iqtisadi münasibətlərə sosializm dönəmində əldə olunmuş pozitiv nailiyyətlərin dağıdılmasına yol vermədən keçmək tələb olunurdusa, ikinci dövrdə bazar iqtisadiyyatının özünü yaxşı mənimsəmək, sahibkarlığın xüsusi çəkisini artırmaq, orta təbəqəni möhkəmləndirmək, vətəndaş cəmiyyətinə keçidi təmin etmək üçün sosial-iqtisadi baza yaratmaq, habelə bu irəliləyişi siyasi-hüquqi müstəvidə təsbit etmək, yeni imkanlardan maksimum səmərəli  yararlanmaq tələb olunur. Prezident İlham Əliyev məhz belə bir missiyanı üzərinə götürərək ardıcıl surətdə yerinə yetirir.

Bütün bunlara nəzərən demək olar ki, cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanın milli inkişaf modelinin formalaşması prosesi də sürətlənmişdir. Bu modelin uğurları isə qısa zamanda əldə olunmuş sosial-iqtisadi nailiyyətlərlə şərtlənir. Ötən 8 ildə milli iqtisadiyyat 3 dəfə, büdcə xərcləri 12 dəfə, hərbi xərclər 20 dəfə, valyuta ehtiyatları 18 dəfə artmışdır. Bu dövrdə Azərbaycanda maaş və pensiyalar orta hesabla 5-6 dəfə artmış, yoxsulluq 5 dəfədən çox azalaraq 49 faizdən 9,1 faizə enmiş, 950 mindən çox yeni iş yeri açılmışdır.

MDB dövlətlərinin əksəriyyətində büdcə vəsaitləri son 8 ildə təxminən 15-20 faiz artdığı halda, respublikamızda bu göstərici üzrə fərq 10 dəfədən çoxdur. Azərbaycanın illik büdcə gəlirlərində orta hesabla 30-40 faiz artım müşahidə olunmuşdur. Məsələn, əgər 2003-cü ildə büdcə gəlirləri 1 milyard 200 milyon manat təşkil edirdisə, 2004-cü ildə bu rəqəm 1 milyard 500 milyon manat, 2005-ci ildə 2 milyard 100 milyon manat, 2006-cı ildə 3 milyard 800 milyon manat olmuş, 2007-ci ildə 50 faizdən də çox yüksələrək 6 milyard manatı ötmüşdür. Qlobal böhranla müşayiət olunan 2008-2010-cu illərdə Azərbaycanın dövlət büdcəsinin 10 milyard manatı ötməsi də artım dinamikasının miqyasını əyani surətdə nümayiş etdimişdir.

Ölkənin gəlirlərinin sürətli artımı ilə əlaqədar 2011-ci ilin may ayında Milli Məclisdə dövlət büdcəsinə yenidən baxılmış, ilk dəfə olaraq Azərbaycanın dövlət büdcəsi 20 milyard ABŞ dollarını ötmüşdür. Ümumilikdə, Azərbaycan qlobal böhranın hökm sürdüyü son 3 ildə strateji valyuta ehtiyatlarını 27,2 milyard artırmışdır. 2011-ci ilin ötən 6 ayında Azərbaycanda ümumi daxil məhsul 0,9 faiz, qeyri-neft sektoru 7,2 faiz, kənd təsərrüfatı 6,2 faiz, əhalinin pul gəlirləri 17 faiz artmışdır.

2003-2011-ci illlərdə Azərbaycanın iqtisadi inkişafının əsas hədəfi, rəqabət qabiliyyətliliyinin yüksəldilməsini və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası yolu ilə uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarət olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması; qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması); hər bir regionun potensialından tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması; çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması; sahibkarlığın inkişaf etdirilməsi; sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması; yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar.

Prezident səlahiyyətlərinin icrasına başladığı ilk gündən Azərbaycan hökumətinin daha çox diqqət yetirməli olan problemləri düzgün müəyyənləşdirən cənab İlham Əliyevin 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanının əhəmiyyəti bu baxımdan xüsusi vurğulanmalıdır. İqtisadiyyatda mütərəqqi inkişaf meyillərinin daha da sürətləndirilməsi, bu prosesdə yüksək dinamizmin təmin olunması yollarının nəzəri-praktiki və konseptual əsaslarını özündə əks etdirən həmin fərman qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasından ötrü çoxsaylı dövlət proqramlarının hazırlanmasında bir növ, baza rolunu oynamışdır.

Fərmanla neft gəlirlərindən düzgün istifadəni nəzərdə tutan uzunmüddətli strategiyanın hazırlanması da mühüm vəzifələrdən biri kimi müəyyənləşdirilmişdir. Neft Fondunun vəsaitlərindən səmərəli istifadə olunmasına dövlət tərəfindən göstərilən həssas münasibətin təzahürü kimi, Azərbaycan Prezidenti İlham Əliyevin 27 sentyabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin istifadə olunması üzrə uzunmüddətli strategiya"nın əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Bu strategiyada vəsaitlərin qeyri-neft sektorunda, regionların, kiçik və orta sahibkarlığın inkişafında, yoxsulluğun azaldılması üzrə tədbirlərin həyata keçirilməsində, "insan kapitalı"nın formalaşmasında, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində və digər bu kimi istiqamətlərdə istifadə olunması nəzərdə tutulmuşdur. Bu strategiyanın imzalanması bir daha təsdiqləmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev neft sahəsində gəlirlərin idarə olunması, onlardan səmərəli istifadə, habelə şəffaflığın gözlənilməsi məsələlərinə kifayət qədər ciddiliklə yanaşır.

2003-cü ilədək respublikada müşahidə olunan dinamik iqtisadi inkişaf Bakıda və bir sıra iri şəhərlərdə qabarıq görünsə də, bölgələrdə bu prosesin nisbətən ləng getməsi nəticəsində regional tarazlığın pozulması cənab İlham Əliyevi ilk gündən qayğılandıran başlıca məsələlərdən olmuşdur. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nın təsdiq edilməsi barədə" fərmanın imzalanması, ilk növbədə, regionların qeyri-proporsional inkişafının qarşısını almağa xidmət etmişdir. Regionların 2004-2008-ci və 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində paxtaxtla bölgələrin inkişafı arasında fərq azalmış, rayonların siması dəyişmiş, insanların sosial rifah halı yüksəlmiş, mədəni-intellektual və mənəvi intibahın əsası qoyulmuşdur.

Xüsusi vurğulamaq lazımdır ki, ötən 8 ildə Prezident İlham Əliyevin iqtisadi siyasətində sosial məsələlərin həlli xüsusi yer tutmuşdur. Bu siyasət bütövlükdə cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanların yaradılmasına yönəldilmişdir. Bu reallıqlar fonunda hələ 2009-cu ilin martında ümumxalq səsverməsi yolu ilə Konstitusiyanın 12-ci və 15-ci maddələrinə edilmiş əlavələrin cəmiyyətin ən müxtəlif təbəqələrinin, xüsusən də, aztəminatlı vətəndaşların mənafeyinə cavab verdiyi aşkar görünür. Dövlətin vətəndaşlarının həyati tələbatlarının ödənilməsinə göstərdiyi qayğı özünü bilavasitə sosial təminat sistemində büruzə verir. Başqa sözlə, siyasi quruluşların hüquqi cəhətdən müxtəlifliyinə baxmayaraq, sosial təminat tədbirləri insanların həyati tələbatlarının ən azı, minimum səviyyədə ödənilməsinə xidmət edir.

Ötən 8 ildə ölkənin iqtisadi tərəqqisindən, neft strategiyasının və sahibkarlığın inkişafının uğurlu nəticələrindən əldə edilən dividendlər bilavasitə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilmişdir. Minimum əməkhaqlarının, büdcə təşkilatlarında çalışan ayrı-ayrı vətəndaş kateqoriyalarının məvaciblərinin, pensiya və müavinətlərin artırılması, sosial müdafiə sisteminin getdikcə təkmilləşdirilməsi dövlətin vətəndaşlarına olan diqqət və qayğısının bariz təcəssümüdür. Ümumiyyətlə, sosial islahatların əsas istiqamətləri əhalinin məşğulluğunun təmin edilməsindən, yeni iş yerlərinin açılması və paralel olaraq sosial müdafiəsi məsələlərində ünvanlılıq prinsipinə üstünlük verilməsindən, aztəminatlı ailələrin, əlillərin, ailə başçısını itirənlərin, şəhid ailələrinin və bu qəbildən olan digər şəxslərin pensiya və müavinət təminatının yaxşılaşdırılmasından, onların həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradılmasından ibarətdir. Sosial islahatların uğurla aparılması bu sahədə yeni, əhalinin sosial müdafiəsində keyfiyyətcə fərqli yanaşma və ənənəvi metodların təkmilləşdirilməsi baxımından müvafiq qanunvericilik aktlarının və dövlət proqramlarının qəbul olunmasını zəruri etmişdir. 

2011-ci ilin birinci yarısında büdcə xərclərinin 30,9 faizi və ya 1 milyard 508,1 milyon manatı sosialyönümlü olmuşdur və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 152,6 milyon manat və ya 11,3 faiz çoxdur. Ötən 6 ayda təhsil xərclərinə 50,9 milyon manat və ya 9,9 faiz, sosial müdafiə və sosial təminat xərclərinə isə 62,1 milyon manat və ya 10,2 faiz çox vəsait yönəldilmişdir.

Bir faktı da xüsusi vurğulamaq lazımdır ki, 2003-cü ildən ölkədə məqsədyönlü surətdə həyata keçirilən sosial infrastruktur layihələrinin əsasında da məhz insan amili, vətəndaşa layiqli xidmət məramı dayanmışdır. Dəniz səviyyəsindən 3000 mert hündürlükdə yerləşən Xınalıq kəndinə yolun, sovet dövründən mavi yanacaq üzü görməyən Lerik və Yardımlıya qaz kəmərinin çəkilməsi, eləcə də Naxçıvanın davamlı olaraq elektrik enerjisi və qazla təmin olunması, Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilməsi, paytaxtda yeni körpülərin, yol ötürücülərinin, piyada keçidlərinin istifadəyə verilməsi, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işlərinin aparılması, rayonlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman komplekslərinin tikintisi, qaçqın düşərgələrinin ləğvi və digər tədbirlər dövlət başçısı İlham Əliyevin iqtisadi siyasətinin dinamizmini, səmərəliliyini bir daha sübuta yetirir.

Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən iqtisadiyyatın birqütblü inkişafını yolverilməz sayaraq respublikanın neft gəlirlərindən asılılığının aradan qaldırılmasına, qeyri-neft sektorunun, istehsal sahibkarlığının inkişafına xüsusi diqqətlə yanaşmış, regionların tarazlı və davamlı inkişafı, tarixi məşğulluq ənənələrinin bərpası istiqamətində ardıcıl tədbirlər sistemi həyata keçirmişdir. Bu siyasət neftdən asılılığı azaltmaqla ölkədəki dinamik iqtisadi inkişaf tempini sabit saxlamağa imkan verən fundamental əsasların yaradılmasını nəzərdə tutur. Bazar iqtisadiyyatının tələblərinə uyğun funksional idarəetmə mexanizmlərinin formalaşdırılması, liberal iqtisadi münasibətlərin inkişaf etdirilməsi və dövlət strukturlarının iqtisadi fəaliyyət sahələrinə nəzarətinin təkmilləşdirilməsi nəticəsində son 8 ildə azad bazar prinsiplərinin daha geniş vüsət alması özəl sektorun inkişafına təkan vermiş, iş adamlarının fəaliyyətini stimullaşdırmışdır. Bu tədbirlərin mahiyyəti və konseptual məzmunu iqtisadiyyatın liberallaşdırılmasından və sərbəst bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət olmuş, nəticədə milli sahibkarların ümumi daxili məhsuldakı xüsusi çəkisi 85 faizə çatmışdır.

Ötən müddətdə kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək "bir pəncərə" prinsipi əsasında aparılması, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi fərmanın və qanunun imzalanması və digər tədbirlər iş adamları tərəfindən də razılıqla qarşılanır. Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsinə kömək məqsədi ilə "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır. Yeri gəlmişkən, Azərbaycanda sahibkarlıq subyektlərinin "bir pəncərə" prinsipi ilə qeydiyyatı sistemi Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən müəssisələrin qeydiyyatı sahəsində ən uğurlu islahat hesab edilmişdir.

Azərbaycanın ildən-ilə əhəmiyyətli dərəcədə artan maliyyə imkanları onun həm də sərmayədar ölkəyə çevrilməsini, digər dövlətlərin iqtisadiyyatına kapital yatırmasını şərtləndirir. Rusiya, Türkiyə, Gürcüstan, Moldova ərazisində inşa edilən nəhəng sənaye obyektləri respublikamızın həmin ölkələrin bu məhsullara olan təminatında həlledici rol oynaması ilə bərabər, sərmayədar dövlət kimi dünya bazarında rəqabət imkanlarını artırır. Son illərdə sahibkarlarla dövlətin qarşılıqlı faydalı əməkdaşlığının təşəbbüskarı olan Prezident İlham Əliyev xarici ölkələrə yüksək səviyyəli səfərlərində iş adamlarının da iştirakını təmin edir. Bu da yerli sahibkarlara müxtəlif dövlətlərin işgüzar dairələri ilə yaxından tanış olmaq, ölkə iqtisadiyyatının inkişafı naminə onlarla müəyyən sazişlər imzalamaq imkanı yaratmışdır. Nəticədə ölkə sahibkarları Rusiya, Gürcüstan, Türkiyə, İran və digər ölkələrin iqtisadiyyatına investisiya qoyur, potensial sərmayədar qismində çıxış edirlər. Respublikamız artıq Türkiyə iqtisadiyyatına 4, Gürcüstan iqtisadiyyatına 1 milyard dollardan artıq investisiya yatırmışdır. Respublikamız son illərdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin maliyyələşdirilməsi üçün Gürcüstana əvvəlcə 200, daha sonra 250 milyon dollar güzəştli kredit ayırmışdır. Eyni zamanda, Belarusun kreditlə bağlı müraciətlərinə müsbət cavab verilmişdir.

Azərbaycanın "SOJARTurjalyans" şirkətlər alyansı Türkiyənin nəhəng "Petkim" neft-kimya kompleksinin nəzarət-səhm paketinin həlledici hissəsinin sahibidir və 2014-cü ilə qədər "Petkim" təsisatlarına yatırılacaq sərmayələrin həcminin 10 milyard dolları aşacağı ehtimal olunur. Yaxın gələcəkdə isə ARDNŞ Ceyhanda neft emalı və neft-kimya kompleksinin inşasını planlaşdırır. Enerji sərmayələrin qoyuluşundan başqa digər sahələrə, məsələn, qiymətli kağızlar bazarına, aktivlərə, səhmlərə də maraq göstərilir. Azərbaycanın valyuta ehtiyatlarının daim davamlı şəkildə artması və maliyyə imkanlarının genişlənməsi isə ölkənin daha böyük həcmdə investisiyalar qoyuluşuna geniş şərait yaradır. Eyni zamanda, azərbaycanlı iş adamları artıq Türkiyədə, Gürcüstanda və Orta Asiya respublikalarında öz bizneslərini qurur, fəaliyyət dairələrini ildən-ilə genişləndirirlər.

Prezident İlham Əliyevin ötən 8 ildə həyata keçirdiyi iqtisadi siyasət həm də ölkənin ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsinə yönəlmişdir. Aqrar sektora dəstək siyasətini uğurla həyata keçirən ölkə iqtidarı respublikanın ərzaq təhlükəsizliyi probleminin həlli istiqamətində də kompleks tədbirləri uğurla reallaşdırmışdır. Ümumiyyətlə, son illər Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Texnogen proseslərin geniş vüsət aldığı müasir qloballaşma əsrində elm və təhsil sahəsində qazanılan nailiyyətlər dövlətlərin ümumi inkişaf səviyyəsindən və potensialından xəbər verən, sosial-iqtisadi, mədəni-intellektual yüksəlişi təmin edən vacib meyarlardan biri kimi çıxış edir. İqtisadi tərəqqi, demokratikləşmə və insan hüquqlarının etibarlı təminatı baxımından özünün yüksək inkişaf mərhələsinə çatmış dövlətlərin bu nailiyyətləri məhz elmə, təhsilə böyük diqqət və qayğı nəticəsində əldə etdiyi danılmaz həqiqətdir. Təcrübə göstərir ki, iqtisadi inkişaf strategiyasını elmi əsaslar üzərində qurmaqla elmi inkişafı dövlət quruculuğu prosesinin mühüm təminatı sayan, hər zaman proqressiv ənənələrə istinad edən dövlətlər milli tərəqqiyə nail olur, dünya arenasında özünəlayiq yer tuturlar.

Bu gün sosial amil göstəriciləri - insan kapitalı, əməkhaqqı, sosial bərabərsizlik və insan inkişafı indeksini özündə birləşdirir. Cəmiyyətin inkişafı bilavasitə insanın fəaliyyəti, onun əməyinin məhsuldarlıgı ilə əlaqəli oldugundan insana qoyulan investisiya - insan kapitalı xüsusi əhəmiyyət kəsb edir. İnsan kapitalı təhsil, elm, səhiyyə, mədəniyyət, incəsənət, informasiya xidmətinə əsaslanmaqla formalaşır. İnsan kapitalı kompleks sahələri əhatə etməklə, istər iqtisadi, istər sosial, istərsə də siyasi-hüquqi sahəyə geniş təsir imkanlarına malikdir. Sadalanan amillər insanın cəmiyyətdəki mövqeyini müəyyənləşdirməklə, onun həyat səviyyəsini xarakterizə edir. Bu baxımdan son zamanlar beynəlxalq qurumlar bir çox ölkələrdə insan kapitalını həmin parametrlərə görə ölçərək, milli sərvətin tərkibində istehsal və təbii resurslarla yanaşı, insan kapitalını da hesablayırlar.

Bütün bunlarla yanaşı, bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, ötən illərdə dövlət başçısı İlham Əliyev ölkədə güclü insan kapitalının formalaşdırılması istiqamətində də geniş iş aparmışdır. Təcrübə göstərir ki, insan potensialının formalaşdırılması sahəsində əsas ağırlıq məhz təhsil sisteminin üzərinə düşür. Burada söhbət təkcə ali təhsil sistemindən deyil, təhsilin bütün növlərindən - əsas orta, orta ümumtəhsil, texniki-peşə, orta ixtisas, ali təhsildən gedir. Təhsil əhalinin həyat səviyyəsinin yüksəldilməsinin, insan inkişafı indeksinin mühüm amillərindən biri olmaqla, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə hərtərəfli təsir göstərir. Bu amil indiki bazar iqtisadiyyatı şəraitində təhsilin səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilməsi zəruriliyini qarşıya qoyur. İnkişaf etmiş ölkələrin təcrübəsindən məlumdur ki, elm, təhsil insanın istedadının, intellektinin üzə çıxmasına kömək edən mühüm vasitədir və cəmiyyətin inkişafının özülünü təşkil edir. Bu baxımdan indiki bazar iqtisadiyyatı şəraitində Azərbaycanda təhsil sisteminin dünya standartları səviyyəsinə çatdırılması vacibdir. Dünya təcrübəsinə diqqət yetirdikdə, elm və təhsilin ölkədə nəinki sosial-iqtisadi, sosial-mədəni inkişafa nail olunmasında, həmçinin onun təhlükəsizliyinin, dayanıqlığının təmin edilməsində, cəmiyyətin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi və proqnozlaşdırılmasında mühüm yer tutan yaradıcı fəaliyyət sahəsi olduğunu görmək olar.

Son illər sosial-iqtisadi inkişaf prosesinin sürətlənməsi ilə əlaqədar respublikamızın beynəlxalq aləmə çıxışına geniş imkanlar yaranmışdır. Lakin bu imkanların gerçəkləşdirilməsi hər şeydən əvvəl, ölkədə elmin və təhsilin inkişaf səviyyəsindən, yeni texnika və texnologiyaların tətbiqindən, yeni elmi biliklərin, ixtisasların mənimsənilməsindən asılıdır. Yalnız bu halda Azərbaycanın sivil dünyaya inteqrasiyasına və dünya miqyasında nüfuzunun artmasına nail olmaq mümkündür.

Cənab İlham Əliyevin milli elm və təhsilimizin inkişafı istiqamətində son 8 ildə həyata keçirdiyi davamlı siyasət ulu öndərin formalaşdırdığı mütərəqqi ənənələrin uğurlu davamıdır. Azərbaycan Prezidenti dövlətə rəhbərlik fəaliyyətinin ilk günlərindən elmi sahədə böyük yüksəlişin təmin olunmasını başlıca prioritetlərdən biri kimi götürmüşdür. Elmin, təhsilin inkişafı üçün dövlət büdcəsində nəzərdə tutulan vəsaitlərin ildən-ilə artırılması, bu sahədə çalışan müəllimlərin əməkhaqlarında, tələbə, magistr və aspirantların təqaüdlərində özünü göstərən əsaslı artımlar, habelə məktəblərin dərsliklərlə pulsuz təminatı dövlət rəhbərinin bu əhəmiyyətli sahəyə diqqət və qayğısının bariz ifadəsidir.

Ümumilikdə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasət ötən illərdə ölkə vətəndaşlarının maddi rifah halını daha da yüksəltmiş, sosial infrastrukturun inkişafını, ölkədə yoxsulluğun azaldılmasını, işsizliyin minimuma endirilməsini təmin etmişdir. Həmçinin iqtisadi sahədə keçid dövrünü başa vurmaq üçün qarşıya qoyulan hədəflərə çatmaq yönündə qəti, çevik addımlar atılmış, müvafiq zəruri işlər görülmüşdür. 2009-cu ilin  noyabrında BDU-nun 90 illik yubileyində dərin məzmunlu nitq söyləyən dövlət başçısı tarixi bəyanatla çıxış edərək ölkədə ötən əsrin 90-cı illərindən başlanmış keçid dövrünün artıq geridə qaldığını, Azərbaycanın bu mərhələdən uğurla çıxdığını diqqətə çatdırmışdır. Söhbət ictimai-iqtisadi formasiya dəyişkənliyi ilə bağlı sovet təsərrüfat sistemindən, planlı iqtisadiyyatdan miras qalmış bütün iqtisadi seqmentlərin bazar prinsiplərinə uyğun tamamilə yenidən qurulması prosesinin başa çatmasından gedir. Respublikamız son 15 ildə - özəlləşdirmədən, torpaq, vergi, gömrük islahatından tutmuş səmərəli idarəçiliyin vacib şərti olan struktur islahatlarınadək - böyük bir iqtisadi mərhələni inamla geridə qoymuşdur. Qarşıdakı dövrdə isə formalaşmış bu möhkəm təməl üzərində bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olmasına çalışmaq, iqtisadi sahədə liberallaşdırma prosesini davam etdirmək hökumətin ciddi vəzifələrindən biridir.

Bu da mühüm faktdır ki, bazar iqtisadiyyatına keçid şəraitində sadəcə Qərb təcrübəsi olduğu kimi tətbiq edilməmiş, burada milli xüsusiyyətlər, siyasi və iqtisadi özəlliklər, sosial və demoqrafik məqamlar da nəzərə alınmışdır. Çünki bu qeyd edilənlər həm də öz aralarında müəyyən qarşılıqlı əlaqəyə malikdir.  Beləliklə, Qərb dövlətlərinin və digər qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla onlar Azərbaycan iqtisadiyyatının spesifikasına uyğunlaşdırılmışdır.

Azərbaycanda keçid dövrünün başa çatmasını xarakterizə edən əsas cəhətlər bazar iqtisadiyyatı üçün müvafiq qanunvericilik bazasının yaradılmasında, sahibkarlar institunun formalaşmasında, mülkiyyətin çoxnövlülüyünün təmin olunmasında, özəlləşdirmə haqqında müvafiq qanunvericilik bazasının yaradılmasında, aqrar islahatların həyata keçirilməsində, müəssisələrin təsərrüfat fəaliyyətində dövlətin rolunun məhdudlaşdırılmasında, bazar institutlarının formalaşdırılmasında, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsində, ümumilikdə dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsində, institusional islahatların həyata keçirilməsində və bu qəbildən olan digər məsələlərdə özünü göstərir.

Beləliklə, aydın görünür ki, dövlətin inhisarında cəmiyyətin tələbatına operativ reaksiya vermək imkanından məhrum olan, istehsalçılarda resurslardan səmərəli istifadə üçün hər hansı ciddi stimul yaratmayan, əmtəə və xidmətlərin geniş çeşidinə gətirib çıxarmayan, istehsal vasitələrinin dövrün tələblərinə uyğun olaraq modernləşdirilməsində ləngimələrə yol verən inzibati komanda iqtisadiyyatından əsas prinsipləri sahibkarlıq, mülkiyyət və istehsal vasitələrinin müxtəlif formalarının yaranması, qiymətlərin bazar tərəfindən tənzimlənməsi, eləcə də təsərrüfat fəaliyyətinə dövlətin məhdud müdaxiləsi olan bazar iqtisadiyyatına keçid kifayət qədər çətin prosesdir. Əsas cizgiləri səmərəli texnologiyaların və təşkilati sistemlərin seçimi, özəl, kollektiv, dövlət mülkiyyət formalı, inzibati müstəqillik, məhsul təchizatçılarının və istehlakçıların azad seçimi, tərəqqipərvər vergi siyasəti olan bazar münasibətləri Azərbaycan iqtisadiyyatı üçün də səciyyəvidir.

Ötən illərdə əldə edilən uğurlu nəticələrlə yanaşı, Azərbaycanda iqtisadi sahədə bütün problemlərin həllini tapdığını iddia etmək də düzgün olmazdı və cənab İlham Əliyevin idarəçiliyində özünütənqid ruhu, proseslərə obyektiv yanaşma üsulu mühüm xətt kimi diqqəti çəkir. Dövlət başçısı əldə olunmuş nailiyyətlərlə yanaşı, problemləri və onların həlli yollarını göstərir, verdiyi hər bir göstərişin icrasına nəzarət edir, inkişafı sürətləndirən struktur və kadr islahatları keçirir. Cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər isə Azərbaycanın əldə etdiyi nailliyyətlərin qarşıdakı illərdə daha geniş miqyas alacağını əminliklə söyləməyə əsas verir.

 

 

Əlican BABAYEV,

Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə-1" kafedrasının

müdiri, iqtisad elmləri doktoru, professor, Azərbaycandan Kənarda

Təhsil Almış Mütəxəssislər Təşkilatının Ali Məclisinin sədri

 

Azərbaycan.- 2011.- 14 oktyabr.- S. 6.