Əməkdaşlığa dair protokol imzalanmışdır

 

Oktyabrın 13-də Dövlət Gömrük Komitəsində (DGK) Ukrayna Dövlət Gömrük Xidmətinin rəisi İqor Kaletnikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə DGK-nın sədri Aydın Əliyev Ukrayna ilə gömrük sahəsində uğurlu əməkdaşlıqdan danışmışdır. Ötən ay Ukraynada səfərdə olduğunu xatırladan komitə sədri səfər zamanı dost ölkə ilə təcrübə mübadiləsinin aparılması və bir sıra birgə layihələrin həyata keçirilməsi məsələlərinin müzakirə olunduğunu demişdir. Aydın Əliyev məlumat vermişdir ki, iki ölkə arasında razılığa əsasən, hər il DGK-nın 10 əməkdaşı ikinci təhsil almaq üçün Ukraynanın Gömrük Akademiyasına göndəriləcəkdir.

Görüşdə Azərbaycan və Ukrayna gömrük xidmətləri arasında əməkdaşlığa dair protokol imzalanmışdır. Sənədi DGK-nın sədri Aydın Əliyev və Ukrayna Dövlət Gömrük Xidmətinin rəisi İqor Kaletnik imzalamışlar.

Protokolda iki ölkənin gömrük xidmətlərinin qaçaqmalçılığa qarşı  birgə mübarizəsi, qarşılıqlı təcrübə mübadiləsi və digər  məsələlər öz əksini tapmışdır. Ukrayna Dövlət Gömrük Xidmətinin rəisi İqor Kaletnik Azərbaycan ilə gömrük xidməti sahəsində əməkdaşlıqdan məmnun olduqlarını demişdir. Bildirmişdir ki, gömrük sahəsinin inkişafı bütövlükdə iqtisadiyyatın inkişafına təkan verir. Aydın Əliyev ölkələrimiz arasında gömrük sahəsində əməkdaşlığın inkişafında xidmətlərinə görə Ukrayna Dövlət Gömrük Xidmətinin rəisi İqor Kaletnikə döş nişanı təqdim etmişdir.

 

 

Azərbaycan.- 2011.- 14 oktyabr.- S.  7.