bp «Davamlı inkişaf haqqında hesabat»ını açıqladı

 

 bp Azərbaycan şirkəti hər il "Davamlı inkişaf haqqında hesabat" adlı xüsusi buraxılışını nəşr edir. Hər növbəti hesabat, adətən, ötən ilin yekunlarını göstərir.

Bu günlərdə şirkətin ofisində keçirilən tədbirin məqsədi 2010-cu ilin hesabatını mətbuat nümayəndələrinə çatdırmaq idi. bp Azərbaycan şirkətinin əlaqələr üzrə meneceri Tamam Bayatlı tədbiri açaraq dedi:

- bp özünün 80-dən çox ölkədə gördüyü işlər barədə hər il Londonda ümumi hesabat dərc edir. Elə ölkələr var ki, şirkət oradakı işləri barədə ayrıca hesabatlar buraxır. Azərbaycan bu ölkələr sırasındadır. Hesabatda təkcə əməliyyatlarla deyil, ətraf mühitlə və sosial layihələrlə bağlı geniş məlumat verilib. Buraxılışda çətinliklərimizdən, çatdıra bilmədiyimiz işlərdən də bəhs olunur.

Sonra bp Azərbaycan şirkətinin şəfafflıq və ictimaiyyətə hesabatların verilməsi qrupunun rəhbəri Araz Yusubov hesabata daxil olan materiallarla jurnalistləri tanış etdi:

- Xatırladaq ki, 2010-cu ildə "Azəri-Çıraq-Günəşli" (AÇG) neft və "Şahdəniz" qaz-kondensat yataqlarından hasilat davam edib. AÇG kompleksindən gündə orta hesabla 823,1 min barel neft hasil olunub. "Şahdəniz"dən isə il ərzində təxminən 6,9 milyard kubmetr qaz 14,7 milyon barelə yaxın kondensat çıxarılıb. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri ilə 286 milyon barel neft ixrac edilib. İyul ayında nəqletmə sazişinin imzalanmasından sonra Türkmənistan xam neftinin bu boru xətti ilə nəql olunmasına başlanıb. İyulun 21-də BTC növbəti rekordunu qazanıb - gün ərzində 1,057 milyon barel neft ötürüb. "Şahdəniz" qazını daşıyan Cənubi Qafqaz Boru Kəmərinin orta ötürmə qabiliyyəti gündə təxminən 14 milyon kubmetr qaz olub. Keçən il "Şahdəniz"in tammiqyaslı işlənməsi istiqamətində bir sıra mühüm danışıqlar aparılıb razılıqlar əldə edilib.

Daha sonra tədbirdə bp-nin əməkdaşları, şirkət tərəfindən əməyin təhlükəsizliyi sağlamlıq prinsiplərinin qorunması, ətraf mühitin idarə olunması barədə geniş məlumat verildi. Məlum olduğu kimi, bp ölkəmizdə bir sıra sosial layihələr həyata keçirir. Keçən il şirkət öz ənənəsinə sadiq qalaraq sahibkarlığın inkişafına dəstək verib, icmalarla işini genişləndirib, gənclərin peşələrə yiyələnməsi, mükəmməl təhsil alması üçün köməyini əsirgəməyib.

Qeyd edək ki, bp-nin "Davamlı inkişaf haqqında hesabat"ının təqdim olunması şirkətin nümayəndələri jurnalistlər arasında maraqlı diskussiya şəklində keçirildi.

bp-nin əməkdaşları qonaqları maraqlandıran sualları cavablandırdılar onların təkliflərinin növbəti hesabatlarda nəzərə alınacağını bildirdilər.

 

 

Azərbaycan.- 2011.- 14 oktyabr.- S. 8.