İtaliyalı deputatlar Azərbaycanın həyata keçirdiyi irimiqyaslı layihələri yüksək qiymətləndirmişlər

 

Oktyabrın 14-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, senator xanım Rossana Boldinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Azərbaycan-İtaliya münasibətləri ilə yanaşı, parlamentlərarası əlaqələrin vacibliyi vurğulanaraq parlament diplomatiyasının əhəmiyyəti qeyd olunmuşdur. E.Məmmədyarov bu kimi səfərlərin ölkələrimiz arasında olan siyasi, iqtisadi, humanitar və mədəniyyət sahələrində əlaqələrin inkişafına təkan verəcəyini bildirmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli istiqamətində atılan addımlar barədə qonaqlara ətraflı məlumat verən nazir Azərbaycanın gündən-günə inkişaf edən iqtisadiyyatının ölkənin güclənməsinə gətirib çıxardığını demişdir.

İtaliyalı deputatlar Azərbaycanın mövcud potensialının və həyata keçirdiyi irimiqyaslı layihələrin təqdirəlayiq olduğunu vurğulamışlar.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.- 15 oktyabr.- S.  9.