Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edən ölkədir

 

Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edən ölkədir. Bakıda şahidi olduğumuz inkişaf, əlverişli investisiya mühiti barədə İtaliya ictimaiyyətinə və əlaqədar qurumlara geniş məlumatlar çatdıracağıq.

AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan İtaliya Senatının İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, xanım senator Rossana Boldi oktyabrın 17-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşdə söyləmişdir.

Milli Məclisin Sədri Oqtay Əsədov demişdir ki, Azərbaycan ilə İtaliya arasında əlaqələr yüksələn xətlə inkişaf edir. İnanırıq ki, bu səfər ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yaxşı töhfə verəcəkdir.

Bildirilmişdir ki, ölkələrimiz arasında ticarət dövriyyəsi ildən-ilə artır. Parlamentlərarası münasibətlər də yüksək səviyyədədir. Deputatlarımız beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edirlər.

O.Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat vermiş, İtaliya Senatının ötən il Cənubi Qafqazda vəziyyətə dair qəbul etdiyi qətnamənin Dağlıq Qarabağ münaqişəsinin həllinə fayda verəcəyinə ümidvar olduğunu bildirmişdir.

Rossana Boldi ölkəmizin əldə etdiyi uğurlardan, ikitərəfli əlaqələrdən məmnunla danışaraq demişdir: "Azərbaycan sürətlə inkişaf edir. Biz parlamentlərarası münasibətlərimizi dostluq qrupları səviyyəsindən daha geniş müstəvidə inkişaf etdirmək  niyyətindəyik. Bunun üçün əlimizdən gələni etməyə hazırıq".

Xanım senator Dağlıq Qarabağ münaqişəsindən söz açaraq problemin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həll olunmasında İtaliyanın bundan sonra da Azərbaycana dəstək göstərəcəyini bildirmişdir.

Görüşdə Azərbaycan-İtaliya Forumunun keçirilməsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Bildirilmişdir ki, həmin forumun keçirilməsi əlaqələrimizin bütün sahələrdə inkişafına təkan verə bilər.

 

 

Azərbaycan.- 2011.-18 oktyabr.- S.  3.