Azərbaycan ilə Küveyt yerləşdikləri coğrafi ərazilərdə mühüm rola malikdirlər

 

 Azərbaycanda səfərdə olan Küveyt Dövləti Millət Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun üzvləri oktyabrın 17-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşlər.

Oqtay Əsədov demişdir ki, Azərbaycan ilə Küveyt Dövləti arasında dostluq münasibətləri vardır. İnanırıq ki, qarşılıqlı səfərlər, keçirilən görüşlər münasibətlərimizin inkişafını daha da sürətləndirəcəkdir.

Milli Məclisin Sədri demişdir ki, Azərbaycan ilə Küveyt yerləşdikləri coğrafi ərazilərdə mühüm rola malikdirlər. Siyasi əlaqələrimiz yüksək səviyyədədir. Bunlar iqtisadi sahədə də əməkdaşlığımızı genişləndirmək üçün geniş imkanlar yaradır.

O.Əsədov beynəlxalq qurumlardakı əməkdaşlıqdan da razılığını ifadə etmiş, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş, bu məsələdə göstərilən dəstəyə görə minnətdarlığını bildirmişdir. 

Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Vəlid Musaid Əl-Tabtabayi ölkələrimizin yaxın tarixinə nəzər salaraq demişdir ki, dövlətlərimizi və xalqlarımızı müştərək dəyərlər, dostluq münasibətləri birləşdirir. İki ölkə arasında qarşılıqlı inametimad vardır. Bu da münasibətlərin inkişafında mühüm əhəmiyyət kəsb edir.

O, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini pisləmiş və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Küveytin hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini bildirmişdir.

Görüşdə qarşılıqlı səfərlərin, keçirilən görüşlərin  əhəmiyyətindən söz açılmış, BMT və digər beynəlxalq təşkilatlarda ümumi maraqlara xidmət edən məsələlərdə deputatlarımızın eyni mövqedən çıxış etmələrinin əhəmiyyəti vurğulanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-  18 oktyabr.- S. 3.