BMT-nin yaranmasının 66-cı ildönümü münasibətilə görüş keçirilmişdir

 

 Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA)  BMT İctimai İnformasiya Departamentinin (UN DPİ) təşəbbüsü ilə Akademik Impuls Proqramı və "BMT sizin üçün çalışır" (UN4U) kampaniyası çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT)  yaranmasının 66-cı ildönümü münasibətilə görüş keçirilmişdir.

AzərTAc xəbər verir ki, görüşdə DİA-nın rektor əvəzi, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev bildirmişdir ki, bu akademiya ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla, xüsusilə BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəliyi ilə geniş əməkdaşlıq edir.

Ə.Abdullayev eyni zamanda, DİA-nın BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə həyata keçirdiyi birgə layihələrdən danışmış, bu beynəlxalq təşkilatın hər zaman ölkəmizi dəstəklədiyini vurğulamışdır.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç və BMT-nin İnkişaf Proqramının daimi nümayəndəsinin müavini xanım Nato Alxazişvili tələbələrə BMT-nin yaranma tarixi, fəaliyyəti və bu beynəlxalq qurumun dünyada və Azərbaycanda gördüyü işlər barədə məlumat vermişlər. Bildirilmişdir ki, "BMT sizin üçün çalışır" kampaniyasına 2008-ci ilin oktyabrında BMT-nin İctimai İnformasiya Departamenti tərəfindən başlanılmışdır. Bu təbliğat kampaniyasının əsas məqsədi  ictimaiyyəti BMT sistemi haqqında və BMT-nin ölkədə gördüyü işlər barəsində məlumatlandırmaqdır.

Qeyd edək ki, 1945-ci il oktyabrın 25-də BMT-nin Nizamnaməsi qüvvəyə minmişdir və həmin gün 1948-ci ildən bəri BMT Günü kimi qeyd edilir.

Tədbirdə BMT barədə videofilm nümayiş etdirilmiş, suallar cavablandırılmışdır.

 

 

Azərbaycan.- 2011.- 18 oktyabr.- S. 4.