Düşünülmüş, sürətli və davamlı inkişaf

 

 Xarici siyasətdə beynəlxalq iqtisadi əlaqələr faktoru

 

Ölkəmizin müstəqillik dövründə beynəlxalq iqtisadi təşkilatlarla münasibətlərinin qurulması tarixinə diqqət yetirdikdə isə ilk növbədə, dünyanın ən böyük  maliyyə qurumlarından biri kimi xarakterizə olunan Dünya Bankı ilə əlaqələrə nəzər salmaq lazım gəlir. Azərbaycanın Dünya Bankının tərkibində yer alan qurumlara üzvlük tarixi fərqli dövrlərə təsadüf edir. Belə ki, Azərbaycan Dünya Bankına daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına,  Çoxtərəfli İnvestisiya Zəmanətləri Agentliyinə, Beynəlxalq İnvestisiya Mübahisələrinin Tənzimlənməsi Mərkəzinə 1992-ci ildə üzv qəbul olunub.

Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyasına üzvlük tarixi 1995-ci ilin 31 martına, Beynəlxalq Maliyyə Korporasiyasına qəbuledilmə prosesinin başa çatması isə 1995-ci il 11 oktyabr tarixinə təsadüf edir. Dünya Bankının əsas məqsədi ölkənin keçid dövründə onun iqtisadi-sosial inkişafı siyasəti ilə əlaqədar, həm investisiya axını, həm də dövlət büdcəsinin maliyyələşdirilməsi üzrə tövsiyələr verməkdən və bu cür yardımın koordinasiyasını aparmaqdan ibarət olub. Xüsusilə Dünya Bankının neft ehtiyatlarını idarə etmək üçün dövlətin təşkilati bacarığını gücləndirmək və siyasi xəttdəki dəyişiklikləri qısa və dürüst ifadə etməklə islahatı tezləşdirmək məqsədilə hökumətlə sıx işbirliyinin əsasını qoyub və bu sahədə əməkdaşlıq indi də davam etdirilməkdədir.

Dünyanın aparıcı maliyyə qurumlarından olan Beynəlxalq Valyuta Fondu isə 2009-cu ildə Azərbaycandakı daimi nümayəndəliyini bağlamaq barəsində qərar qəbul edib. Azərbaycan BVF-yə 1992-ci ilin sentyabrında daxil olub. Əməkdaşlıq müddətində fonddan 363 milyon dollar vəsait, o cümlədən 248 milyon dollar güzəştli kredit alınıb. Kredit tranş yolu ilə, iqtisadi islahatlar aparılması öhdəliyi ilə müxtəlif proqramlar çərçivəsində verilib. Onlardan sonuncusunun verilməsi 2005-ci ildə yekunlaşıb. Həmin vaxtdan fondun təkidinə baxmayaraq, Azərbaycan maliyyə cəhətdən möhkəmləndiyini vurğulayaraq kreditdən imtina edib, yalnız fondun texniki yardımını qəbul edib.

Azərbaycanın beynəlxalq iqtisadi münasibətlərindən bəhs edərkən BMT-nin nəzdində olan Birləşmiş Millətlərin Sənaye İnkişafı Təşkilatı (BMSİT) ilə də münasibətlərin inkişafı qeyd edilməlidir. Ölkəmiz 1993-cü ildə BMSİT-yə üzv qəbul edilib. 1995-ci ildən Azərbaycan Respublikasının Avstriyadakı səfirliyi BMSİT nəzdində Daimi Nümayəndəlik funksiyalarını da həyata keçirir. Beynəlxalq iqtisadi sferada əlaqələrin genişlənməsinə daim xüsusi diqqət yetirən Azərbaycan   təşkilatlardan biri kimi də Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv qəbul edilməsi üçün 23 iyun 1997-ci ildə bu quruma ərizə ilə  müraciət edib.  Bundan sonra ÜTT Katibliyində Azərbaycan üzrə İşçi Qrupunun yaradılması barədə qərar qəbul olunub. Qeyd edək ki, ölkəmizin sözügedən təşkilata üzv olmaqda əsas məqsədləri aşağıdakılardan ibarətdir: dünya iqtisadiyyatı sisteminə inteqrasiya prosesini sürətləndirmək; ÜTT-yə üzv olan ölkələrin bir-birinə verdikləri güzəştlərdən faydalanmaq; dünyanın əksər ölkələri ilə ÜTT tərəfindən qəbul edilmiş ümumi qaydalar əsasında ticarət əməliyyatları həyata keçirmək; ölkədə aparılan iqtisadi islahatlara beynəlxalq təşkilatlar və eləcə də ölkələr tərəfindən yardımın artırılmasına nail olmaq; ÜTT qaydalarını tətbiq etdikdən sonra daha çox həcmdə birbaşa xarici investisiyaları cəlb etmək; ÜTT-nin mübahisələrin həlli mexanizmindən istifadə etmək imkanını əldə etmək.

Adıçəkilən beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycan Yaxın və Orta Şərq ölkələrinin təmsil olunduğu EKO, Qara dəniz ətrafı dövlətləri birləşdirən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlarla da sıx inteqrasiyanın, hərtərəfli münasibətlər qurulmasının yeni yollarını və vasitələrini müəyyənləşdirib və həyata keçirib. Bu proses indi uğurla davam etməkdədir.  Bu da Azərbaycana xarici siyasət sferasında yeni imkanlar qazandırır, onun manevr imkanlarını genişləndirir və ölkənin beynəlxalq dayaqlarını gücləndirir.

 

İkitərəfli münasibətlərin inkişafı xarici siyasətdə prioritetdir

 

Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycanı xarici dövlətlərlə ikitərəfli münasibətlərin inkişafında da böyük nailiyyətlərə imza atan tərəf kimi çıxış edir. Belə dövlətlər sırasında Ermənistan istisna olmaqla, qonşu ölkələr, eləcə də uzaq xaricdə yerləşən ölkələr var. Qonşu dövlətlərlə münasibətlərin yaxşılaşdırılması Azərbaycanın, ilk növbədə, regional mövqeyinin güclənməsinə xidmət edir. Yürüdülən məqsədyönlü siyasət nəticəsində qonşu ölkələr sırasında qardaş Türkiyə ilə münasibətlərini normal, sivil, qarşılıqlı faydalı iqtisadi-siyasi əməkdaşlıq və tərəfdaşlıq müstəvisi üzərinə keçirilməsi istiqamətində də böyük nəticələr əldə olunub. Təsadüfi deyil ki, Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi ilk səfərlərindən birini Türkiyəyə edib. Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə 1994-cü il fevral ayının 8-11-də qardaş ölkədə rəsmi səfərdə olan ulu öndər keçirdiyi görüşlərdə bildirmişdi ki, Türkiyə ilə Azərbaycan arasında yaranmış əlaqələr yeni mərhələyə qədəm qoyur. Heydər Əliyev hər zaman Azərbaycanla Türkiyə arasında dərin kökləri olan dostluq münasibətlərinə diqqətlə yanaşmış, məhz onun sayəsində əlaqələrin inkişafında yeni mərhələnin əsası qoyulmuşdu. Ulu öndərin Türkiyə parlamentində etdiyi çıxışında iki ölkənin strateji tərəfdaşlığının ən mükəmməl formulu da səsləndirilmişdi: "Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir". Ümumiyyətlə, Heydər Əliyevin Azərbaycanın rəhbərliyinə gəlişiylə Türkiyə ilə münasibətlər gerçək tərəfdaşlıq, qarşılıqlı fayda və səmimi anlaşma üzərində qurulmağa,  intensiv təmaslar, daimi məsləhətləşmələr fonunda iki ölkənin xarici siyasəti, beynəlxalq müstəvidəki addımları daha əlaqəli və bir-birini tamamlamağa başladı.

Bununla yanaşı, SSRİ dönəmində postsovet ölkələri arasında qurulmuş münasbətlərin, ilk növbədə isə iqtisadi əlaqələrin yenidən bərpa edilməsi istiqamətində ulu öndər tərəfindən müvafiq addımlar atıldı. Mərkəzi Asiya dövlətləri, eləcə də Ukrayna, Belarus, Gürcüstan, Moldova və digər ölkələr ilə münasibətlərin yenidən qurulması üçün yeni zəruri işlər görüldü.

Ölkənin xarici siyasət prioritetləri sırasında Qərb ölkələrinə iqtisadi, siyasi, sosial, mədəni və digər mühüm sahələrdə də inteqrasiya ulu öndərin hakimiyyətə qayıdışından sonra mühüm yer tuturdu. Qərbə inteqrasiya Azərbaycanın  özünün mövcud resurslarının daha səmərəli isdifadəyə imkan verməklə yanaşı qabaqcıl dünya texnologiyalarının və xarici kapitalın ölkəyə gəlişində mühüm rol oynayırdı. Bunları aydın görən ulu öndərin həyata keçirdiyi uğurlu siyasət sonda Qərb dövlətləri ilə münasibətləri keyfiyyətcə yeni mərhələyə daxil etdi. Aparıcı Qərb ölkəsi olan ABŞ-la qurulan yeni əməkdaşlıq erməni lobbisinin  bu ölkənin qanunverici orqanında Azərbaycan əleyhinə yeni sənədlərin qəbul edilməsi istiqamətində gərgin fəaliyyətinin qarşısını alan əsas səbəblərdən birinə çevrildi. Bununla yanaşı, atılan addımlar onunla nəticələndi ki, 907-ci düzəliş 2002-ci ildən etibarən hər il ABŞ Prezidenti tərəfindən müvəqqəti olsa da dayandırılır və onun birdəfəlik ləğvi yaxın perspektivdə istisna olunmur.

1993-cü ildən etibarən Azərbaycanın Qərbyönümlü siyasi kurs yeridəcəyinin ən mühüm göstəricilərindən biri də ulu öndərin dövlət başçısı kimi ilk xarici səfərini Avropanın ən nüfuzlu ölkələrindən sayılan Fransaya etməsi idi.  Fransalı həmkarı Fransua Mitteranın dəvəti ilə bu ölkəyə gedən ulu öndər səfər çərçivəsində Azərbaycanın inkişafına müəyyən töhfələr verəcək bir sıra mühüm sənədlər imzaladı. Analoji və başqa mühüm sənədlər daha sonra digər Avropa dövlətləri ilə də razılaşdırıldı. Beləliklə, ümummilli lider  son dərəcə təcrübəli dövlət başçısı və yetkin siyasi xadim kimi xarici siyasət sferasında da özünü göstərən çətin və mürəkkəb vəzifələrin öhdəsindən müvəffəqiyyətlə və böyük ustalıqla gəlmək bacarığı nümayiş etdirdi. Bu, Azərbaycana beynəlxalq aləmdə nüfuz və şöhrət qazandırdı, Heydər Əliyevin müəyyən etdiyi yeni xarici siyasət xəttinə və mövqeyinə inam yaratdı. Çoxvektorlu, balanslı siyasət yeridən Azərbaycan SSRİ-nin dağılmasından sonra yaranan yeni dünya düzənində regional və qlobal inteqrasiyanın strateji xəttini milli inkişafın prioritet istiqamətlərindən biri kimi önə çəkir, onu ardıcıl olaraq həyata keçirir və  bu yöndə aparılan bütün fəaliyyətini müstəqilliyin möhkəmləndirilməsi, ölkəmizin dünyada özünütəsdiqinə nail olması üçün də mühüm addımlar atırdı.

Qərblə yanaşı, Azərbaycan Uzaq Şərqin qabaqcıl dövlətləri olan Çin və Yaponiya ilə qarşılıqlı faydalı əməkdaşlığın inkişafı istiqamətində Heydər Əliyev dövründə mühüm addımlar atdı. Nəticədə Yaponiyanın Azərbaycandakı iqtisadi layihələrə fəal qoşulması, eləcə də ikitərəfli əməkdaşlığın daha da dərinləşməsi prosesinə start verildi. Çinlə qarşılıqlı münasibətlərin inkişafı yeni keyfiyyət mərhələsinə qədəm qoydu. Pakistan və Hindistan kimi ölkələrlə qarşılıqlı əməkdaşlıq daha da sıxlaşdırıldı. Latın Amerikası, Afrika və digər uzaq dövlətlərlə  münasibətlər intensiv inkişaf dövrünə keçdi.

Bütün bunlar beynəlxalq hüququn müstəqil subyekti olaraq Azərbaycanın öz mövqelərini davamlı şəkildə gücləndirməsinə gətirib çıxarırdı ki, bu uğurların təməlində də məhz Heydər Əliyev faktoru dayanırdı. Ulu öndərin müəllifi olduğu xarici siyasət strategiyası bu gün ölkəmizin beynəlxalq nüfuzunun yüksəlişində, dünyada yaşanan siyasi proseslərdə layiqli yerin sahibi kimi çıxış etməsində vacib rol oynayır. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ramiz Mehdiyev "Azərbaycan: qloballaşmanın tələbləri" əsərində bununla bağlı yazır: "Heydər Əliyevin ölkənin mənafeyinə xidmət edən, dövlətin strateji maraqları üzərində qurulmuş, hərtərəfli düşünülmüş, özünün vəzifə və prinsipləri ilə seçilən bitkin, ardıcıl siyasəti bütün istiqamətlərdə bu gün də özünü doğrultmaqdadır. Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün apardığı çoxşaxəli fəal xarici siyasətin nəticəsidir ki, indi ölkəmiz dünyada gedən siyasi proseslərdə özünə layiqli yer tutmuş, nüfuzlu mövqe qazanmış, bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa nail olmuşdur. Qloballaşma dövründə biz inteqrasiyanın əlverişli meyillərindən istifadə etməli, ardıcıl siyasət yeritməliyik. Dövlətlərarası inteqrasiya məkanına, ölkəmizin inkişafına, iqtisadiyyatın modernləşməsinə, cəmiyyətimizin mənəvi-əxlaqi əsaslarının təkmilləşməsinə kömək edən bütün qüvvələri səfərbər etməklə daxil olmalıyıq. Bu gün Azərbaycanın uğurları dünyanın ən qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq qurumlarının diqqətini bizə yönəltmişdir".

 

 Uğurlu xarici siyasət strategiyası yeni mərhələdə

 

Ümummilli liderin müəyyən etdiyi inkişaf strategiyasını böyük müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət bu gün müstəqil Azərbaycanın dünya miqyasında mövqelərinin daha da güclənməsinə gətirib çıxarıb. Birmənalı həqiqətdir ki, xalqın iradəsi əsasında Azərbaycan Prezidenti seçildikdən sonra cənab İlham Əliyev bir siyasətçi olaraq dünyada böyük hörmət və nüfuz sahibinə çevrilib. İki və çoxtərəfli görüşlərdə, eləcə də müxtəlif beynəlxalq tribunalardan etdiyi çıxışlarda Azərbaycanın milli maraqlarını bütün sahələrdə uğurla müdafiə və təmin edən dövlət başçısının həyata keçirdiyi xarici siyasət ölkəmizin regional, beynəlxalq mövqelərini davamlı olaraq daha güclü hala gətirir. Onun qətiyyətli mövqeyi Cənubi Qafqazda hər hansı taleyüklü məsələnin həllində, transmilli layihənin reallaşmasında Azərbaycanın iştirak və razılığı olmadan konkret nəticə əldə olunmasını mümkünsüz edir. Azərbaycan təkcə mövcud olduğu yox, MDB, Şərqi Avropa kimi böyük bir coğrafi ərazidə də əsas nüfuz sahiblərindən biri kimi çıxış edir.

Mövcud beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutan, qlobal təhdid və çağırışlara adekvat cavab vermək iqtidarında olan Azərbaycan ərazisindən, nüfuzundan, hərbi güc və iqtisadi potensialından asılı olmayaraq, müxtəlif dünya dövlətləri ilə münasibətlərdə bərabərhüquqlu əməkdaşlıq qurur, müstəqil xarici siyasət həyata keçirir. Eyni zamanda, geostrateji və geoiqtisadi üstünlüklərindən, malik olduğu təbii sərvətlərindən böyük səmərəlilik əmsalları ilə faydalanaraq milli maraqlarının təmin edilməsi ilə  xarici siyasətində özünün yeni uğurlara imza atan tərəf kimi təsdiqləyir.

O da mühüm faktdır ki, ölkə daxilində möhkəm ictimai-siyasi sabitliyə, qanunun aliliyinə, zamanın tələblərinə cavab verən islahatların keçirilməsinə və bu qəbildən olan digər addımlar xarici siyasət sahəsində qazanılan uğurları kəmiyyət və keyfiyyət etibarilə daha da artırır. Öz xarici siyasətində bütün dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq kimi prinsipləri hər zaman rəhbər tutan Azərbaycan xarici siyasətində beynəlxalq əməkdaşlığın daha da dərinləşməsinə böyük önəm verir. Bütün bunlar həm də onun göstəricisidir ki, müasir Azərbaycan sürətlə cərəyan edən qlobal proseslər axarında öz sabit inkişaf istiqaməti olan, qlobal çağırışlara milli maraqlar çərçivəsində cavab vermək qüdrətinə malik bir dövlətə çevrilərək beynəlxalq münasibətlər sistemində layiqli yerini tutmağı bacarıb.

Bu gün cənab İlham Əliyev dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində böyük səy və əzmkarlıq göstərir. Balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan beynəlxalq mövqelərini və milli təhlükəsizliyini əhəmiyyətli dərəcədə möhkəmləndirib və qlobal məkanda cərəyan edən proseslərin istiqamətverici subyektlərindən birinə çevrilib. Ölkəmizin müxtəlif beynəlxalq təşkilatlarla, eləcə də ayrı-ayrı dövlətlərlə qurduğu əməkdaşlıq dərinləşməkdə, yeni və Azərbaycanın milli maraqlarına cavab verən çalarlar qazanmaqdadır. Burada daha bir önəmli faktor ondan ibarətdir ki, Azərbaycan uzun illərin sınağından çıxmış etibarlı tərəfdaş kimi dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən qəbul olunur.

Xarici siyasət sahəsində çoxqütblü inteqrasiya və əməkdaşlıq modelinə üstünlük verən, bunu uğurla reallaşdıran Azərbaycan iqtisadi-siyasi baxımdan mövcud olduğu regionda xüsusi çəkisini davamlı olaraq yüksəldir. Avratlantik məkana inteqrasiya istiqamətində həyata keçirilən siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın siyasi, iqtisadi, sosial, hüquqi və digər sahələr üzrə həm qanunvericilik bazasını, həm də onların icra mexanizmlərini milli dəyərlərin qorunması ilə Avropa standartlarına çatdırıb və onların  təkmilləşdirilməsi prosesi indi də davam edir. Xarici siyasətdə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın əldə etdiyi daha bir uğur beynəlxalq miqyasda Ermənistanın işğalçı dövlət siyasətinin tam ifşa edilməsi və bu işğal faktını pisləyən yeni qətnamələrin, sənədlərin meydana çıxmasıdır. Artıq dünyanın ən nüfuzlu rəsmi qurumlarının sənədlərində Ermənistan işğalçı dövlət olaraq qəbul edilir, bu ölkədən silahlı qüvvələrin Azərbaycan ərazilərindən tərk etməsi tələb edilir.

Real şəraitdə Azərbaycanın həyata keçirdiyi xarici siyasət təhlil edilərək aşağıdakı prioritetlər üzrə qruplaşdırılır: bazar iqtisadiyyatı və qanunun aliliyinə əsaslanan plüralist demokratiyanı inkişaf etdirmək; Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi məqsədilə müstəqil xarici siyasət yeritmək; Azərbaycanın təhlükəsizliyi, siyasi müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş təhlükələrin aradan qaldırılması; ATƏT-in Lissabon sammiti prinsipləri əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həll edilməsi; Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması; qonşu ölkələrlə mehriban qonşuluq və qarşılıqlı fayda kəsb edən münasibətlərin inkişaf etdirilməsi; regionda təhlükəsizliyin və sabitliyin gücləndirilməsi; regionda qanunsuz silah və digər daşımaların qarşısının alınması; nüvə silahlarının yayılmasının qarşısının alınmasına dair mövcud olan qlobal rejimlərə sadiqlik və Cənubi Qafqazda nüvə silahlarından azad zonanın yaradılması; Xəzər dənizi hövzəsinin demilitarizasiyası (hərbsizləşdirilməsi); NATO, Avropa İttifaqı, Qərbi Avropa İttifaqı və Avropa Şurası da daxil olmaqla, Avropa və Transatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiya; Azərbaycanın Qərb və Şərqin qovşağında yerləşməklə mühüm strateji-coğrafi mövqeyindən bəhrələnərək ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafını sürətləndirmək; Azərbaycanın iştirakçısı olduğu Avrasiya nəqliyyat dəhlizini inkişaf etdirmək.

Xarici siyasətin qeyd edilən ilk prioriteti kimi Avratlantik məkana inteqrasiya yolunda uğurla irəliləyən Azərbaycanda demokratik dəyərlərin daha möhkəm özüllər üzərində bərqərar olaraq mütəhərrik inkişafı daim xüsusi diqqət yetirilən ən mühüm məqamlar sırasında yer alır. Bunun nəticəsidir ki, ölkəmizdə müasir dünya tələblərinə cavab verən demokratiya mühiti formalaşıb və bu mühitin daha zəngin xarakter alması  istiqamətində görülən işlərin miqyası daim genişlənir. Çünki demokratiya və onu xarakterizə edən əsas göstəricilər özü də mütəmadi inkişafda olan prosesdir. O da danılmaz həqiqətdir ki, yeni müstəqillik tariximizdə Azərbaycanın demokratiya yolunda qət etdiyi məsafəni dünyanın belə inkişaf formasını seçən əksər ölkələri daha uzun müddətə keçiblər. Beynəlxalq səviyyədə də açıq etiraf edilir ki, sosial-iqtisadi inkişaf dinamikasına görə uğurlu bir modelin əsasını yarada bilmiş Azərbaycan dünya miqyasında həm də  siyasi və demokratik tərəqqi yolunda möhtəşəm  nailiyyətlərə imza atan dövlət kimi xarakterizə olunur. Bu gün ölkəmizdə söz və fikir azadlığının, siyasi plüralizmin, çoxpartiyalı sistemin mövcudluğu, vətəndaşların azad seçiminə yüksək şərait yaradılması, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində mühüm nailiyyətlər əldə edilməsi Azərbaycanda demokratik mühitin vacib göstəriciləri sırasında yer alır. Hakimiyyət bölgüsü prinsipinin ən qabaqcıl dünya standartına uyğun olması, demokratik dəyərlərin inkişafı istiqamətində islahatların sürətli xarakter daşıması, aparıcı Avropa təsisatları ilə yüksək səviyyəli əməkdaşlıq qurulması, Qərb təcrübəsinin üstün cəhətlərinin uğurla mənimsənilməsi və bu qəbildən olan digər hallar ölkəmizdə demokratiyanın inkişafına zəruri töhfələr verib və verməkdədir. Bütün bunlar öz növbəsində Azərbaycanın mövcud tərəqqi yolunun nə dərəcədə düzgün olduğunu, eyni zamanda, inkişafın kompleks xarakter daşıdığını göstərir.

Azərbaycanın ərazi bütövlüyünün tezliklə bərpa edilməsi məqsədilə müstəqil xarici siyasət yeritməsinə gəlincə məlumdur ki, hərbi işğal, etnik təmizləmə, bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarının kobudcasına pozulması, ölkənin böyük bir hissəsində tarixi və mədəni irsimizin ermənilər tərəfindən dağıdılması faktlarını özündə cəmləşdirən Ermənistanın Azərbaycana qarşı təcavüzü ölkəmizin təhlükəsizlik mühitinin əsas təyinedici amili olaraq qalır və bu da öz növbəsində Azərbaycanın təhlükəsizlik və xarici siyasətinin formalaşdırılmasında əsas rol oynayır. Bu kontekstdə ATƏT-in Lissabon sammiti prinsipləri əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar yolu ilə həll edilməsinə və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin aradan qaldırılmasına Azərbaycan xüsusi önəm verir. Münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi danışıqların ilk günlərindən dəyişməz olaraq qalır. Biz münaqişənin həlli üçün erməni hərbi qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisindən çıxarılması, bu ərazilərdə Azərbaycanın pozulmuş suveren hüquqlarının bərpası, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, Azərbaycanın Dağlıq Qarabağ regionunda ölkənin hərtərəfli iqtisadi inkişafı çərçivəsində kommunikasiyaların bərpası və sosial-iqtisadi inkişaf üçün şərtlərin müəyyən olunması, qanuni və demokratik proses çərçivəsində Dağlıq Qarabağ regionunda Azərbaycan və erməni icmalarının dinc yanaşı yaşamasını və Azərbaycan Respublikasının tərkibində muxtariyyətini təmin edəcək statusun müəyyənləşdirilməsindən başqa ölkəmiz digər bir yol görmür və qəbul etmir.

Müasir dünya reallığı göstərir ki, beynəlxalq arenada qeyri-dövlət aktorları olan beynəlxalq terrorçu qruplaşmalar, hərbi separatçı hərəkatlar, etnik və dini ekstremizm, mütəşəkkil cinayətkarlıq şəbəkələri, habelə qeyri-qanuni miqrasiya, narkotik maddələr və insan alveri, kütləvi qırğın silahlarının yayılması, vacib enerji və nəqliyyat infrastrukturunda sabotaj riski və son illərin fenomeni olan kiber hücumlar qlobal və regional təhlükəsizlik mühitinə ciddi təsir göstərən amillərdir. Qeyd edilənlərə qarşı mübarizədə Azərbaycan daim öndə gedən dövlətlər sırasında yer alır və xarici siyasətində də buna xüsusi önəm verir. Ölkəmiz beynəlxalq terrorizm və kütləvi qırğın silahlarının yayılmasına qarşı mübarizə ilə bağlı çoxtərəfli və ikitərəfli çərçivədə beynəlxalq əməkdaşlığa fəal cəlb olunub. Terrorizmə qarşı mübarizəyə dair bütün beynəlxalq sənədlərə qoşulan Azərbaycan bu sahəyə dair daim məlumat mübadiləsi həyata keçirir və müvafiq məruzələr hazırlayır. Bununla yanaşı, Azərbaycan kütləvi qırğın silahlarının yayılmaması ilə bağlı beynəlxalq rejimin gücləndirilməsinə tərəfdardır və müvafiq nəzarətin həyata keçirilməsi üçün dünya birliyi və müvafiq təşkilatlarla əməkdaşlığı davam etdirir.

Regional əməkdaşlığı regionda sülhün və sabitliyin qorunub saxlanılması üçün mühüm amil hesab edən Azərbaycan məlum səbəblərə görə Ermənistan istisna olmaqla, bütün yaxın qonşuları ilə qarşılıqlı faydalı dostluq münasibətləri qurub. Coğrafi baxımdan Qərb ilə Şərqin kəsişməsində yerləşən Azərbaycan Avropa ölkələrindən mal və xidmətlərin böyüyən Asiya bazarlarına və əksinə daşınması üçün təbii keçid imkanını təmin edir. Bu mənada, Orta Şərq və Asiya ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasətində vacib yer tutur. Yaranmaqda olan siyasi güc mərkəzləri və sürətlə artan iqtisadiyyatlara malik bu regionlar iqtisadi, telekommunikasiya və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün perspektivlər açır. Bununla yanaşı, ölkəmiz Avropa və Avratlantik birliyin dəyərləri ilə bölüşür, çoxtərəfli Transatlantik təhlükəsizlik əməkdaşlığı proqramlarını inkişaf etdirərək Avropa qitəsində və onun sərhədlərindən kənarda təhlükəsizlik və sabitliyə töhfə verir.

Qeyd edilənlər belə bir nəticəyə gəlməyə əsas verir ki, ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra   1993-cü ildən başlayaraq Azərbaycan kifayət qədər uğurlu xarici siyasət strategiyası həyata keçirib. Ölkəmiz daim dəyişən beynəlxalq mühitə uyğunlaşmaqla yanaşı, eyni zamanda, regional liderə çevrilməyə nail olaraq milli maraqların həyata keçirilməsi, müstəqilliyin və suverenliyin gücləndirilməsi, ərazi bütövlüyünün bərpasına istiqamətlənmiş fəal xarici siyasət yürüdüb və yürütməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi altında isə ölkə daxili ilə yanaşı, xarici siyasət sahəsində də bundan sonra qazanılan uğurların miqyasının davamlı şəkildə genişlənəcəyi və Azərbaycanın yeni müvəffəqiyyətlərə imza atan dövlət kimi çıxış edəcəyi heç bir şübhə doğurmur. Gələcək inkişaf perspektivi daha işıqlı olan Azərbaycanın bununla beynəlxalq miqyasda malik olduğu nüfuz və mövqeyi daha da gücləndirəcək.

 

(ardı var)

 

 

Azərbaycan.- 2011.- 18 oktyabr.- S.  9.