«Azərbaycan qadını» jurnalının növbəti nömrəsi də oxuculara qeyri-adi konsert proqramı ilə təqdim olunmuşdur

 

Oktyabrın-16-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Azərbaycan qadını" jurnalının növbəti nömrəsinin təqdimat mərasimi keçirilmişdir.

Tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və KİV təmsilçiləri iştirak etmişlər.

Jurnalın yeni nömrəsində "Dünyanı daha da gözəlləşdirək" adlı məqalədə Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, xoşməramlı səfir, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Krans Montano Forumunda çıxışları dərc edilmişdir. Jurnalda oxucular dövlətimizin başçısına "PRIX DE LA FONDATION"  ali mükafatının    Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya Krans Montano Forumunun "Qızıl medal"ının təqdim edilməsi haqda da məqalə ilə tanış ola bilərlər.

Nəşrin bu nömrəsində cari ilin iyulunda Bakıda Müasir İncəsənət Muzeyində Heydər Əliyev FonduBMT-nin İnkişaf Proqramının təşkil etdiyi "Azərbaycan əcnəbilərin gözü ilə" fotosərgisi barədə də yazılmışdır.

"Azərbaycan qadını"nın oxucuları Dünyanın Yay Paytaxtı adlandırılan San-Trope yaxınlığındakı Ramatuel şəhərində "Şərq nağılına qeyri-adi səyahət"ə də dəvət olunmuşlar. Bu məqalədə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Ramatuel klassik musiqi festivalı çərçivəsində ölkəmizin mədəniyyətini və tarixini Avropaya tanıtmaq üçün "Azərbaycanın mədəni xəzinəsi" layihəsinin təqdimatından bəhs edilmişdir.

 Jurnalda güləş üzrə 2008-ci ildə Pekin Olimpiadasında bürünc medal, 2008-2009-2010-cu illərdə Avropa çempionatında qızıl medal, 2009-cu ildə dünya çempionatında isə qızıl medal qazanmış Mariya Stadnik haqqında da geniş məqalə dərc edilmişdir. Nəşrdə Bakıda keçirilmiş və paytaxtımızın həyatında parlaq hadisəyə və əsl bayrama çevrilmiş "Qız qalası festivalı"na da yer ayrılmışdır.

"Azərbaycan qadını"nın yeni nömrəsində oxucular "Üns" Teatrının bədii rəhbəri,  M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı filialının rektoru, professor Nərgiz Paşayeva barədə də məqalə ilə tanış olurlar. Jurnalda həm də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedyevin "Dostluq ordeni"nin təqdim edilməsi mərasimində Nərgiz Paşayevanın nitqijurnala verdiyi eksklüziv müsahibəsi də təqdim edilmişdir.

Jurnalın bu nömrəsinin daha bir maraqlı layihəsi isə balaca rəssam və fotoqraf Şeyda Əliyevanın "Əziz xələflər" layihəsidir. Foto sessiyanın əsas qəhrəmanları uşaqlardır. Jurnalda "Əmirovlar ocağının şöləsi", "Yuvasına dönən səs", "Sənət pərvanələri" və digər maraqlı məqalələr, müsahibələr dərc edilmişdir. Jurnalın bu nömrəsinin daha bir qəhrəmanı musiqinin hamı tərəfindən anlaşılan yeganə dilində danışan, pianoçu İsfar Sarabskidir.

Jurnalın hər nömrəsinin oxuculara qeyri-adi konsert proqramı ilə təqdim olunması artıq bir ənənəyə çevrilmişdir. Bu dəfə isə konsertin əsas qəhrəmanları jurnalın müsahiblərindən biri olan İsfar Sarabskibu günlərdə ölkəmizdə keçirilən Beynəlxalq caz festivalının ritmləri oldu.

Konsertdə İohan Sebastyan Baxın "Hava", Astor Piazzollanın "Oblivion", Pyotr Çaykovskinin "Qu gölü" baletindən hissə, Vaqif Mustafazadənin "Popurri", Tofiq Quliyevin "Zibeydə" və İsfar Sarabskinin "Novruz", "Son fürsət", "Deja Vu", "Agent", "Dirçəliş" əsərləri səslənmişdir.

Ritmlərin, melodiyaların və improvizələrin harmoniyasında təcəssüm tapan bu musiqi parçaları ifaçılar və tamaşaçılar arasında rabitə yaradaraq onları gözəl bir atmosferdə qovuşdurmuşdur. Ecazkar musiqi hər iki tərəfdə müsbət emosiyalar aşılamışdır. Bir sözlə, bir konsert özündə iki hadisəni birləşdirdi. Konsertdə pianoda Prezident təqaüdçüsü İsfar Sarabski ifa etmişdir. Onu bassda Makar Novikov, zərb alətlərində Aleksandr Maşin müşayiət etmişlər.

Jurnal haqqında fikirlərini bildirən pianoçu  İsfar Sarabski, bu nəşrdə dərc edilən müsahibəsinin ürəyincə olduğunu bildirərək demişdir: "Mənə həsr olunmuş müsahibədə oxucu qeyri-adi suallara cavab tapa bilir. Bu müsahibə piano ifaçısına həsr olunmuş hekayəyə bənzəyir. İfa etdiyim caza gəlincə isə, bu mənim üçün sonu olmayan bir incəsənətdir. Musiqinin bu janrında hər zaman yenilik tapmaq mümkündür. Konsertdə ifa etdiyim əsərlər sırasında öz bəstələrim də vardır. Bu əsərləri dostuma, klassik musiqiyə və Novruz bayramına həsr etmişəm. Hər bir kompozisiyanın öz mənası vardır".

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-  18 oktyabr.- S. 11.