Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində tədbir keçirilmişdir

 

 Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyində respublikamızın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanmış tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilmişdir.

Səfir Tofiq Abdullayev Azərbaycanın keçdiyi müstəqillik yolundan və 20 il ərzində ölkəmizdə gedən geniş quruculuq işlərindən danışmışdır. Diplomat vurğulamışdır ki, müstəqilliyin ilk illərində xalqımız ciddi problemlərlə üzləşmişdir. Müstəqilliyin itirilməsi təhlükəsi var idi. Lakin həmin dövrdə xalq müstəqilliyinə sahib çıxmaq üçün öz xilaskar oğluna - Heydər Əliyevə üz tutmuşdur. İctimaiyyət nümayəndələrinin, ziyalıların təkidli xahişi ilə 1993-cü ildə respublikada siyasi hakimiyyətə qayıdan ulu öndər ölkəni parçalanmaq təhlükəsindən xilas etmiş, dövlət müstəqilliyimizin əbədi və dönməz olması üçün möhkəm zəmin yaratmışdır.

Azərbaycanlı diplomat qeyd etmişdir ki, ulu öndərin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti sayəsində Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə böyük nailiyyətlər əldə etmişdir. Səfir Azərbaycanın dünyada ən sürətlə inkişaf edən bir dövlətə çevrildiyini və ölkəmizdə böyük sosial-iqtisadi tərəqqiyə nail olunduğunu bildirmişdir.

Digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyimizin qorunub saxlanması istiqamətində  həyata keçirilən tədbirlərdən danışmışlar. Vurğulanmışdır ki, ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasəti və yenilməz iradəsi sayəsində beynəlxalq əhəmiyyətli layihələrə imza atılmışdır. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Cari il oktyabrın 11-də Səudiyyə Ərəbistanının nüfuzlu "Əl-Cəzirə" qəzetində "Azərbaycan Respublikası: müstəqilliyin bərpası" sərlövhəli geniş məqalə dərc olunmuşdur. Yazıda Azərbaycan müstəqilliyinin bərpa tarixindən, son 20 ildə ölkədəki inkişafdan, xalqın rifahı naminə həyata keçirilmiş tədbirlərdən bəhs edilmişdir.  Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər öz əksini tapmış, beynəlxalq qurumlar tərəfindən Ermənistanın işğalçı ölkə kimi tanınması faktı vurğulanmışdır.

Bundan əlavə, T.Abdullayev Səudiyyə Ərəbistanı Krallığının "Diplomat" jurnalına Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci ildönümü ilə bağlı geniş müsahibə vermişdir.

 

 

Azərbaycan.- 2011.-18 oktyabr.- S.  12.