Ötən 20 ildə AMEA-nın Memarlıq və İncəsənət İnstitutu əməkdaşlarının iki mindən çox kitabı nəşr olunmuşdur

 

 Oktybarın 17-də AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş "Tarix və incəsənət tarixi" mövzusunda elmi konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə institutun direktoru, professor Ərtegin Salamzadə "Azərbaycan sənətşünaslığı müstəqillik illərində" mövzusunda məruzə ilə çıxış etmişdir.

Memarlıq və İncəsənət İnstitutunun 60 illik şərəfli bir tarixi yol keçdiyini diqqətə çatdıran Ə.Salamzadə bildirmişdir ki, hazırda institutda 10 şöbə fəaliyyət göstərir.

Müstəqillik illərindən başlayaraq institutun əməkdaşları tərəfindən milli-mədəni irsimizin öyrənilməsi istiqamətində aparılmış işlərdən, beynəlxalq əlaqələrinin genişlənməsi istiqamətində atılan məqsədyönlü addımlardan söz açan natiq bildirmişdir ki, dövlətimizin müstəqilliyinin bərpa edilməsi bütün sahələrdə olduğu kimi bizim də işimizdə əsaslı dönüş yaratmışdır.

Vurğulanmışdır ki, ötən 20 ildə institutun əməkdaşları araşdırdıqları, tədqiq etdikləri sahələri özündə əks etdirən 2 mindən çox kitab nəşr etdirmişlər. Bu kitabların 200-ü monoqrafiyadır. Eyni zamanda əməkdaşlarımızın bir çox əsərləri xarici ölkələrdə işıq üzü görmüşdür. Bütün bunlar bizi olduqca sevindirir.

Son illər ərzində Memarlıq və İncəsənət İnstitutunun  təşəbbüsü ilə bir çox beynəlxalq konfranslar keçirilmişdir. Qarşılıqlı  əməkdaşlığa xüsusi önəm verən institut dünyanın, eləcə də MDB-nin bir çox müvafiq qurumları ilə əməkdaşlıq müqavilələri bağlamışdır.

Tədbirdə milli-mənəvi irsimizin tədqiqi istiqamətində qarşıda duran vəzifələr və AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşlarının yorulmaz fəaliyyəti bir daha geniş şərh edilmişdir.

Konfransda "Müstəqillik dövründə Azərbaycan musiqisi", "Müstəqillik dövründə Azərbaycan musiqisi beynəlxalq məkanda", "Xalça sənəti müasir dövrdə" və digər mövzularda məruzələr dinlənilmişdir.

 

 

Azərbaycan.- 2011.-18 oktyabr.- S.  17.