Sağlamlığınıza dərd axtarmayın...

 

 Bir həmkarımızdan nə üçün siqaret çəkdiyinin səbəbini soruşduqda çox təəccüblə və bəlkə də kinayə ilə bizi süzərək "indi bütün elit xanımlar siqaret çəkir" söylədi. Hətta açıq şəkildə olmasa da, cümlələrinin yozumundan bizi "geridə qalmış" hesab etdi. Doğrudanmı, belədir?

Televiziyada reklam dəqiqələri idi. Xalq artisti, tanınmış kino aktrisası damağındakı siqareti ləzzətlə sümürə-sümürə danışırdı. Amma burada  siqaret çəkməyin, onun bu şəkildə reklamının yeri deyildi. Xüsusilə də sifətin tüstü içində itməsi xoşagələn mənzərə yaratmırdı. Görəsən, nə olub bizə?

Siqaretin insan orqanizmi üçün zərərli olduğu barədə kifayət qədər məlumat var. Bu mövzuda demək olar ki, tez-tez danışılır. Siqaretçəkənlə çəkməyənin sağlamlığı, ömrü haqqında müqayisələr aparılır, nəticələr göstərilir. Bu tüstülü bəlanın insan həyatı üçün necə təhlükəli olması indi heç kim üçün sirr deyil. Siqaretçəkənlərin vərəm, astma, ağciyər xəstəliyinə tutulmaq ehtimalı çəkməyənlərdən dəfələrlə çoxdur. Papiros tüstüsü dişin emalını zədələyir, sinir sistemində xroniki xəstəliklər törədir, eləcə də mədə-bağırsaq yollarında, bronx və ciyərlərdə müxtəlif fəsadlar yaradır, damarların yığılması nəticəsində digər qorxulu xəstəliklər meydana çıxır. Bu pis vərdişin aludəçiləri çox erkən ürək xəstəliyinə mübtəla olur, qan təzyiqindən əziyyət çəkirlər. Siqaret tüstüsündə nikotindən əlavə, başqa zərərli maddələr də var. Sübut olunmuşdur ki, gündə iki qutu siqaret çəkənlərdə xərçəng xəstəliyinə tutulma halları çəkməyənlərdən 20 dəfə artıqdır. Bununla belə, yenə də insanlar sağlamlıqları üçün həddən ziyadə qorxulu sayılan bu dərd verən "gözəli" dəlicəsinə sevir, ondan ayrılmaq istəmirlər. Acı tüstünü - əsl zəhəri ciyərlərinə çəkməkdən usanmırlar.

Əlbəttə, siqaretdən üz döndərməyi, onu tərgitməyi hamıya məsləhət görərdik. Cibinizi, ən başlıcası da ciyərlərinizi yeyən bu bəlalı vərdişdən özünüzü xilas edin! Təbii ki, iradəli insanlar hər şeyə qadirdirlər. İndi bütün dünya bununla bağlı müxtəlif tədbirlər keçirir, bəşəriyyətin böyük əksəriyyətinin düçar olduğu bu bəladan xilasolma yolları haqqında düşünürlər.

Tarixə bir nəzər: Tütünün vətəni Cənubi Amerikadır. Avropaya XV əsrin axırında gətirilərək dekorativ bitki kimi becərilmişdir. Azərbaycanda tütünün tarixi XVII-XVIII əsrlərdən başlanıb. XIX əsrin 30-40-cı illərində isə Azərbaycanda tütün təsərrüfat sahələrindən birinə çevrilmişdir. Tütünlə bağlı ədəbiyyatda yazılır: "Tütün məmulatından istifadə və papirosçəkmə məişət narkomaniyasının növlərindən biridir".

Uzun illərdir ki, ABŞ-da, Portuqaliyada, İsveçdə tütün məmulatlarının zərəri haqqında ciddi söhbətlər aparılır və siqaretin reklamı bu ölkələrdə qəti qadağandır. Ötən illərdə Asiya və Şərqi Asiya ölkə yazıçılarının ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən konfransında iştirak edirdik. Siqaretlə bağlı diqqətimizi çəkən bir məsələni xatırlamalı olduq. Bir zaman Bakının küçələrində tez-tez rast gəldiyimiz siqaret reklamları var idi: "Amerikanın ləzzətini kəşf et, dadına bax". Nə qəribədir ki, öz tütün məmulatını bütün dünyaya böyük həvəslə reklam edən bu ölkədə ictimai yerlərdə, təyyarədə, limanda, bəzi otellərdə, salonlarda, restoranlarda, rəsmi toplantılarda siqaret çəkmək qəti qadağandır. Hünərin çatırsa, bu qanunu poz. Elə həyəcan siqnalı çalınacaq ki, Vaşinqtonun bütün polisləri ayağa qalxacaq. ABŞ-ın Dallas hava limanında bunu gözlərimizlə gördük. Doqquz saat təyyarədə hövsələsinə güclə yiyə durub siqaret çəkməyən səfər yoldaşımız hava limanında bizdən ayrılaraq harasa tələsdi... Üç-beş dəqiqə sonra polislər başımıza töküldü.

Rəngi-rufu qaçmış soydaşımız bildirdi ki, siqaret çəkmək istəyirmiş. Təəssüf ki, baş tutmayıb. Və orada bir məsələ də danışdılar ki, limanda siqaret çəkmək istəyənlər üçün xüsusi yer var. Amma orada elə qeyri-adi güzgülər quraşdırılıb ki, içəri girən siqareti axıra qədər çəkə bilmir. Özünü elə əcaib formada görür ki, hər şeydən iyrənir. Çox gözəl üsuldur.

Siqaretə münasibətdə bir ziddiyyət də var. Bir tərəfdən tütün məmulatlarının üstünə yazılır: "Səhiyyə Nazirliyi sizi xəbərdar edir. Siqaret səhhətinizə ziyandır". O biri tərəfdən siqaret bazarı daha da genişləndirilir, zavodlar, fabriklər tikilir, tütün plantasiyaları salınır. Müştəriləri cəlb etmək üçün cürbəcür siqaret qutuları hazırlanır. Bu, bəlkə də başqa bir mövzunun söhbətidir.

Bütövlükdə, cəmiyyət bu tüstülü bəlanın qarşısında aciz qalıb. İnsan öz əli ilə öz sağlamlığına qəsd edir. Deyək ki, dədə-babadan qəlyan tüstülətmək, müştükdə siqaret çəkmək kişilərin adəti olub. Amma Azərbaycan qadını heç vaxt siqaret çəkməyib. "Kişidən barıt, qadından ətir qoxusu gələr" deyiblər.

Siqaret və qadın. Bunlar bir-biri ilə uyğun gəlməyən ifadələrdir. Gözəlliklə eybəcərlik, qaranlıqla işıq, göyərçinlə ilan kimi. Əvvəllər ancaq xarici kinofilmlərdə gördüyümüz siqaret tüstülədən qadınlar indi təzadlarla dolu Bakı küçələrində rast gəlinir. Bir göz qırpımında siqaret çəkməyi əcnəbilərdən əxz edən qadınlar nə onun əxlaqi, mənəvi dəyərlərimizə daban-dabana zidd olduğunu, nə də sağlamlığa mənfi təsir göstərdiyini qətiyyən düşünmürlər. Bizə həmişə elə gəlib ki, siqareti kişi çəkər. Yəni, qadının damağında siqaret görmək çox ayıb bir sayılıb və bəlkə də ağıla gəlməyib.

Aparılan tədqiqatlar göstərir ki, İkinci Dünya müharibəsindən sonra ərlərini, oğullarını, əzizlərini itirən bəzi yaşlı qadınlar arasında siqaretə meyil göstərənlər olub. Bu işə bir qədər də avamlıq, savadsızlıq təkan verib. Onlara elə gəlib ki, dərdlərini unutmaq, xiffətlərini boğmaq üçün papiros ən yaxşı vasitədir. Amma heç zaman düşünməyiblər ki, siqaret çəkmək də sadəcə, məişət narkomaniyasıdır. Və o biçarələr də siqareti gizli çəkiblər. Qınaqdan, iraddan çəkiniblər. Kimsə də onların üzünə bir söz deməyib. Zaman keçdikcə, yaralar sağaldıqca, həyat öz ahənginə düşüb. Radionun, televiziyanın bu sahədəki müəyyən təbliğatı öz işini görüb. İndi isə vəziyyət tamam başqa cürdür. Biz kişiləri bu vərdişdən əl götürməyə çalışmalı olduğumuz bir zamanda, əksinə, cidd-cəhdlə qoşulmuşuq onlara. Maraqlısı da budur ki, siqaret həvəskarlarının arasında gənc qızlar, "savadlı" qadınlar daha çoxdur. Hansısa bədii əsərdə oxumuşam. Müəllifini dəqiq bilmirəm, amma çox sərrast və düşündürücü müqayisədir: "Siqaretçəkən qadınla öpüşmək, külqabını öpmək kimi bir şeydir". Bəzilərinin xətrinə dəysə də, əsl həqiqətləri gizlətmək mümkün deyil. Bəli, qadın siqaret çəkməməlidir. Əli körpəli gəlinlər, hamilə xanımlar, gənc qızlar qətiyyən bu yaramazlığa meyil etməməlidirlər. Nikotinlə zəhərlənmiş bədəndən qidalanan körpənin gələcək taleyi necə olacaq?! Şübhəsiz ki, ana üçün övladının sağlamlığından vacib, əhəmiyyətli heçola bilməz. Heç fikir veribsiniz? Siqaretçəkən qadının dərisinin təravəti necə itir, üz-gözündə bir solğunluq olur. Nə qədər ənlik-kirşanla bunu gizlətməyə çalışsa da, alınmır, səsdəki kobudluq, tutqunluq isə siqaretin fəsadlarından xəbər verir.

Azərbaycan ədəbiyyatında ən müxtəlif tiplər yaratmış Mirzə Fətəlinin, Cəfər  Cabbarlının, Hüseyn Cavidin, Səməd Vurğunun, Mirzə İbrahimovun, İlyas Əfəndiyevin əsərlərində siqaretçəkən qadın obrazı yoxdur. Bu ədiblərin qəhrəmanları olan qadınlar avamdır, cahildir, xanım-xatındır, sevəndir, cəsurdur, işgüzardır, hiyləgərdir... amma siqaretçəkən deyil. Bəs nədən sonra ab-hava dəyişdi? Bəzi nəsr əsərlərində, eləcə də kinofilmlərdə siqaretçəkən qadın obrazları peyda olundu. Azərbaycan ekranında "Gün keçdi", "Qayınana", "Təhminə və Zaur" kimi filmlərdə qadın obrazlarının əlində siqaret göründü. Amma kaş ki, bu məqam olmayaydı. Obrazın daxili aləmini açmaq üçün istifadə olunan bu üsul adətən Qərb ədəbiyyatından, kinosundan bizim ədəbi əsərlərə gəldi. Təəssüflənirik... Çünki bəzən siqaret çəkən xanımlar özlərinə haqq qazandırmaq üçün belə əsərlərdən, filmlərdən misallar gətirirlər, nümunələr göstərirlər. Bir pis məqam da var ki, hər hansı bir kişi siqaretçəkmək istəyəndə mütləq yanındakı qadından izin, üzr istəyər, yaxud da ondan uzaqlaşmağa çalışar. Vay odur ki, siqaret çəkməyən qadının yanında başqa bir xanım siqareti həvəslə damağına qoyub tüstüsünü yan-yörəsindəkinin üz-gözünə üfürsün. Bir dəfə Türkiyədə olarkən Bakıdan tanıdığım köhnə tanışımla təsadüfən rastlaşdım. Bizi evinə qonaq apardı. O, Bakıda yaşayanda siqaretin tüstüsündən qaçardı, "allergiyam var" deyərdi. İndi gördüyümə inana bilmirdim. Aman vermədən siqareti siqaretin dalınca alışdıran ev sahibəsinə heyrətimi bildirəndə söylədi: "Canım, o, Bakı idi, burada həpsi siqara içiyor". Bəli, məhz içir! Təəssüf ki, indi Bakıda da qadınlar arasında siqaret çəkmək çox sürətlə dəbə düşüb. Xüsusilə də gənc qızlar və sənətçi xanımlar arasında müşahidə olunan bu hal bağışlanmazdır. Gəlin gedəcəkləri evə özləri ilə birgə siqaret qoxusutüstüsü aparan  qızların gələcəkdə gözəl ana, yaxşı ailə sahibi ola biləcəkləri şübhə altındadır. Müğənni xanımların siqaret çəkməsi lap bağışlanmazdır. Bir neçəsi ilə aparılan söhbətdən aydınlaşıb ki, onlar bu görüntüləri ilə "müasir" olduqlarını, avropalı kimi düşündüklərini nümayiş etdirmək istəyirlər. Amma unudurlar ki, məhz avropalılar nəyə nifrət bəsləyirsə, bizim xanımlar onu əxz edirlər. Amerikadan ötəri ürəyi keçən xanımın xəbəri yoxdur ki, o, həmin ölkənin konsert salonunda belə siqaret tüstülətsə, ona kəsilmiş cərimədən uzun illər qurtula bilməz. Başqa peşə sahibləri o qədər də göz önündə deyillər. Amma mədəniyyət işçiləri həmişə diqqət mərkəzində olurlar. Onların siqaretə can-dildən aludəlikləri həm özlərinə, həm də kənarda olanlara pis təsir göstərir. Şəhərimizdəki teatrlarda tez-tez oluram. Bəzən gördüklərimdən dəhşətə gəlirəm. Bütöv bir teatrın qadın aktrisaları içində bir neçəsi istisna olmaqla, hamısı siqaret çəkir, hətta az qala siqaret çəkmək rejissor xanımların imicinə çevrilib. Siqaretçəkən qadının təkcə orqanizmi  zəhərlənmir, səsi də kobudlaşır, nəfəsi də ağırlaşır. Xüsusilə də bədii qiraətlə məşğul olan xanımın fasiləsiz siqaret çəkməsi həm öz canına, həm də sənətinə xəyanət etməsidir. Siqaretə aludə xanımlardan bəziləri hətta daha "modern" görünmək üçün ciblərində  yaxud da əl sumkalarında xüsusi külqabı gəzdirirlər. Sanki özlərini mədəni göstərmək üçün kişilərin ünvanına ironiyalı ifadələr işlədə-işlədə siqaretlərini söndürürlər. Bəzilərinə hətta elə gəlir ki, siqaret çəkmək kübarlıq əlamətidir və sən yüksək təbəqənin nümayəndəsi olduğunu bildirirsən.

Çoxdan tanıdığım bir jurnalist xanımın bu yaxınlarda televiziyada nitqinə qulaq asanda çox heyrətləndim. Səs o qədər qalınlaşmışdı ki, əvvəlki diksiyasından əsər-əlamət qalmamışdı. Səsin kobudluğu sözlərin də tələffüzünə pis təsir edirdi. Kəlmələr adamın əsəbini qıcıqlandırırdı. Səbəbi ilə maraqlananda onu yaxından tanıyanlar "siqaret çəkir" dedilər. Anlamaq olmur ki, insan da özünə bu dərəcədə qatı düşmənçilik edərmi?

Kompyuterin, mikrafonun... daha nəyin hesabına müğənnilik edən xanımlar var ki, ilk baxışda onların ifasında qüsur tapmaq olmur. Sanırsan ki, olanı budur. Elə ki, bir balaca söhbət etdin, səsdəki quruluq, kobudluq adamı təəccübləndirir. İnanmağın gəlmir ki, bu xanım necə mahnı oxuyur. O nəğmədəki avazla bu danışıqdakı səs arasında bənzəyiş yoxdur. Təəssüf ki, papiros azarkeşi olan qadınlar çox şeyi unudurlar. Bir az yaşlaşan kimi nəfəs təngiyəcək, səs xırıldayacaq, səhnə görkəmi tamam itəcək. Bütün bunlara səbəb isə illər yox, siqaretdir. Siqaretin vurduğu  ziyanı milyonlarla para da aradan götürə bilməz. Sonra bu analar öz övladlarına "siqaret çəkmə" deyə biləcəklərmi? Yoxsa, siqaret artıq "ailə sevincinə" çevrilib?

Son vaxtlar daha şiddətlə dəbə düşmüş bu vərdişə uyanlara elə gəlir ki, siqaret çəkmək müasirlikdir, dünyagörüşün genişliyidir, fərqlənməkdir, seçilməkdir. Təəssüf k, bütün bunların heç biri deyil. Sadəcə olaraq, bilə-bilə canına qəsd etməkdir. Gəlin bu barədə ciddi düşünək. Unutmayaq ki, insan dünyaya bir dəfə gəlir. Sıradan çıxan sağlamlığı isə heç nə ilə bərpa etmək mümkün deyil. Sağlam bədəndə sağlam ruh olar. Allah ruhunuzu qəfil qadalardan hifz eləsin!

Biz bu yazını sizlərə sevərəkdən yazdıq. Ziyanın yarısından qayıtmaq da gec deyil. Araşdırmalar həqiqətən göstərdi ki, siqaret çəkmək heç də kübarlıq əlaməti deyil! Vallah, elitliyə də dəxli yoxdur! Eləcə öz əlinizlə varlığınıza xəstəlik axtarırsınız, sağlam canınıza dərd yapışdırırsınız, ömrünüzü baltalayırsınız!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.- 18 oktyabr.- S.  23.