Almatıda nəşr olunan «Altın körpü» jurnalının son nömrəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında geniş məqalə dərc edilmişdir

 

 Almatıda Azərbaycan, qazax, türk və rus dillərində nəşr olunan "Altın körpü" jurnalının son nömrəsində  Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın hərtərəfli fəaliyyətindən bəhs edən geniş məqalə dərc edilmişdir. Material rəngli şəkillərlə müşayiət olunur.

Jurnalın üz qabığında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəngli şəkli də verilmişdir.

Nəşrin ilk fəsli Azərbaycana həsr olunmuşdur. Jurnallarda Azərbaycan Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə birlikdə "Hilton Bakı" hotel kompleksinin açılış mərasimində iştirakı və dövlətimizin başçısının həmin tədbirdəki nitqi də əksini tapmışdır.

Məqalənin müəllifləri jurnalistlər Ramiz Məşədihəsənli və Hökümə Xəlilovadır.

Ramiz Məşədihəsənli demişdir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təqdirəlayiq fəaliyyəti barədə  Bişkekdə nəşr edilən "Türkel", Almatıda çıxan "Vətən" qəzetlərində geniş yazılar dərc olunmuş, həmçinin Bişkek və Almatıda radiolarda veriliş yayımlanmışdır.

"Altın körpü" jurnalı Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün 2008-ci ildə Qazaxıstana rəsmi səfəri zamanı irəli sürdüyü təklifə əsasən nəşr olunur.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

Almatı

 

Azərbaycan.- 2011.- 19 oktyabr.- S.  4.