Aleksey Şeynin: Bakıda Beynəlxalq Humanitar Forumu faydalı və mötəbər tədbir kimi qiymətləndirirəm

 

 "Bakıda  Beynəlxalq Humanitar Forumu iştirakçılarına görə faydalı və mötəbər tədbir kimi qiymətləndirirəm. Təşkilatçıların da işi yüksək səviyyədədir. Qonaqpərvər proqramı isə tərifləməyə söz tapmıram". Bu sözləri  AzərTAc-a müsahibəsində "Petit" nəşriyyat evinin prezidenti Aleksey Şeynin demişdir. 1991-ci ildən fəaliyyət göstərən "Petit" nəşriyyat evi əsas etibarilə rus dilində qəzet və jurnalların, o cümlədən  "Ças" qəzetinin, həftəlik "Subbota" qəzetinin, "Lyublyu" qadın jurnalının, latış və rus dillərində iki telebələdçinin, pulsuz "Rijski santim" qəzetinin nəşri ilə məşğuldur.

 A.Şeynin demişdir: "Məni gündəliyi çox dürüst ifadə olunaraq "XXI əsr: ümidlər və çağırışlar" adlandırılmış bu humanitar foruma dəvət edən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova minnətdarlığımı bildirirəm". Forumda iştirakının peşəkar fəaliyyətinə aid olduğunu və təşkilatçıların "Sosial jurnalistika və yüksək texnologiyalar" panelini kifayət qədər yüksək səviyyədə təşkil etdiklərini vurğulayan A.Şeynin əlavə etmişdir ki, jurnalistikanın tamamilə yeni növündə yüksək texnologiyaların tətbiqi ilə bağlı çoxlu maraqlı fikirlər səsləndi. Belə ki, texnologiyaların inkişafı internetdə qanun yaradıcılığı fəaliyyətini də xeyli qabaqlayır".

A.Şeynin forumda Latviyada hazırlanmış  WhiteNet ( şəbəkə)  proqramından söz açmışdır. Bu proqram pornosaytlar əleyhinə  proqramdır və hər gün bu məzmunda yaradılan yüz minlərlə saytı  tanımağa qadirdir.

Bakı haqqında təəssüratlarını bölüşən A.Şeynin demişdir: "Son dərəcə valehedicidir. Xüsusən, şəhər quruculuğu, ultramüasir  dəbdəbəli binalar heyran qoydu.  Gözəl arxitektura, əla yollar, yolboyu çoxlu yaşıllıq. İnsanların düzgün ekoloji təfəkkürə malik olmaları xoş təsir bağışlayır".

 

 

Nigar HÜSEYNOVA,

AzərTAc-ın xüsusi müxbiri

Riqa

 

Azərbaycan.- 2011.- 19 oktyabr.- S. 6.