Azərbaycan nümayəndə heyəti Tbilisidə qanunvericilik prosesinin təkmilləşdirilməsi mövzusunda beynəlxalq konfransda iştirak etmişdir

 

 Tbilisidə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və Gürcüstan Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə qanunvericilik prosesinin təkmilləşdirilməsi mövzusunda ikigünlük beynəlxalq konfrans keçirilmişdir.

Konfransın işində Almaniya, Hollandiya, Azərbaycan, Gürcüstan və digər ölkələrdən nümayəndə heyətləri iştirak etmişlər.

Konfrans iştirakçısı,  Azərbaycan Respublikası Milli Məclisinin inzibati və hərbi qanunvericilik şöbəsi müdirinin müavini Səyyad Kərimov beynəlxalq tədbirlə bağlı təəssüratlarını AzərTAc-ın xüsusi müxbiri ilə bölüşərək  demişdir: "Konfransda hüquqi tənzimlənmənin keyfiyyətinin artırılması, qanunvericilik prosesinin təkmilləşdirilməsi sahəsində müzakirələr aparılmış, təcrübə mübadiləsi edilmişdir. Biz iştirakçı ölkələrdə qanunvericiliyin keyfiyyətinin artırılması təcrübəsi ilə tanış olduq, həmçinin Azərbaycanın bu sahədə qazandığı təcrübəni onların diqqətinə çatdırdıq.

Konfransda həmçinin az maliyyə vəsaiti və inzibati resurslar sərf etməklə daha keyfiyyətli hüquqi tənzimləmənin həyata keçirilməsi yolları da müzakirə olundu. Avropa ölkələrinin bu sahədə qazandığı təcrübənin postsovet məkanında tətbiqi baxımından da konfrans maraqlı keçdi. Biz ölkəmizdə hüquqi tənzimləmənin qiymətləndirilməsi sahəsində mövcud olan real təcrübə barədə iştirakçılara məlumat verdik. Qeyd edim ki, bu təcrübə bizdə yenidir. Avropanın inkişaf etmiş ölkələrinin bu sahədəki təcrübəsi onun daha da zənginləşdirilməsinə yardım edərdi. Məncə, konfrans iştirakçılarının təcrübə mübadiləsi qanunvericilik prosesinin daha da təkmilləşdirilməsi baxımından səmərəli keçdi".

 

 

İslam ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Tbilisi

 

Azərbaycan.- 2011.- 22 oktyabr.- S.  6.