Fransa televiziyasında Azərbaycandan bəhs edən veriliş yayımlanmışdır

 

 Dünyanın müxtəlif ölkələrində baş verən mühüm hadisələrdən veriliş hazırlayıb  tamaşaçılara  təqdim edən Franse-5 televiziya kanalında Azərbaycana həsr olunmuş təxminən bir saatlıq veriliş yayımlanmışdır.

"Azərbaycanın nəhəng tikintiləri" adlanan veriliş  bütünlüklə  ölkəmizdə gedən tikinti-quruculuq işlərinə həsr olunmuşdur.

Verilişin aparıcısı yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin, strateji baxımdan əlverişli coğrafi məkanda  yerləşən  Azərbaycanın 20 il əvvəl müstəqilliyini yenidən bərpa etdiyini xatırlatmış, SSRİ-nin süqutundan sonra keçmiş sovet respublikaları kimi, Azərbaycanın da xalq təsərrüfatının dağıldığını, iqtisadiyyatının iflic vəziyyətə düşdüyünü bildirmişdir. Lakin xarici investorların ölkəmizə cəlb edilməsi, müasir tarixə "Əsrin müqaviləsi" kimi düşmüş dünyanın məşhur neft şirkətləri ilə bağlanmış kontraktlar və nəhayət, aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyi, ümumi daxili məhsulun həcminin artımına görə  respublikamızın  Müstəqil Dövlətlər Birliyi ölkələri arasında birinci sıraya çıxdığı, Cənubi Qafqaz bölgəsində əsas aparıcı dövlət olduğu xüsusi vurğulanmışdır. Ölkə rəhbərliyi tərəfindən qəbul edilmiş  regionların inkişafı ilə bağlı proqramın uğurla həyata keçdiyi, şəhər, qəsəbə və kəndlərin getdikcə öz simalarını dəyişərək müasir görkəm alması tamaşaçıların diqqətinə çatdırılmışdır. Ölkədə gedən quruculuq işlərinə, yeni tikintilərin inşa edilməsinə nümunə kimi Bakı şəhərindən, onun tikinti meydançalarından ayrıca söhbət açılmışdır.

Heydər Əliyev Mərkəzinin inşasına verilişdə xüsusi yer ayrılmış, bu tikintinin Avropada bənzərsiz bir bina olduğu vurğulanmışdır.  Tikintini aparan təşkilatın rəhbərinin mərkəzin inşası ilə bağlı ətraflI məlumatı fransız tamaşaçılarına çatdırılmışdır.

Bakının görməli yerində inşa olunan və alov dillərini xatırladan üç binanın tikintisindən də ətrafı söhbət açılmış, belə quruluşda binanın Avropada tayı-bərabəri olmadığı, onun inşasında istifadə olunan materialların diqqətlə seçildiyi bildirilmişdir.

Sovetlər birliyi dövründə tikilib istifadəyə verilmiş mehmanxanaların yerində müasir tələblərə cavab verən hotellərin ucaldılmasından da söhbət açılmışdır. Buna misal kimi  Dənizkənarı Milli Parka yaxın ərazidə tikilərək istifadəyə verilmiş "Hilton" mehmanxanası göstərilmişdir.

Aparıcı Qərb və Asiya memarlıq nümunələrinin qovuşduğu Azərbaycanda gedən tikinti-quruculuq işləri zamanı tarixi memarlıq üslublarının nəzərə alındığını bildirmiş, gecələr binalar işıqlandırılarkən Bakının daha yaraşıqlı və füsunkar görünüş aldığını vurğulamış, yaxın zamanlarda onun  artıq Avropanın ən gözəl  paytaxtlarından birinə çevriləcəyini xüsusi qeyd etmişdir.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Paris

 

Azərbaycan.- 2011.- 22  oktyabr.- S., 7.