Məhbubənin töhfəsi

 

 Qədim Gəncədə ulu Nizaminin 870 illik yubileyinə böyük hazırlıq görülür. Bu yubileyə Gəncə rəsm qalereyasında çalışan Məhbubə Həsənovanın da öz hədiyyəsi var. O, rəsmə, rəssamlığa böyük maraq göstərir. İlk işləri Bakıda, Səttar Bəhlulzadə adına sərgi salonunda nümayiş etdirilib. Beynəlxalq uşaq ili münasibətilə Gəncə Tarix-diyarşünaslıq muzeyində isə Danimarka yazıçısı Andersonun əsərlərinin personajlarından ibarət kolleksiyası sərgilənib.

Məhbubə xanımın yaradıcılığında əsasən dekorativ və tətbiqi sənətin qarışıq texnikası üstünlük təşkil edir. Kibrit çöpləri, çay daşları, kömür, bitki toxumları, muncuqlar, kuklalar, ağac parçaları və s. onun fantaziyalarını reallaşdıran, tablolara çevirən elementlərdir.

Ən böyük uğuru dahi şairimiz Nizami Gəncəvi ilə bağlıdır. Sırf kibrit çöplərindən hazırladığı "Nizami məqbərəsi" əsəri ilk baxışdan diqqəti cəlb edir. Xüsusi detallarla "Leyli və Məcnun"un, "Sirlər xəzinəsi"nin və "İskəndərnamə"nin qəhrəmanlarının fiqurlarını yaradıb.

 

 

Sevda ABBASOVA,

Gəncə şəhəri

 

Azərbaycan.- 2011.- 23 oktyabr.- S.  5.