Bakıda Azərbaycan-Qazaxıstan biznes forumu keçirilmişdir

 

Oktyabrın 24-də Bakıda Azərbaycanın İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Qazaxıstanın KAZNEX İnvest və Azərbaycanda İxrac və İnvestisiyaların Təşviqi Fondunun (AzPROMO) təşkilatçılığı ilə Azərbaycan-Qazaxıstan biznes forumu keçirilmişdir.

Tədbirdə hər iki ölkədən neft-qaz, enerji, sənaye, əczaçılıq, kənd təsərrüfatı, qida sənayesi və digər sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak etmişdir. Tədbir Qazaxıstanın KAZNEX İnvest təşkilatının İdarə Heyəti sədrinin müavini Meyerjan Maykenovun başçılığı ilə Bakıya gəlmiş nümayəndə heyətinin səfəri çərçivəsində baş tutmuşdur.

AzərTAc xəbər verir ki, AzPROMO-nun prezidenti Adil Məmmədov, Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetov iki ölkə arasındakı mövcud iqtisadi əlaqələr, əməkdaşlığın daha da inkişaf etdirilməsi imkanları barədə danışmışdır. Səfir ölkəsi ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsində iş adamlarının əməkdaşlığının əhəmiyyətini də qeyd etmişdir.

M.Maykenov da səfərindən məmnunluğunu ifadə etmiş, Azərbaycan-Qazaxıstan arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini vurğulamışdır.

Forumda Azərbaycanın iqtisadi imkanlarına və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin həyata keçirdiyi layihələrə həsr olunmuş təqdimatlar olmuşdur.

Sonra AzPROMO ilə KAZNEX İnvest təşkilatı arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

 

 

Azərbaycan.- 2011.-25 oktyabr.- S. 6.