C.Papakonstantinu: ITGI Yunanıstan ilə Azərbaycan arasında strateji əməkdaşlığa yol açan layihədir

 

Bakıda işgüzar səfərdə olan Yunanıstanın ətraf mühit, enerji və iqlim dəyişikliyi naziri Corc Papakonstantinu oktyabrın 24-də mətbuat konfransı keçirmişdir. 

AzərTAc xəbər verir ki, Azərbaycana ilk dəfə səfər etdiyini deyən yunanıstanlı nazir səfərinin əsas məqsədinin Yunanıstan ilə Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən enerji sahəsində strateji tərəfdaşlığa nail olmaqdan ibarət olduğunu bildirmişdir. Corc Papakonstantinu demişdir ki, Azərbaycana səfəri çərçivəsində qaz kəmərləri, xüsusilə də "Şahdəniz" qazının Avropaya nəqli ilə bağlı gündəmdə olan layihələr barədə müzakirələr aparılacaqdır. Qeyd etmişdir ki, səfər zamanı ITGI (Interconnector Turkey-Greece-Italy) qaz kəməri layihəsinin üstünlükləri Azərbaycan tərəfinin diqqətinə çatdırılacaqdır. Təklif etdiyimiz layihə həm Azərbaycan, həm Avropa İttifaqı, həm də konsorsium üçün, eləcə də bütün tərəflər üçün qazın ixracı üzrə ən sərfəli variantlardan biridir. Bu kəmər həm Azərbaycanın, həm də Yunanıstanın strateji maraqlarına cavab verir. İnanırıq ki, ITGI iki ölkə arasında strateji əməkdaşlığa yol açan layihədir.

Nazir Yunanıstan tərəfinin ITGI kəmərinə böyük önəm verdiyini diqqətə çatdıraraq bildirmişdir ki, bu kəmər Avropa və Balkan ölkələrinə 2012-2013-cü ildən başlayaraq qaz nəql edə bilər. ITGI 2017-ci ildən etibarən daha böyük qaz həcmlərinin ixracı üçün hazır olacaqdır. Layihənin digər üstünlüyü isə alıcıların çoxluğu və marşrutun çoxşaxəliliyidir. Biz bir çox ölkəyə qazın çatdırılmasına nail olmaq istəyirik. Bunun üçün də çoxşaxəlilik əsas prinsiplərimizdən biridir.

ITGI layihəsinin digər layihələrdən daha real olduğunu vurğulayan C.Papakonstantinu bildirmişdir ki, hazırda masa üzərində digər layihələr də vardır.

Layihənin maliyyələşməsinə də toxunan yunanıstanlı nazir diqqətə çatdırmışdır ki, ITGI layihəsinin reallaşması 1,5-2 milyard dollara başa gələcəkdir. Artıq bu məbləğin 1 milyard dollarının Avropa İttifaqındakı mənbələr tərəfindən ayrılacağı ilə bağlı zəmanətlər var. Layihənin maliyyələşməsi üçün lazım olarsa, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də layihənin iştirakçıları, o cümlədən Yunanıstanın DEPA şirkəti də cəlb edilə bilər.

Sonra Yunanıstanın DEPA şirkətinin prezidenti Harris Sacinis ITGI layihəsinin üstünlüklərini fotoslaydlar vasitəsilə nümayiş etdirmişdir.

Sonda jurnalistlərin sualları cavablandırılmışdır.

 

 

Azərbaycan.- 2011.- 25 oktyabr.- S.  6.