Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir sıra təkliflər irəli sürmüşlər

 

ATƏT-in Minsk qrupunun həmsədrləri növbəti bəyanat yaymışlar.

ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda bildirilir ki, həmsədrlər İqor Popov (Rusiya), Bernard Fasye (Fransa), Robert Bradtke (ABŞ)  və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik oktyabrın 21-dən 24-dək Yerevan, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində və Bakıda səfərdə olmuş, prezidentlər İlham Əliyev və Serj Sarkisyanla, eləcə də Dağlıq Qarabağda separatçı rejimin rəhbərliyi ilə görüşmüşlər.

Bəyanatda qeyd edilir ki, münaqişənin dinc yolla nizamlanması istiqamətində növbəti irəliləyişlərə nail olmaq məqsədi ilə həmsədrlər tərəflərə danışıqlar atmosferinin əhəmiyyətli dərəcədə  yaxşılaşdırmağın, etimadı gücləndirməyin və atəşkəs rejiminə ciddi riayət olunmasının vacibliyini vurğulamışlar. Həmsədrlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müxtəlif sahələrdə etimadın möhkəmləndirilməsi üzrə tədbirlərə dair bir sıra təkliflər irəli sürmüşlər.

Daha sonra bildirilir ki, tərəflər təmas xətti boyunca insidentlərin araşdırılmasına dair Prezident İlham Əliyev, Serj Sarkisyan və Dmitri Medvedevin martda Soçidəki bəyanatında razılıqlarını bildirdiyi və apreldə həmsədrlər tərəfindən təklif olunan mexanizm layihəsi barədə prinsip etibarilə razılığa gəlmişlər.

Həmsədrlər həmçinin hər iki ölkənin dini rəhbərləri ilə ayrı-ayrılıqda görüşərək, əhalini münaqişənin sülh, ədalətli və davamlı nizamlanmasına hazırlamağın zəruriliyini müzakirə etmişlər.

Oktyabrın 22-də isə həmsədrlər qoşunların təmas xəttini son 15 ay ərzində dördüncü dəfə piyada keçmişlər.

Bəyanatın yekununda bildirilir ki, həmsədrlər noyabrın sonunda regiona növbəti dəfə səfər edəcəklər.

 

 

Elgün NİFTƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Vyana

 

Azərbaycan.- 2011.- 26 oktyabr.- S.  6.