Azərbaycan Gənclərinin VI Forumu keçirilmişdir

 

 Oktyabrın 25-də Heydər Əliyev Sarayında Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Gənclərinin VI Forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, 2000-dək gəncin bir araya gəldiyi forumda dövlət və hökumət nümayəndələri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların təmsilçiləri, ali təhsil müəssisələrinin rektorları, deputatlar və s. iştirak edirlər.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev iştirakçıları təbrik etmiş, forumun əhəmiyyətindən danışmışdır. İ.Babayev artıq VI dəfədir ki, keçirilən bu forumun Azərbaycan gəncliyinin həyatında vacib rol oynadığını vurğulamışdır. O, ölkəmizdə dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Bildirmişdir ki, dövlət tərəfindən Azərbaycan gəncliyinin ictimai-siyasi həyatda önəmli mövqe və rolunun inkişafı istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir.

Tədbirdə Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin forum iştirakçılarına təbrik məktubunu oxumuşdur.

Sonra əvvəlki forumlardan bəri gənclər siyasəti sahəsində görülən işlərə dair sənədli film nümayiş etdirilmişdir.

Gənclər və idman naziri Azad Rəhimov ötən forumdan bu günədək görülən işlər barədə iştirakçılara ətraflı məlumat vermişdir. Nazir vurğulamışdır ki, ilk dəfə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilən bu ali toplantı Azərbaycanda aparılan gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirmiş, ümummilli liderin birinci forumdakı nitqi növbəti illər üçün fəaliyyət proqramına çevrilmişdir.

A.Rəhimov bildirmişdir ki, Gənclərin VI Forumunun keçirilməsi Azərbaycan tarixinin ən şanlı və əlamətdar bir hadisəsi ilə eyni vaxta təsadüf edir. Bu il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümüdür.

Nazir xüsusi qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti sahəsində müstəqillik illərində mühüm addımlar atılmış, böyük uğurlar qazanılmışdır. O, əldə olunmuş nailiyyətlər sırasında gənclərlə iş və idman sahələrində dövlət siyasətini əlaqələndirən mərkəzi idarəetmə orqanı olan Gənclər və İdman Nazirliyinin yaradılması, müvafiq qanunvericilik bazasının formalaşdırılması, ictimai fəal gənclərin 200-dən artıq qeyri-hökumət təşkilatında birləşməsi və s. barədə məlumat vermişdir.

A.Rəhimov gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixi, dili, mədəniyyəti və adət-ənənələrinə, eləcə də dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə edilməsinin gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri olduğunu diqqətə çatdırmışdır. Gənclərin hərbi xidmətə hazırlanması, çağırışaqədərki dövrdə aparılan maarifləndirmə və təbliğat işi, orduda xidmət edən gənclərin asudə vaxtının səmərəli təşkilinə kömək edən əlavə tədbirlər, respublikada fəaliyyət göstərən gənclərin vətənpərvərlik tərbiyəsi klublarının işinin gücləndirilməsi, vətənpərvərlik düşərgələrinin təşkil edilməsi baxımdan əhəmiyyətli olmuşdur.

Bildirilmişdir ki, son illər Azərbaycan gəncləri ölkəmizin hüdudlarından kənarda təşkilatlanaraq Azərbaycanın milli maraqlarının qorunması və xalqımızın tarixinin və zəngin mədəni irsinin beynəlxalq ictimaiyyət arasında təbliğ edilməsi istiqamətində fəal iştirak edirlər. Nazir 2009-cu ildə təsis olunmuş və Rusiyada yaşayan azərbaycanlı gəncləri birləşdirən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyətini xüsusilə vurğulamışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış və onun sədrlik etdiyi təşkilat ilk dəfə olaraq Rusiya Federasiyasının bütün subyektlərindən olan azərbaycanlı gəncləri birləşdirməyə və bir sıra əhəmiyyətli layihələrin həyata keçirilməsinə nail olmuşdur.

A.Rəhimov 2001-ci ildən keçirilməyə başlamış və 2010-cu ildə hüquqi status almış Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun gördüyü işlərdən də danışmışdır.

Nazir Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramında Bakıda Gənclər Mərkəzinin və regionlarda gənclər evlərinin inşa edilməsi, Gənclər Fondunun yaradılması, gənclərin asudə vaxtının təşkili, gənclərin məşğulluğunun təmin edilməsi və s. işlərin görülməsinin nəzərdə tutulduğunu söyləmişdir. O, bu proqramın hər bir gəncin fərdi inkişafı üçün yeni imkanlar yaratdığını vurğulamış və bildirmişdir ki, bu proqram bir daha ölkəmizin başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir.

Tədbirdə çıxış edən Azərbaycan Gənclər Təşkilatları Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov ölkədə dövlətin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmışdır. O, müstəqil Azərbaycan gənclərinin ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən ilk forumundan 15 il keçdiyini, ulu öndərin daim gənclərin himayədarı olduğunu diqqətə çatdırmışdır. F.Muradov ümummilli liderin sağlam düşüncəli yeni nəslin formalaşmasının dövlətin və bütün cəmiyyətin vəzifəsi olduğunu qeyd etdiyini, gəncliyimizin bu gün də ulu öndərin ruhunu minnətdarlıq hissi ilə yad etdiyini vurğulamışdır.

O, Azərbaycanın bütün şəhər və rayonlarından gəlmiş  gənclərinin bu tarixi tədbirdə böyük ümid, yeni baxış və maraqlı təşəbbüslərlə iştirak etdiklərini demişdir. Bildirmişdir ki, pozitiv və təşəbbüskar bir şərait daha müsbət nəticələrin əldə olunmasına imkan yaradacaqdır.

Tədbirdə çıxış edən BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard təmsil etdiyi qurumun gənclərə öz həyatlarını yüksək səviyyədə dəyişəcək qüvvə kimi baxdığını söyləmişdir. Belə gənclər forumlarının  keçirilməsinin çox gözəl nümunə olduğunu diqqətlə vurğulayan natiq bildirmişdir ki, son 15 ildə Azərbaycan çox böyük nailiyyətlər əldə etmişdir. M.Herevard UNİCEF-in Azərbaycanda bir çox layihələr həyata keçirdiyini də diqqətə çatdırmışdır.

"İrəli" İctimai Birliyinin sədri, Milli Məclisin deputatı Ceyhun Osmanlı Azərbaycanda dövlət tərəfindən gənclərə həmişə diqqət və qayğı göstərildiyini bildirmişdir. Ölkənin iqtisadi qüdrətinin artırılması və xalqın həyat səviyyəsinin yüksəldilməsi, beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən çoxsaylı tədbirlərdə Azərbaycan gəncliyinin rolu qeyd edilmişdir.

Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov və digərləri Azərbaycan Gənclərinin VI Forumunun əhəmiyyətindən danışmışlar.

Sonra forum işini bölmə iclaslarında davam etdirmişdir.

Sonda VI forumun yekun sənədləri - qərar və qətnaməsi qəbul olunmuşdur.

Sənəddə vurğulanır ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümündə keçirilən Azərbaycan Gənclərinin VI Forumu ölkədə gənclərin təhsil və sağlamlığı, inkişafı və yaradıcılığı, cəmiyyətdə və ictimai həyatda iştirakı üçün geniş şərait yaradır. Ötən illərdə dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər, inkişaf, dəyərli nəticələr əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, yeni formalardan istifadə edilmişdir.

Qətnamədə qeyd olunmuşdur ki, forum Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətini yeni mərhələdə gənclərin prioritet maraqlarını əks edən və gələcək inkişafını əsaslandıran fəaliyyət kimi qiymətləndirir və dəstəkləyir. Bu sırada dövlətimizin başçısının Azərbaycan gənclərinin  nümayəndələri ilə keçirdiyi görüşü və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramının təsdiq edilməsi bütün cəmiyyətdə yüksək qiymətləndirilmişdir.

Forumda 11 bənddən ibarət qərar da qəbul olunmuşdur. Qərarda V forumdan ötən dövrdə gənclərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti müsbət qiymətləndirilmiş və dövlət orqanlarına tövsiyə olunmuşdur ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramının əlaqələndirilməsi və istiqamətləndirilməsi həyata keçirilsin, gənclərin inkişafı və bu sahədə elmi-tədqiqat işlərinin aparılması stimullaşdırılsın.

Qərarda gənclərin yerli və mərkəzi səviyyədə idarəetmə vəzifələrinə cəlb edilməsi dövlət qurumlarına, ictimai və özəl təşkilatlara tövsiyə edilir, gənclər üçün təlim mərkəzlərinin yaradılması, müasir informasiya və kommunikasiya texnologiyalarının imkanlarından daha geniş istifadə üçün əlavə tədbirlərin görülməsi zəruri sayılır.

Forumun sonunda Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Qeyd edək ki, ilk dəfə müstəqil Azərbaycan Gənclərinin Forumu ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilmişdir. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən ulu öndər Heydər Əliyev ilk forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında fərman imzalamışdır. Forum Azərbaycanın müasir ictimai-siyasi tarixində özünə layiq yer tutaraq dövlətin gənc nəslin hərtərəfli inkişafına yönəlmiş strategiyasına təkan vermişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 26 oktyabr.- S.  8.