Azərbaycan ilə Çexiya arasında əlaqələrin inkişafı məsələləri müzakirə edilmişdir

 

 Azərbaycanın Çexiyadakı səfiri Tahir Tağızadə bu ölkənin Ostrava şəhərinə səfər etmişdir.

Azərbaycanın Çexiyadakı səfirliyindən bildirmişlər ki, diplomat Çexiya televiziyasına səfərin məqsədləri barədə müsahibə vermişdir.

Sonra T.Tağızadə Moraviya və Sileziya regionunun qubernatoru, Sosial-Demokratlar Partiyasının üzvü Yaroslav Palas ilə görüşmüşdür. Görüşdə iqtisadi əlaqələr, bu regiona azərbaycanlı turistlərin cəlb edilməsi, eləcə də Azərbaycanın özünün turizm imkanları, Ostrava şəhərində yerləşən ali təhsil müəssisələri ilə Azərbaycanın müvafiq ali məktəbləri arasında tərəfdaşlıq məsələləri müzakirə olunmuşdur.

Növbəti görüş Ostrava merinin müavini, Sosial-Demokratlar Partiyasının üzvü Simona Piperkova ilə olmuşdur. Görüşdə Ostrava ilə Sumqayıt şəhərləri arasında tərəfdaşlıq münasibətlərinin yaradılması, elm və mədəniyyət institutları arasında əməkdaşlıq, o cümlədən Ostrava muzeyində "Çexiya-Azərbaycan mədəniyyət forumu"nun yaradılması planları və Ostrava Dağ-mədən İnstitutu ilə Azərbaycan Dövlət Neft Akademiyası arasında tərəfdaşlıq əlaqələrinin yaradılması əsas müzakirə mövzuları idi. Ermənistan-Azərbaycan,  Dağlıq Qarabağ münaqişəsi barədə də ətraflı məlumat verilmişdir.

 Sonra Ostrava muzeyində "İrs" jurnalının çex dilində nəşrinin təqdimatı keçirilmişdir. Tədbirdə Ostrava muzeyinin kuratoru, "İrs" jurnalının çex dilində nəşrinin redaktoru David Mayer, "İrs" jurnalının baş redaktoru Musa Mərcanlı, Ostrava meriyasının mədəniyyət və ətraf mühit şöbəsinin müdiri Mixal Hrotik, Moraviya və Sileziya regionu qubernatorluğunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Tomaş Fidler, Olomouts, Havirjov şəhərində yaşayan Azərbaycan diasporunun üzvləri və s. iştirak etmişlər.

Sonda azərbaycanlı diplomat şəhər meriyası qəzetinin müxbirinin suallarını cavablandırmışdır.

 

 

Pərvanə QARAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Praqa

 

Azərbaycan.- 2011.- 26 oktyabr.- S. 10.