Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlıq, qardaşlıq münasibətləri yüksələn xətlə inkişaf edir

 

 Prezident İlham Əliyevin Türkiyəyə səfəri bunu bir daha təsdiq etdi 

 

Azərbaycan Prezidenti İlham Əliyevin bu günlərdə Türkiyəyə səfəri iki ölkə arasında əməkdaşlığın bütün sahələr üzrə uğurla inkişaf etdiyini bir daha təsdiq etdi. Dövlət başçısı İlham Əliyevin Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşündə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq bir daha ifadə edilmişdir. Yüksək səviyyədə təşkil olunan qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunulmuş, regional, beynəlxalq məsələlər ətrafında  geniş fikir mübadiləsi aparılmışdır.

Azərbaycan ötən əsrin sonlarında dövlət müstəqilliyini əldə etdikdən sonra Türkiyə ilə münasibətlərin inkişafı üçün geniş siyasihüquqi imkanlar yaranmışdır. Türkiyə 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlət olmuş, bu qətiyyətli addım ikitərəfli münasibətlərin inkişafında mühüm psixoloji-siyasi amilə çevrilmişdir. "Biz bir millət, iki dövlətik" formulundan çıxış edən ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıtdıqdan sonra Türkiyə Cümhuriyyəti ilə münasibətlərin inkişafına xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli lider ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycan neftinin Qərbə nəqli ilə bağlı strateji əhəmiyyətli əsas ixrac neft boru kəmərlərinin məhz Türkiyə ərazisindən keçməsini hərtərəfli əsaslandırmış, qardaş ölkə ilə strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirən ciddi addımlar atmışdır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi Azərbaycan və Türkiyənin sosial-iqtisadi inkişafında, regional təhlükəsizliyin möhkəmlənməsində, qarşılıqlı əlaqələrin güclənməsində, eləcə də ölkələrimizin dünya birliyinə hərtərəfli inteqrasiyasında yeni səhifə açmışdır.

Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş neft kəmərləri Azərbaycan neftini dünyaAvropa bazarlarına çıxarır. Artıq respublikamız qlobal miqyasda qaz ixrac edən ölkəyə çevrilib. Azərbaycan öz enerji problemlərini uğurla həll edib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxarıb.

Prezident İlham Əliyevin Türkiyəyə növbəti səfəri bir daha təsdiq etdi ki, ölkələrimiz arasında əlaqələr tarixi-siyasi zəmin üzərində inkişaf etməklə, bütövlükdə regionun siyasi taleyinin və gələcək inkişaf perspektivlərinin müəyyənləşməsində mühüm rol oynayır. Birmənalı demək olar ki, bu gün bölgədə Türkiyə və Azərbaycanın iştirakı olmadan hər hansı layihəni gerçəkləşdirmək mümkün deyildir. Cənubi Qafqaz kimi mürəkkəb geosiyasi məkanda təhlükəsizlik problemlərinin birgə həlli, sülh, sabitlikiqtisadi inkişafın təmin olunması zərurəti iki türkdilli dövləti daha da sıx birləşməyə sövq edir. Azərbaycanın regiondakı rolunun artması, eyni zamanda Türkiyənin dünya iqtisadiyyatında mühüm mövqelərə çıxması iki dövlət arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsini zəruri edir. Azərbaycanın artan iqtisadi qüdrəti ölkəmizin xaricə böyük həcmdə investisiya yatırmasına da əlverişli imkan yaradıb.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri zamanı İzmir şəhərində AYPE-T zavodunun açılış, Heydər Əliyev adına Peşə Təhsil Liseyinin və "Petkim" şirkətinin "Star" neft emalı zavodunun təməlqoyma mərasimi keçirilmişdir. Məlumat üçün bildirək ki, 2008-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyənin "TURKAS" şirkəti ilə birlikdə "Petkim-Perokimya Holdinq"ə məxsus neft-kimya zavodunun 51 faizinə yiyələnmişdir. Ötən il "Petkim" ümumi məhsul istehsalı, gəlir, mənfəət və ixrac üzrə rekord göstəricilərə nail olmuşdur. İstehsal olunan məhsulların 50 faizi ixrac edilmişdir. Holdinqin 11 zavodunda 50 növdən çox neft-kimya xammalı hazırlanır. "Star" neft emalı zavodu Türkiyənin özəl sektorunun xətti ilə həyata keçirilən ən böyük investisiya layihəsidir. "SOKAR-TURKAS" qrupunun İzmirdə - Petkim yarımadasında reallaşdırdığı bu layihə ildə 10 milyon ton xam neft emal etməyə imkan verəcəkdir. Ekoloji cəhətdən ən qabaqcıl texnologiyalar əsasında qurulacaq zavod ölkənin neft-kimya sektorunu xarici asılılıqdan qurtaracaqdır. Təqribən 5 milyard dollara başa gələcək neft emalı zavodunun istehsala başlaması ilə bu ölkənin idxalatla təmin etdiyi məhsullarda milyardlarla dollarlıq valyutaya qənaət ediləcəkdir. Prezident İlham Əliyev bildirmişdir: "Bugünkü mərasim, bügünkü təməlqoyma, əslində, birliyimizi göstərir. Onu göstərir ki, biz çox işləri birlikdə görmüşük və görəcəyik. Bizim gücümüz də birliyimizdədir. Mən çox şadam ki, Türkiyə və Azərbaycan, eyni zamanda, türkdilli dövlətlərin əməkdaşlığı üçünöz dəyərli töhfələrini verirlər. Bizim birliyimiz və əməkdaşlığımız bütün türk dünyası üçün vacibdir. Tam əminliklə deyə bilərəm ki, Türkiyə və Azərbaycan türkdilli dövlətlərin əməkdaşlığı üçün əvəzolunmaz töhfələr verirlər. Beləliklə, bütün türk dünyasının birləşməsi üçün bizim səylərimiz nəticə verir.

Bügünkü təməlqoyma mərasimi rəmzi xarakter daşıyır. Çünki cəmi 20 illik müstəqillikdən sonra Azərbaycan qardaş ölkəyə böyük həcmdə yatırımlar qoymağa başlamışdır. Ancaq dost, qardaş ölkəyə bu qədər yatırımlar qoyula bilər. Mən çox şadam ki, Türkiyə şirkətləri Azərbaycana, Azərbaycan şirkətləri isə öz növbəsində artıq Türkiyəyə investisiyalar qoyurlar. Bu, bizim birgə layihələrimizdir. Petkimdə, burada gələcəkdə yaradılacaq yeni müəssisələr həm türk xalqına, həm Azərbaycan xalqına xidmət göstərəcəkdir".

Azərbaycan Prezidenti İlham Əliyev son 8 illik fəaliyyəti ilə ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin möhkəmlənməsini təmin etmişdir. Ölkələrimiz arasında əlaqələr sadəcə, enerji sahəsində əməkdaşlıqla məhdudlaşmayıb digər sahələri də əhatə edir. Türk adamlarının Azərbaycanda bizneslə məşğul olmasına, qeyri-neft sektorunda mühüm layihələr həyata keçirməsinə bütün zəruri imkanlar yaradılmışdır. Hazırda respublikamızda 230-dan artıq türk şirkəti fəaliyyət göstərir, həmin şirkətlərdə 30 mindən artıq Azərbaycan vətəndaşı çalışır. Türk adamları indiyədək ölkəmizə 2 milyard dollardan artıq sərmayə yatırmışlar. Ölkəmizdə fəaliyyət göstərən türk adamlarının 1994-cü ildə yaratdıqları Türkiyə Sənayeçi İş Adamları Birliyi (TÜSİAB) ölkəmizin iqtisadi həyatında fəal iştirak edir. Azərbaycan da öz növbəsində türk iqisadiyyatına böyük həcmdə investisiya yatırmaqdadır.

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan demişdir: "Bu gün İzmirdə həqiqətən, böyük, möhtəşəm bir neft emalı zavodunun təməlqoyma mərasimini gerçəkləşdiririk. "SOKAR-TURKAS" birgə müəssisəsinin Petkim yarımadasında inşa edəcəyi "Star" neft emalı zavodu 5 milyard dollarlıq sərmayəsi ilə Türkiyədə və dünyada bir müəssisəyə qoyulan ən böyük sərmayə xüsusiyyətini daşıyır. İzmir üçün, Türkiyə üçün bir qürur abidəsi olacaq bu müəssisə inşaat mərhələsində 10 min nəfərə, 2015-ci ildə istifadəyə veriləndə min nəfərə daimi imkanı yaradacaq, İzmirin görkəmini dəyişdirəcəkdir. Türkiyənin enerjisinə enerji əlavə edəcək bu sərmayə, eyni zamanda, bizim 2023-cü il hədəflərimizi də dəstəkləyəcək şəkildə inkişaf olacaqdır".

İzmirdə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclası keçirilmişdir. İclasda Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərin müxtəlif sahələrinin inkişafı ilə bağlı məsələlər müzakirə edilmişdir. İclasdan sonra Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi keçirilmişdir. Bu sənədlər sırasında "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birinci iclasının Protokolu", "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında meteorologiya sahəsinə dair Anlaşma Memorandumu", "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında mətbuat və informasiya sahələrində əməkdaşlıq Protokolu", "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında polis təhsili sahəsində əməkdaşlıq haqqında Protokol",  "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə"nin ratifikasiya fərmanlarının mübadiləsi haqqında Protokol", "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında enerji sahəsində Əməkdaşlıq Protokolu", "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında qaz alqı-satqısına dair Anlaşma Sazişi", "Azərbaycan Respublikası hökuməti və Türkiyə Respublikası hökuməti arasında qaz tranzitinə dair Anlaşma Sazişi"ni göstərmək olar. Həmçinin iki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması, ailə və sosial siyasət sahəsində əməkdaşlıq haqqında sazişlər də imzalanmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərinin yekunları ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini bir daha təsdiqlədi. Bu səfər iki ölkə arasında münasibətlərin daha da inkişafına mühüm təkan verəcək, xalqlarımız arasında tarixən mövcud olmuş əlaqələrin bundan sonra da genişlənəcəyinə imkan yaradacaqdır.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2011.-27 oktyabr.- S.  5.