Azərbaycanın möhtəşəm nailiyyəti Ermənistanın xarici siyasətinin tam iflasını şərtləndirir

 

 Təcavüzkar dövlətin siyasi dairələriöz hakimiyyətlərini bacarıqsızlıqda ittiham edərək təcili istefaya çağırırlar

 

Çoxşaxəli vektora malik dinamik inkişaf yolunda yeni nailiyyətlərə imza ataraq uğurla irəliləyən Azərbaycan artıq beynəlxalq hüququn daha güclü, nüfuzlu subyekti kimi çıxış etməkdədir. Bunu şərtləndirən əsas səbəblərdən biri ölkəmizin həyata keçirdiyi xarici siyasət strategiyasının kifayət qədər uzaqgörənliklə düşünülməsi, ən xırda detallarına qədər böyük dəqiqliklə hesablanmasıdır.

Məhz bunun nəticəsidir ki, indi Azərbaycan təkcə özünün yaratdığı sosial-iqtisadi inkişaf modelinə görə yox, həm də müxtəlif dövlət və təşkilatlarla qurduğu ikitərəfli və çoxtərəfli münasibətlər baxımından nümunə kimi qəbul olunmaqdadır. Bu kontekstdə mövcud xarici siyasət strategiyasının ölkəmizə qazandırdığı daha bir parlaq müvəffəqiyyət Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi oldu.

Buna qədər gedilən yolda isə Azərbaycan kifayət qədər diplomatik səylər göstərdi, əzmlə mübarizə apardı və nəhayət, möhtəşəm bir nəticəyə imza atdı. Dünya isə bir daha şahidlik etdi ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını böyük müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət bu gün müstəqil Azərbaycanın beynəlxalq miqyasda mövqelərini daha da gücləndirir. Bu gün dövlət başçısı İlham Əliyev Azərbaycanı alternativsiz lider olaraq dünyada böyük hörmət və nüfuz sahibinə çevirib. İki və çoxtərəfli görüşlərdə, eləcə də müxtəlif beynəlxalq tribunalardan etdiyi çıxışlarda ölkəmizin milli maraqlarını bütün sahələrdə uğurla müdafiə və təmin edən dövlət başçısının həyata keçirdiyi xarici siyasət Azərbaycanın regional, beynəlxalq mövqelərini davamlı olaraq daha güclü hala gətirir. Qətiyyətli mövqeyə görədir ki, Cənubi Qafqazda hər hansı taleyüklü məsələnin həllində, transmilli layihələrin reallaşmasında Azərbaycanın iştirak və razılığı olmadan konkret nəticə əldə olunması mümkünsüzdür. Azərbaycan təkcə mövcud olduğu yox, MDB, Şərqi Avropa kimi böyük bir coğrafi ərazidə əsas nüfuz sahiblərindən biri kimi çıxış edir.

Eyni zamanda Azərbaycan beynəlxalq hüquq məkanında ən etibarlı tərəfdaşlardan biri kimi qəbul olunur, ölkəmiz dövlətlərarası sivil münasibətlər müstəvisində əlaqələrini davamlı olaraq inkişaf etdirən tərəf olaraq çıxış edir. Nəticə etibarilə Azərbaycanın dünyadakı dostlarının və tərəfdarlarının sayı artır. O da xüsusi olaraq qeyd edilməlidir ki, mövcud beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutan, qlobal təhdid və çağırışlara adekvat cavab vermək iqtidarında olan Azərbaycan ərazisindən, nüfuzundan, hərbi gücündən və iqtisadi potensialından asılı olmayaraq ən müxtəlif dünya dövlətləri ilə münasibətdə bərabərhüquqlu əməkdaşlıq qurur, müstəqil xarici siyasət həyata keçirir. Həmçinin özünün geostratejigeoiqtisadi üstünlüklərindən, malik olduğu təbii sərvətlərindən böyük səmərəlilik əmsalı ilə faydalanaraq milli maraqlarının təmin edilməsi ilə  xarici siyasətində yeni uğurlara imza atan tərəf kimi çıxış edir.

Bütün bunlar həm də həmişə müstəqil siyasət aparmış Azərbaycanın milli maraqlarının təmininə, eyni zamanda respublikamızın dünyada böyük şöhrətə malik olan ölkə kimi özünü təsdiq etməsinə gətirib çıxarıb.  Qeyd edilənlər eyni zamanda onun göstəricisidir ki, müasir Azərbaycan sürətlə cərəyan edən qlobal proseslər axarında öz sabit inkişaf istiqaməti olan, qlobal çağırışlara milli maraqlar çərçivəsində cavab vermək qüdrətinə malik bir dövlətə çevrilərək beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub. Sözügedən münasibətlər sistemində isə Azərbaycan uzun illərdir dünyada ardıcıl olaraq sülh və tərəqqi siyasəti yürüdən, terrorizm, sülhü və təhlükəsizliyi təhdid edən hallara qarşı mübarizənin fəal iştirakçısı olan əsas subyektlər sırasında yer alır. Həmçinin Azərbaycan BMT-nin ideallarına, sülhə, təhlükəsizliyə, demokratiyaya, ədalətə xidmət etdiyini hər addımında sübuta yetirib. Hətta ərazisinin Ermənistan tərəfindən işğal olunmasına baxmayaraq, Azərbaycan daim sülh tərəfdarı kimi çıxış edibböyük iqtisadi, hərbi potensiala malik olsa da,  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə sadiqliyini nümayiş etdirir.

BMT TŞ-yə üzv olmaqla isə ölkəmiz münaqişənin dinc yolla çözümündə daha geniş imkanlar qazanır. Çünki BMT-nin Nizamnaməsindən göründüyü kimi, TŞ-yə üzv olmaq hər bir ölkə üçün geniş imkanlar yaradır. TŞ üzvləri qlobal problemlərin həllində yaxından iştirak edir, dünya miqyasında söz sahibinə çevrilirlər. Lakin TŞ-yə seçkilər alternativsiz olmur, böyük güclər ciddi şəkildə maraqlarını qorumağa çalışır, üzv ölkələrin mövqeyinə təsir göstərmək cəhdlərinin mümkünlüyü  istisna edilmir. Ancaq Azərbaycanın son 18 il ərzində hər hansı kənar təsir obyektinə çevrilməsinin mümkünsüzlüyünü ən böyük hakim olan zaman dəfələrlə real faktlar əsasında sübuta yetirib.

Dünya onu da görür ki, bu gün sürətlə inkişaf edən, müasirləşən demokratik və dünyəvi ölkə olan Azərbaycan regional təhlükəsizliyə mühüm töhfə verir, bölgənin və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ciddi faktora çevrilir. Bu da, öz növbəsində, Azərbaycanın mövqeyinin, onun həyata keçirdiyi diplomatiyanın daha çox nəzərə alınması deməkdir. Göründüyü kimi, müstəqillik illərində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan misilsiz nailiyyətlərə imza atıb, müasir, sürətlə inkişaf edən ölkəyə çevrilib, beynəlxalq arenada etibarlı tərəfdaş kimi özünü təsdiq edibböyük nüfuz sahibinə çevrilib. Bütün bunlar Azərbaycanın BMT TŞ-yə üzv seçilməsində həlledici faktorlar olub. Erməni lobbisinin, Ermənistanın Azərbaycana qarşı məkrli və düşmən siyasəti şəraitində 193 BMT üzvündən 155-i tərəfindən dəstəklənmək ölkəmizin beynəlxalq nüfuzunun, Azərbaycanın xarici siyasətinin təntənəsinin əyani göstəricisidir.

O da mühüm faktdır ki, Azərbaycan Təhlükəsizlik Şurasında üzvlükdən istifadə edərək, ilk növbədə özünün pozulmuş ərazi bütövlüyü məsələsini BMT-nin gündəliyinə çıxarmaq imkanı qazanıb. Şübəhsiz ki, Azərbaycan iki il müddətində Təhlükəsizlik Şurasının üzvlüyündən istifadə edərək beynəlxalq hüququn normalarının bərpasını tələb edəcək.

Bunlar isə işğalçı ölkə Ermənistanda artıq ciddi narahatlıqla qarşılanır.  Ermənistanın sabiq xarici işlər naziri Aleksandr Arzumanyan vurğulayır ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi erməni diplomatiyası üçün möhkəm başağrısı olacaq: "Yaxın iki ildə biz Ermənistana ciddi meydan oxuma hallarının şahidi olacağıq". Qeyd edək ki, Arzumanyan vaxtilə Ermənistanin BMT-dəki təmsilçisi olub və Azərbaycanın xeyrinə olan qətnamələrin əngəllənməsinə çalışıb.

Ermənistan parlamentinin müstəqil deputatlarından olan Vardan Xaçatıryan ölkəmizin BMT TŞ-yə üzv olduqdan sonra Ermənistanın təcavüzkar, işğalçı bir dövlət olmasını BMT-də müzakirəyə çıxaracağından ehtiyat edir: "Azərbaycan BMT TŞ-də Ermənistanın təcavüzkar bir dövlət olduğunu müzakirəyə çıxara bilər. Bu amil bizim üçün ağrıdıcı fakt olacaq".

"Daşnaksütyun"un fraksiya rəhbəri Vaan Ovannisyan isə bildirir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi bizim diplomatiyamızın uğursuzluğu, Ermənistanın xarici siyasətinin iflasıdır: "Ermənistan Azərbaycanın seçilməsinin qarşısını almaq üçün əlindən gələni etməli idi. Məsələn, Ermənistan namizəd ola bilərdi. Amma bizim tərəfdən heç bir müqavimət olmadı". V.Ovannisyan deyib ki, Azərbaycan yaxın iki ildə BMT gündəliyini formalaşdırmaq imkanı əldə edib: "Onun BMT-də səsi təsirli olacaq. Azərbaycan bundan, təbii ki, antierməni siyasətində istifadə edəcək".

Bundan əlavə, Ermənistanın müxalifət partiyaları, həmçinin müstəqil ekspertlər və QHT təmsilçiləri ölkələri üçün yaranmış bu biabırçılığa görə məsuliyyəti birbaşa mövcud iqtidarın daşıdığını bəyan edir və hökumətin təcili istefasını tələb edirlər. Onsuz da bu ölkədə gərgin olan ictimai-siyasi vəziyyət Azərbaycan diplomatiyasının möhtəşəm nailiyyətindən sonra, göründüyü kimi, daha da mürəkkəbləşib. Bütün bunlar Ermənistanın mübtəla olduğu daxili çaxnaşmanın və siyasi böhranın daha da dərinləşəcəyinə dəlalət edir.

Avropa siyasəti mərkəzinin siyasi təhlilçisi, politoloq Amanda Pol isə vurğulayır ki, Azərbaycanın BMT Təhlkükəsizlik Şurasına qeyri-daimi üzv olmasına Ermənistanın və ya hər hansı tərəfin qısqanclıqla yanaşması düzgün deyil. O qeyd edib ki, bəziləri Azərbaycanın müharibə vəziyyətində olduğunu əsas gətirsələr də, o, 20 ildir ki, işğal olunmuş torpaqları sülh yolu ilə  qaytarmağa çalışır: "Azərbaycanın tam haqqı var ki, torpaqları müharibə yolu ilə azad etsin. Bunu beynəlxalq ictimaiyyət də inkar etmir. Azərbaycan geostrateji baxımdan çox əhəmiyətli ölkədir və BMT Təhlükəsizlik Şurasında təmsilçiliyi regionda sülh baxımından məqsədəuyğundur".

Bütün bunlar onu göstərir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsinin çox böyük əhəmiyyəti varbu, ölkəmizin dünyada artan nüfuzunun real göstəricisidir.

 

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2011.-28 oktyabr.- S.  5.