Müstəqillik illərinin şəhəri - Horadiz

 

 Cəbhə bölgəsində abadlıq, quruculuq işləri vüsət alıb

 

Horadiz şəhər kimi gənc olsa da, yaşayış məskəni kimi qədim məkandır. Bu yurdun başı çox bəlalar çəkib. Uzağa getməyək, lap yaxın keçmişdə - Qarabağ savaşında mənfur düşmənimiz ermənilər himayədarlarının köməyi ilə bu bölgəni oda qalayıblar. İşğal edilən Horadiz də çoxsaylı digər yaşayış məntəqələri kimi xüsusi amansızlıqla dağıdılıb, evlər qarət edildikdən sonra yandırılıb xarabazara çevrilmişdi.

Əsrlərdən bəri yaşadığı doğma yurd-yuvasını, halal zəhməti ilə tikib-qurduğu rahat ev-eşiyini tərk etmək məcburiyyətində qalan Füzuli camaatı məcburi köçkün kimi respublikanın müxtəlif bölgələrinə səpələnib, çadırlarda, yük vaqonlarında, qarğı-qamışdan tikdikləri daxmalarda məskunlaşmışdılar.

O zaman hakimiyyətə Heydər Əliyev xalqın tələbi ilə yenicə qayıtmışdı. Məhz bu qüdrətli sərkərdənin qətiyyəti, prinsipiallığı sayəsində Horadiz qəsəbəsi də daxil olmaqla, böyük bir ərazi düşmən işğalından azad edildi. Dövlətin qayğısı ilə bərpa və yenidənqurma işlərinə start verildi. Yerində alovların qaraltdığı quruca divarları qalmış evlər, məktəblər, xəstəxanalar, müxtəlif sosial obyektlər dövlətin ayırdığı  vəsaitlə müasir tələblər səviyyəsində bərpa edilir, yollar, su, elektrik, təbii qaz xətləri çəkilir, körpülər salınır, kəndlər, qəsəbələr yeni görkəm alırdı.

Atəşkəs dövrü olsa da, bu cəbhə bölgəsində həmişə gərginlik yaşanır. Ara-sıra eşidilən güllə səsləri əsəbləri həmişə tarımda saxlayır. Amma bu gərginlik adamların qurub-yaratmaq əzmini, qurbanlar bahasına azad etdikləri doğma yurdun hər qarışını gülüstana çevirmək həvəsini qətiyyən zəiflətmir. Əksinə, hər kəsin qəlbindəki vətənpərvərlik hissini alovlandırır, adamları Qarabağın hər bir parçasını yenidən tikib-qurmağa ruhlandırır.

Bu bölgədə diqqətçəkən əsas cəhət də adamlardakı yüksək əhvali-ruhiyyə, yenilməz inam hissidir. Adamlar böyük qələbənin tezliklə gerçəkləşəcəyinə inanırlar. İnanırlar ki, onların firavan həyatı, yaxşı dolanışığı üçün qayğı və diqqətini əsirgəməyən, Qarabağ problemini özünün çoxsahəli fəaliyyətində həmişə prioritet məsələ hesab edən Prezident İlham Əliyev müdrik siyasəti, qətiyyəti və yenilməz iradəsi ilə bu düyünü uğurla açacaq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaqdır. Füzuli camaatı məhz belə yüksək əhvali-ruhiyyədədir. Rayon rəhbərliyinin səylə formalaşdırdığı sağlam mənəvi-psixoloji mühit, bərqərar edilən sosial ədalət dövlətin qayğısından güc alan bölgə əhalisinin genişmiqyaslı quruculuq hərakatına zərbəçi ahəng verir. Bölgədə həyata keçirilən quruculuq işlərinin dairəsi isə həqiqətən çox genişdir. Bu gün Horadiz şəhəri inşaat meydanını xatırladır. Quruculuq prosesində dövlət siyasətinin xarakterinə uyğun olaraq sosialyönümlü layihələrə üstünlük verilir. Belə layihələr kifayət qədər çoxdur. Horadiz Mədəniyyət sarayının, Şahmat məktəbinin, Heydər Əliyev mərkəzinin, ulu öndərin adını daşıyan parkın inşası uğurla davam etdirilir. Respublika Prezidenti İlham Əliyevin imzaladığı 13 iyul 2011-ci il tarixli "Füzuli rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" sərəncama əsasən 7 milyon manat ayrılmışdır. Bölgə əhalisində hədsiz razılıq və minnətdarlıq doğuran bu qayğı sayəsində böyük bir infrastruktur layihəsi reallaşır. Rayonun Bala Bəhmənli - Əhmədbəyli - İkinci Mahmudlu - Aşağı Kürdmahmudlu - Yuxarı Kürdmahmudlu - Alıxanlı - Beşinci Zobucuq, Bala Bəhmənli - Səngər - Araz Dilağarda - Araz Zərgər kəndarası yolların müasir tələblər səviyyəsində yenidən qurulması sürət və keyfiyyətlə davam etdirilir.

Dövlət müstəqilliyinin bərpasının arxada qalan 20 ili Füzuli camaatı üçün qürurlu olmaqla yanaşı, çox ağrılı və kəşməkəşli olmuşdur. Müstəqillik, azadlıq uğrunda, torpaqlarımıza göz dikən ermənilərlə savaşda Füzuli rayonundan neçə-neçə igid şəhid olmuşdur. İkinci dəfə bərpa edilmiş dövlət müstəqilliyinin ilk günlərindən başlamış indiyə qədər müharibə şəraitində yaşamasına, ərazisinin xeyli hissəsinin hələ də düşmən tapdağında olmasına baxmayaraq, Füzuli rayonunun işğaldan azad edilmiş yaşayış məntəqələri dinamik inkişaf edir. 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında rayonun yüksəlişini tənzimləyən tədbirlər də yer almışdır. Rayonun 6 yaşayış məntəqəsinə - Horadiz şəhərinə, Arayatılı, Babı, Mollaməhərrəmli, Şükürbəyli, Böyük Bəhmənli kəndlərinə təbii qaz verilişi bərpa edilmişdir. Əhmədalılar, Qazaxlar, Mirzənağılı kəndlərinə, böyük yaşayış massivinə çevrilmiş Zobucuq qəsəbəsinə qaz çəkilişi davam etdirilir. Dövlət Proqramında rayonun elektrik enerjisinə olan ehtiyacının yerli ehtiyatlar hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Artıq bu istiqamətdə xeyli görülmüşdür. Mənbəyini Arazdan götürən kanalın Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində 25 meqavat gücündə su-elektrik stansiyasının inşası müvəffəqiyyətlə davam etdirilir.

Dövlət qayğısı rayon əhalisinin sağlamlıq, müayinə və müalicə ehtiyaclarını da əhatə edir. Rayonda müasir tələblərə cavab verən, elmin son nailiyyətləri əsasında istehsal edilmiş nadirçox bahalı avadanlıqlarla təchiz edilmiş Tibb Mərkəzi istifadəyə verilsə də, bu, heç kəsdə arxayınlıq yaratmır. Horadiz şəhərində 100 çarpayılıq çoxprofilli xəstəxana, Yuxarı Alıxanlı, Mirzənağılı, Qarabulaq kəndlərində yeni həkim məntəqələrinin tikintisi tezliklə reallaşacaq.

Horadizdə yeni avtovağzalın tikintisicari vəzifələr sırasındadır. 2 hektar sahədən ibarət olan avtovağzal kompleksi rayon əhalisinə göstərilən nəqliyyat xidmətinin səviyyəsini əsaslı şəkildə yüksəltməyə imkan verəcəkdir.

Rayon iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Əkinəyararlı mövcud torpaq sahələrindən səmərəli istifadə olunması, suvarma sistemləri şəbəkəsinin işlək vəziyyətdə saxlanılması, lazımi aqrotexniki xidmətlərin vaxtlı-vaxtında göstərilməsi, torpaq istifadəçilərinin zəruri texnika, keyfiyyətli toxum, mineral gübrələr, xəstəlik və zərərvericilərə qarşı mübarizə vasitələri ilə effektli şəkildə təmin olunması üçün müvafiq icra strukturları səmərəli fəaliyyət göstərir. Aqrar sahədə yüksək nailiyyətlər qazanmaq, ərzaq təhlükəsizliyi proqramına sanballı töhfələr vermək üçün daxili imkanlardan, mövcud ehtiyat mənbələrindən maksimum səmərəli istifadəyə yönələn axtarışlar böyük ümidlər doğurur. Bu baxımdan tikintisi müvəffəqiyyətlə davam etdirilən aqroservis filialı daha çox diqqət çəkir. Gələn il fəaliyyətə başlayacağı nəzərdə tutulan filialda 80 nəfərdən çox rayon sakini işlə təmin olunacqdır.

Bir zamanlar üzümçülük sahəsində sahib olduğu şöhrəti yenidən qaytarmaq təşəbbüsü yerli əhali tərəfindən müdafiə olunur. Çünki Füzuli kəndlisinin üzümçülükdə zəngin təcrübəsi var. Rayonun iqtisadi həyatında üzümçülüyün inkişafı sahəsində başlayan yeni mərhələdə, heç şübhəsiz, bu təcrübə yaxşı kara gələcəkdir. Nazirlər Kabineti Füzuli rayonunda üzümçülüyün inkişaf etdirilməsi üçün torpaq sahəsinin ayrılması barədə artıq müvafiq qərar qəbul etmişdir. Əsrlərlə kotan dəyməyən Horadizin min hektarlarla xam torpağında yaxın gələcəkdə üzüm bağları salınacaqdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevə Füzuli camaatının məhəbbət və ehtiramı sonsuzdur. Bu da səbəbsiz deyil. Horadizinböyük bir ərazini əhatə edən yaşayış məntəqələrinin erməni işğalından azad edilməsi ulu öndərin adı ilə bağlıdır. Qədirbilən Füzuli camaatı bunu heç vaxt unutmur. İndi Horadizdə 2 hektar sahədə "Heydər parkı" inşa edirlər. Parkdakı Heydər Əliyev Mərkəzi 8 otaqdan ibarət olacaq. Foyedə ulu öndərin büstü qoyulacaq. Mərkəzdə elektron kitabxana, sinif otaqları, konfrans və sərgi salonları fəaliyyət göstərəcək. Parkda həmçinin Heydər Əliyevin qranit heykəli qoyulacaq, musiqili fəvvarələr, köşklər, kafe-çayxana inşa ediləcək, müasir işıqlandırma sistemi quraşdırılacaqdır.

Bölgə əhalisini narahat edən problemlərin həllinə də böyük önəm verilir. Füzuli Rayon İcra Hakimyyətinin başçısı Alı Alıyev bu istiqamətdə həyata keçirdikləri tədbirlər barədə belə dedi:

- Füzuli sakinlərinin harada məskunlaşmasından asılı olmayaraq, çalışırıq ki, onları narahat edən problemləri öyrənib aradan qaldıraq. Bu məqsədlə səyyar qəbullara daha çox üstünlük veririk. Bakı, Sumqayıt, Şirvan şəhərlərində, Sabirabad, Saatlı, Hacıqabul, İmişli, Masallı, Lənkəran, Cəlilabadda və başqa rayonlarda keçirilən səyyar qəbullar bu qəbildəndir. Belə qəbullar zamanı imkan yaradılır ki, hər kəs öz dərd-sərini desin, fikrini bildirsin. Səyyar qəbullarda 5 min nəfərdən çox rayon sakininin müraciətinə baxılmışdır. Rayonun hüquq-mühafizə orqanlarının, əksər xidmət təşkilatlarının rəhbərlərinin də iştirak etdiyi həmin qəbulların effekti böyükdür. Rayon icra hakimiyyəti Aparatındakı "qaynar telefon xətti"nin fəaliyyəti də  birbaşa canlı əlaqə baxımından əhəmiyyətlidir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq, çalışırıq ki, bölgədə adamların firavan yaşaması üçün əlverişli şərait yaradaq.

Bölgədə hökm sürən yüksək əhvali-ruhiyyə, nikbinlik sabahın böyük uğurlarına da ümidlər doğurur. Həyata keçirilən genişmiqyaslı quruculuq işləri, böyük infrastruktur layihələri, bunların nəticəsi kimi dinamik inkişaf füzulililərdə inam yaradır ki, ən ağrılı problemləri - doğma yurdlarının işğaldan azad edilməsi də həllini tapacaqdır.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2011.- 28 oktyabr.- S.  6.