Azərbaycan qlobal təhlükəsizlik sisteminin qorunmasında iştirak edəcək

 

Yaxşı yadımdadır, ölkəmiz 1992-ci ilin martında BMT-yə üzv qəbul olundu.

O vaxt xalqımız bu xəbəri sevinclə qarşılasa da, onun sevincini çox yaşaya bilmədi. Azərbaycan xalqı müstəqilliyinin ilk dönəmlərində onu itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Hər tərəfdən düşmən həmləsi var idi. Lakin ulu öndər Heydər Əliyevin böyük siyasi təcrübəsi və titanik səyləri nəticəsində xalqımız istiqlalını qoruyub saxlaya bildi.

Bu gün isə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimizin sevincini yaşayırıq. Özü də tək deyil, dünya azərbaycanlıları ilə, türk dünyası ilə birlikdə. Bu o deməkdir ki, Azərbaycan dünya təhlükəsizlik sisteminin qorunmasında və dünya idarəçiliyində iştirak edəcək. Hesab edirəm ki, Azərbaycanın bu qələbəsi ölkəmizlə bağlı həqiqətlərin dünya birliyinin, bütün dövlətlərin liderlərinin diqqətinə çatdırılması və Dağlıq Qarabağ münaqişəsinin ədalətli nizamlanması üçün şans yaradır. Çünki BMT Təhlükəsizlik Şurası nüfuzlu ali qurumdur. Ona görə də bu hadisəni qürurla qarşıladım. Millətimizin parlaq gələcəyinə çox inanıram.

Əslində müstəqil millət kimi yaşamaqinkişaf etmək üçün 20 il çox deyil. Ancaq Azərbaycan 20 illik müstəqillik tarixində çox işlər gördü, tarix yaratdı. Bəlkə də başqa xalqlar, millətlər bu yolu 50 ilə keçərdilər. Dövlətimiz isə qısa zamanda özünü dünyada sübut etdi. Dünya da bu reallığı gördü və məqamında qiymətləndirdi. Azərbaycan Avropanın enerji təhlükəsizliyində aparıcı ölkələrdən birinə çevrilib. Bu səsvermədə respublikamız dünyanın 155 ölkəsinin səsini alıb. Çox böyük nailiyyətdir,  əlbəttə fərəhlənirik. Deməli, dövlətimiz hər sahədə  tələb olunan meyarlara cavab verir. Azərbaycanın rəhbərliyinin uğurlu daxilixarici siyasəti var. Dünya ölkələri bunu qeyd-şərtsiz qəbul edir.  

BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz bizim qarşımızda böyük perspektivlər açır, yeni inkişaf strategiyası müəyyənləşdirir. Bu gün Azərbaycanın 40 milyard dollaradək valyuta ehtiyatı var.  

Neçə ildir Ermənistan da BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmək arzusundaydı. Lakin reallıq göstərdi ki, Ermənistan hələ bu şərəfə nail olmaq iqtidarında deyildir. Dünya dövlətləri Azərbaycana səs verməklə onun çox böyük etibara sahib, nüfuzlu bir dövlət olduğunu sübut etdilər. Bir zamanlar bizim üçün əlçatmaz olan zirvəyə yüksəldik.

Azərbaycanın apardığı iqtisadi-siyasi və digər sahələrdəki islahatlar, beynəlxalq aləmdə söz sahibi olması, nüfuz qazanması, regionda qüdrətli dövlətə çevrilməsi, enerji sisteminə təsiri və digər amillər səsvermədə böyük rol oynadı. Azərbaycan tolerant ölkə kimi dünyaya nümunədir. Baxmayaraq ki, ərazilərinin 20 faizi işğal altındadır, həssas bölgələrdə hər gün atəşkəs pozulur, əsgərlər və dinc insanlar arasında az qala hər gün ölüm hadisəsi baş verir. Bununla belə, Azərbaycan  münaqişənin qan tökülmədən, sülh yolu ilə başa çatması üçün səylərini əsirgəmir. İnanırıq ki, BMT Təhlükəsizlik Şurasının iclaslarında bu məsələlər gündəmə gətiriləcək, xalqımızın haqlı olduğu bir daha dünyanın diqqətinə çatdırılacaq. Azərbaycan xalqı layiq olduğu haqq-ədalətə qovuşacaq.

 

 

Azər MUSTAFAZADƏ,

"Azərnəşr"in baş direktoru

 

Azərbaycan.- 2011.- 29 oktyabr.- S.  6.