Türkiyənin nüfuzlu «Todays Zaman» qəzeti «Azərbaycana ikiqat təşəkkür» sərlövhəli məqalə dərc etmişdir

 

 Türkiyənin ingilisdilli "Todays Zaman" qəzetində şərhçi Əbdülhəmid Bilicinin "Azərbaycana ikiqat təşəkkür" sərlövhəli məqaləsi dərc olunmuşdur.

Müəllif yazır ki, Van bölgəsində baş vermiş zəlzələnin nəticələrini aradan qaldırmaq üçün Türkiyə xalqının səfərbər olması birlik və qardaşlıq hissinin dərinliyini və sarsılmazlığını bir daha sübut etdi.

Dünya ictimaiyyətinin Vandakı təbii fəlakətə dərhal reaksiya verdiyini vurğulayan Ə.Bilici qeyd edir ki, Xarici İşlər Nazirliyinin məlumatına görə, 28 ölkə və 3 beynəlxalq təşkilat Türkiyəyə yardım göndərməyi təklif etmişdir. Rəsmi Ankara bu dövlətlərin hamısına təşəkkür etmiş və ehtiyac yaranacağı təqdirdə əlavə yardımın göndərilməsini xahiş etmişdir.

Müəllif xüsusi vurğulayır ki, Türkiyəyə yardım göndərmiş dövlətlər sırasında bizə qardaş olan Azərbaycan daha çox təşəkkürə layiqdir. İlk növbədə ona görə ki, Azərbaycan dərhal, hətta Türkiyənin ehtiyacı olub-olmadığını soruşmadan belə fəlakət bölgəsinə yardımlarını göndərmişdir. Belə ki, zəlzələ baş verəndən bir neçə saat sonra Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin 145 nəfər xilasedicisi xilasetmə avadanlığı və xüsusi təlim keçmiş itlərlə Van şəhərinə yola düşmüşdür. Bundan üç saat sonra isə Azərbaycanın ikinci təyyarəsi 250 çadır, 3000 ədəd adyal, 700 ədəd səhra yataq dəsti, 2000 ədəd yataq dəsti, 2 ədəd səhra mətbəxi və əlavə 20 nəfər xidmət heyəti ilə fəlakət bölgəsinə yola salınmışdır. Bu yardımlar mütəmadi olaraq davam etdirilir.

Müəllif bildirir ki, Azərbaycan xilasediciləri gecə-gündüz dağıntılar altındakı insanları xilas edir, fəlakət qurbanlarının cəsədlərini çıxarırlar. Bundan başqa, zəlzələ nəticəsində yaralanmış çoxlu sayda insan Bakıda müalicə olunur. Budur ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamının mahiyyəti.

Yazıda o da bildirilir ki, bu il Azərbaycan müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd edir. Xüsusi qeyd etmək lazımdır ki, müstəqilliyinin ilk illərində Azərbaycanda xaos, özbaşınalıq hökm sürmüş, ciddi iqtisadi problemlər yaranmış, ölkə işğala məruz qalmışdır. Məhz həmin dövrdə özünün yardıma ehtiyacı olan Azərbaycanın indi başqa dövlətlərə yardım göndərməsi bu ölkənin nə dərəcədə inkişaf etməsinin bariz nümunəsidir. Bu gün də ərazisinin 20 faizinin işğal altında olmasına, əhalisinin bir milyondan artığının qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına baxmayaraq, Azərbaycan Cənubi Qafqazın lider dövlətinə çevrilmişdir. Təsadüfi deyildir ki, Cənubi Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanda formalaşır.

Məqalədə Ə.Bilici konkret rəqəmlər əsasında son illər ölkəmizdə iqtisadiyyatın bütün sahələrində qazanılmış uğurlardan geniş şəkildə söhbət açır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 30 oktyabr.- S.  4.