Azərbaycanın Baş naziri Serbiyanın xarici işlər naziri ilə görüşmüşdür

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə sentyabrın 1-də Serbiya Respublikasının xarici işlər naziri Vuk Yeremiç ilə görüşmüşdür.

Azərbaycanın Baş naziri iki ölkə arasında siyasi sahədə əlaqələrin yüksək səviyyədə olduğundan məmnunluğunu ifadə etmişdir. A.Rasizadə qeyd etmişdir ki, Azərbaycan tərəfi bu əməkdaşlığa böyük önəm verməklə onun davamlı inkişafında maraqlıdır.

İqtisadi sahədəki münasibətlərə toxunan Baş nazir burada iki ölkənin potensialından lazımi qədər istifadə olunmadığını vurğulamışdır. Bunun müvəqqəti xarakter daşıdığını deyən A.Rasizadə iqtisadi əlaqələrin genişləndirilməsi üçün qüvvələri səfərbər etməyin vacibliyini diqqətə çatdırmışdır. O demişdir ki, hökumətlərarası komissiyanın yaradılması və onun gələcək fəaliyyəti bu baxımdan faydalı olacaqdır. Komissiyanın ilk işi müvafiq qanunverici bazanın yaradılması və prioritet layihələrin hazırlanması olmalıdır. Baş nazir bu səfərin əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynadığını və ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində yaxşı zəmin yaratdığını da söyləmişdir.

Serbiyanın xarici işlər naziri Vuk Yeremiç Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya səfərini xatırladaraq, onu mövcud əlaqələrin inkişafında yeni mərhələ adlandırmışdır. Nazir xüsusilə vurğulamışdır ki, Serbiya beynəlxalq aləmdə Azərbaycanın mövqeyini daim dəstəkləyir. Azərbaycan ilə Serbiya arasında həm diplomatik sahədə, həm də parlamentlərarası münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən qonaq onların fəaliyyətinin razılıq  doğurduğunu demişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 3.