"Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" "dəyirmi masa" iştirakçılarının Bəyanatı

 

 Azərbaycan və Gürcüstan arasında sürətlə inkişaf edən, getdikcə möhkəmlənən dostluq və strateji tərəfdaşlıq münasibətləri xalqlarımızın firavan gələcəyinin təmin olunması, regionda davamlı sülh və sabitliyin bərqərar edilməsində mühüm rol oynamaqdadır. Müasir dünyada cərəyan edən mürəkkəb proseslər bu tərəfdaşlığı şərtləndirən başlıca amillər kimi çıxış edir. Təqdirəlayiq haldır ki, hər iki ölkənin rəhbərliyi mövcud reallıqları düzgün qiymətləndirərək xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edən bu tərəfdaşlığın inkişafına, iqtisadi, siyasi və mədəni əlaqələrin genişlənməsinə yönəlmiş ardıcıl siyasət yürüdür.

Biz "Gürcüstan azərbaycanlılarının cəmiyyətə inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" "dəyirmi masa"nın iştirakçıları iki ölkə arasında əlaqələrin indiki səviyyəsindən böyük məmnunluq duyduğumuzu ifadə edərək xalqlarımızın çoxəsrlik dostluq ənənələrinin milli maraqlarımıza və  Cənubi Qafqazda yaşayan bütün millətlər və xalqların mənafelərinə xidmət etdiyinə dərindən inandığımızı bildiririk. Biz insan hüquq və azadlıqlarının təmin olunmasının zəruriliyinə dərin inamımızı ifadə edərək Gürcüstanda yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan gürcülərin cəmiyyətə inteqrasiyası sahəsində hər iki ölkə hökumətinin apardığı ardıcıl islahatları dəstəkləyirik.

Məmnuniyyət hissi ilə qeyd edirik ki, son illər ərzində Gürcüstandakı çoxsaylı azərbaycanlı icmasının sosial, iqtisadi, ictimai, mədəni sahələrdə mövcud olan bir çox problemləri öz həllini tapmaqdadır. Azərbaycanlıların yığcam yaşadığı regionlarda gürcü dili kurslarının təşkili, tarixi abidələrin mühafizəsi və bərpası, dini azadlıqların təmin olunması, kütləvi informasiya vasitələrinin təsis edilməsi, qəzet və jurnalların nəşri, orta ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların dərslik və dərs vəsaitləri ilə təmin olunması istiqamətində həyata keçirilmiş tədbirlər öz uğurlu nəticələrini verməkdədir. Təqdirəlayiq haldır ki, bu sahədə hər iki ölkənin müvafiq dövlət orqanları arasında səmərəli əməkdaşlıq təcrübəsi mövcuddur.

Bununla yanaşı, azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası prosesini ləngidən bəzi problemlər də mövcuddur. Gürcüstanda yaşayan azərbaycanlıların dövlət və hakimiyyət strukturlarında təmsil olunması, məktəblərdə kadr çatışmazlığı, yerli toponimlər məsələsinə baxılması zəruridir. Biz bütün bu məsələləri müzakirə edərək belə bir qənaətə gəldik ki, ortaya çıxan bəzi çatışmazlıqların aradan qaldırılması üçün daha konkret addımların atılmasına ciddi ehtiyac duyulur. Əminik ki, bu məsələlərin həllində Azərbaycan Respublikasının müvafiq dövlət qurumları da öz dəstəyini və yardımını əsirgəməyəcəkdir.

Biz, eyni zamanda, "dəyirmi masa"da aparılmış müzakirələr və irəli sürülmüş təkliflərə əsaslanaraq Gürcüstanda yaşayan azərbaycanlı icmasının Ümumgürcüstan toplantısının keçirilməsi və azərbaycanlıların vahid təşkilatının yaradılması təşəbbüsünü dəstəkləyirik. İnanırıq ki, belə bir toplantının keçirilməsi azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyasına təkan verəcək, Gürcüstanda vətəndaş həmrəyliyinin möhkəmləndirilməsinə layiqli töhfə olacaqdır. Biz Gürcüstan və Azərbaycan dövlətlərinin rəhbərliyinin bu toplantının keçirilməsinə ən yüksək səviyyədə dəstək verəcəklərinə böyük ümidlər bəsləyirik.

Bəyanat 2011-ci il avqustun 29-da Batumi şəhərində keçirilmiş "Gürcüstan azərbaycanlılarının cəmiyyətə  inteqrasiyası Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı kontekstində" "dəyirmi masa"da qəbul olunmuşdur.

 

 

Azərbaycan.- 2011.- 2 sentyabr.- S. 5.