YUNİSEF-in Azərbaycandakı nümayəndəsi azərbaycanlı azyaşlı uşaqların ermənilər tərəfindən öldürülməsini pisləmişdir

 

 BMT Uşaq Fondunun (YUNİSEF) Azərbaycandakı nümayəndəsi Mark Hervord son vaxtlar ermənilər tərəfindən iki azərbaycanlı azyaşlı uşağın öldürülməsini pisləmişdir.

M.Hervord demişdir: "Biz YUNİSEF-in Azərbaycan nümayəndəliyi olaraq bu cür ölüm hallarını qəti şəkildə pisləyir və çox məyus olduğumuzu bildiririk. Çünki hər hansı bir uşağın ölümü bu cür zorakılıqla baş veribsə, bu çox böyük bir faciədir. Ona görə də biz bunu kəskin şəkildə pisləyirik". Xatırladaq ki, cari ilin martında erməni snayperi tərəfindən doqquz yaşlı Fariz Bədəlov öldürülmüşdür. İyulda isə Tovuz rayonunun Ermənistan ilə həmsərhəd olan Əlibəyli kəndində partlayıcı qurğunun işə düşməsi nəticəsində on üç yaşlı Aygün Şahmalıyeva həlak olmuş, onun anası isə yaralanmışdır.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2011.- 3 sentyabr.- S. 5.