Düşənbədə MDB-nin 20 illiyi ilə əlaqədar Dövlət Başçıları Şurasının yubiley sammiti keçirilmişdir

 

Sentyabrın 3-də Düşənbədə Müstəqil Dövlətlər Birliyinin (MDB) 20 illiyi ilə əlaqədar Dövlət Başçıları Şurasının yubiley sammiti keçirilmişdir.

Tədbirdə Azərbaycanı Baş nazir Artur Rasizadə təmsil etmişdir.

Sammitdə Rusiya, Qazaxıstan, Qırğız Respublikası, Türkmənistan, Ukrayna, Tacikistan və Ermənistanın prezidentləri Dmitri Medvedev, Nursultan Nazarbayev, Roza Otunbayeva, Qurbanqulu Berdiməhəmmədov, Viktor Yanukoviç, Emoməli Rəhmon və Serj Sarkisyan, Moldova Prezidentinin səlahiyyətlərini icra edən Marian Lupu, Özbəkistan və Belarusun baş nazirləri Şavqat Mirziyayev və Mixail Myasnikoviç iştirak etmişlər.

Qonaqları Tacikistan Prezidenti Emoməli Rəhmon salamlamış, MDB ölkələri arasında inteqrasiya sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi məsələlərinə toxunmuşdur.

Sammitin geniş tərkibdə keçirilən iclasında dövlət başçıları, Azərbaycanın və Özbəkistanın baş nazirləri çıxış etmişlər.

Artur Rasizadə salona toplaşanları təbrik edərək demişdir ki, MDB-nin formalaşdığı ötən illər ərzində böyük işlər görülmüşdür. Birliyin imkanları genişdir və bu potensialdan maksimum dərəcədə səmərəli istifadə etmək üçün hərtərəfli iş aparılmalıdır. MDB məkanında bir çox məsələlər hələ də həllini tapmayıb. Baş nazir demişdir ki, MDB məkanında münaqişələrin həlli məsələlərinə diqqəti artırmağın vaxtı çatıb.

Ermənistan prezidenti Serj Sarkisyan yenə də təhrikçi çıxış edərək Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi hüququndan danışmışdır.

Çıxışlar başa çatdıqdan sonra Baş nazir Artur Rasizadə yenidən söz alaraq Ermənistan prezidentinə tutarlı cavab vermişdir.

Baş nazir demişdir: "Ermənistan prezidentinin çıxışı məni məcbur etdi ki, bu haqda danışım. Düşünürəm ki, bu Sammitdə iştirak edənlərin əksəriyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə az-çox tanışdırlar. Ermənistan prezidenti Dağlıq Qarabağ münaqişəsi haqqında belə yalanlar danışırsa, onda ATƏT-in Minsk qrupu və digər təşəbbüslər nəyə lazımdır. Məsələ burasındadır ki, MDB-nin üzvü olan bir dövlət digərinə qarşı təcavüz edib, Azərbaycan torpaqlarının 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bunun nəticəsində bir milyon qaçqın və məcburi köçkün öz ev-eşiklərindən qovulmuşdur. Bir daha xatırladım ki, BMT Təhlükəsizlik Şurası işğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması ilə əlaqədar dörd qətnamə qəbul etmişdir. Ancaq bu sənədlər hələ də yerinə yetirilmir. Bu gün Ermənistan münaqişənin həlli ilə əlaqədar qeyri-konstruktiv mövqeyini bir daha ortaya qoydu".

Artur Rasizadə bildirmişdir ki, Azərbaycan münaqişənin sülh yolu ilə həlli istiqamətində bundan sonra da ATƏT-in Minsk qrupu ilə birgə işləyəcək və bu problemin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə tərəfdardır.

Dövlət başçılarının Şura iclasında MDB ölkələrinin gələcək inkişaf Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planının yerinə yetirilməsi mexanizmi, Rusiya hökuməti ilə MDB ölkələri arasında Rusiya ərazisində Sərhəd Qoşunları Komandanları Şurası Əlaqələndirmə Xidmətinin fəaliyyətinin şərtləri haqqında saziş, MDB Daxili İşlər Nazirləri Şurası haqqında Əsasnaməyə dəyişikliklər və əlavələr edilməsi ilə bağlı məsələlər müzakirə olunmuşdur.

Sammitdə 1941-1945-ci illər Böyük Vətən müharibəsində şücaət göstərmiş MDB ölkələri xalqları nümayəndələrinin xatirəsinin əbədiləşdirilməsi haqqında Saziş, 2012-2014-cü illərdə qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə əməkdaşlıq Proqramı, MDB dövlətlərində təyyarələrin ələ keçirilməsi (qaçırılması) xəbəri alındıqda hava müdafiəsi üzrə növbətçilərin fəaliyyəti haqqında sənədlər imzalanmışdır.

Sammit iştirakçıları təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşlığın inkişaf perspektivləri, humanitar sahədə əlaqələrin genişləndirilməsi haqqında da razılığa gəlmişlər.

Ümumiyyətlə, tədbirdə 10-dan artıq sənəd imzalanmışdır.

Sammiti Tacikistan Prezidenti Emoməli Rəhmon bağlı elan etmiş, gələn il yanvarın 1-dən MDB-də sədrliyin Türkmənistana keçdiyini bildirmişdir.

 

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

 

Azərbaycan.- 2011.- 4 sentyabr.- S. 1.