Qobustanın inkişafı ürəkaçandır

 

Bakı-Şamaxı-Gürcüstan avtomobil magistralı ilə yola çıxanları Abşeron ərazisi qurtardıqdan sonra Qobustanın Cəngi kəndində yol qırağı tikinti-quruculuq işləri qarşılayır. Halbuki bir vaxtlar yoxuşu enən kimi ilk gözə dəyən Cənginin əyri-üyrü, müasirlikdən çox uzaq avtomobil təmiri emalatxanaları və kiçik ticarət obyektləri idi.

İndi bu yerlər tanınmaz dərəcədə dəyişib. Milli memarlıq ornamentləri ilə bəzədilmiş daş hasar, ətrafdakı səliqə-sahman, yeni və müasir market, yanacaqdoldurma məntəqəsi Cənginin abadlığından xəbər verir. 180 şagirdlik yeni məktəb binasının tikintisini də görülən işlərə əlavə etsək, Cənginin tezliklə müasir bir qəsəbəyə çevriləcəyinə şübhə yeri qalmır. Cəngi həm də Bakı-Şamaxı-Gürcüstan magistral avtomobil yolu boyunca qonaqları qarşılayan bir rayon kəndi kimi regionların sosial-iqtisadi inkişafının bariz nümunəsinə çevrilməkdədir. Cəngidə yenidənqurma işləri Qobustanın inkişafı ilə bağlı ilk təəssüratı da formalaşdırır.

Qobustanın  rayon mərkəzində də abadlıq, tikinti-quruculuq işləri geniş vüsət alıb. Qarşımıza çıxan rayon ağsaqqalı Şıxbala Bayramovla söhbət edirik. Görülən işləri rayon əhalisinin böyük razılıqla qarşıladığını bildirən Ş.Bayramov yolların, səkilərin düzəlib abadlaşmasından, içməli su çəkilişindən, tikinti işlərindən, fermerlər üçün yaradılan şəraitdən həvəslə danışır. Rayon mərkəzindəki dövlət idarələrinin yeni inzibati binalarını göstərərək qeyd edir ki, bu yaraşıqlı binalar, eyni zamanda abadlıq, davam etməkdə olan yenidənqurma işləri ölkə Prezidenti İlham Əliyevin regionlara, o cümlədən Qobustana göstərdiyi qayğının, diqqətin nəticəsidir.  Biz insanlar da gərək yaradılanın, tikilənin qədrini bilək, boş durmayaq, gücümüz çatan işin qulpundan yapışaq.

Bəli, ağsaqqal Ş.Bayramovun xoş sözləri rayondakı yüksək ovqatın və işgüzarlığın göstəricisidir. Qobustan əhalisini çoxdan narahat edən içməli su məsələsi də həll olunmaq üzrədir. Qobustan RİH başçısı Adil Məmmədovun verdiyi məlumata görə, rayon mərkəzini və 7 kəndi içməli su ilə təmin edəcək Təsi su xəttinin çəkilişi davam edir və ilin sonunadək rayon mərkəzinə içməli suyun veriləcəyi gözlənilir. Xilmilli kəndində Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 6 kilometrə yaxın məsafədən su xətti çəkilib və müvafiq qurğular quraşdırılıb. Nabur kəndində su xəttində sayğaclaşma işləri görülüb, yaxın zamanlarda Ərəbşalbaş kəndinin əhalisi də içməli su ilə təmin olunacaq.

RİH başçısı onu da bildirdi ki, rayonun 17 yaşayış məntəqəsi təbii qazla təmin edilib, Xilmilli kəndi də bu siyahıya əlavə olunmaq üzrədir. Daha 9 kəndin təbii qazla təmin edilməsi ilə əlaqədar müvafiq orqanlar qarşısında məsələ qaldırılıb.

Regionların sosial-iqtisadi inkişafına dair II Dövlət Proqramında Qobustan rayonu ilə bağlı nəzərdə tutulmuş tədbirlər sırasında rayon mərkəzinin kanalizasiya şəbəkəsinin qurulması da var. Artıq layihələndirmə işlərinə başlanılıb.

Qobustanda tikinti işləri də diqqətdə saxlanılır. Qobustan şəhərində şəhid və əlil ailələri üçün 16 mənzilli yaşayış binası, Nabur kəndində 2, Çuxanlı kəndində isə 1 Qarabağ müharibəsi əlili üçün ikiotaqlı fərdi yaşayış evləri tikilib. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə məcburi köçkün və şəhid ailələri üçün fərdi yaşayış evinin tikintisi də başa çatıb. Ümumilikdə 28 şəhid və əlil ailəsi mənzillə təmin olunub. Cəngi  kəndindən əlavə, Təklə kəndində də 220 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanıb. Yaxın vaxtlarda Göydərə kəndinin sakinləri də belə bir xəbərlə sevinəcəklər.

Sentyabr ayının sonunadək Alternativ və Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi tərəfindən Qobustan rayonunda alternativ və bərpa olunan enerji istehsalı üzrə Qobustan Eksperimental Poliqonu və tədris mərkəzinin yaradılması başa çatdırılmalıdır. Bu mərkəzin yaradılması Qobustan rayonunun sosial-iqtisadi inkişafına, sənaye potensialının yüksəlməsinə, ekoloji cəhətdən təmiz və dayanıqlı enerji ilə təchiz edilməsinə səbəb olacaq.

Qobustan kənd təsərrüfatı rayonudur. Burada maldarlığın və taxılçılığın inkişafına ciddi fikir verilir. Vaxtilə rayonda üzümçülük də  aparıcı sahələrdən biri olub. Hazırda bu sahəyə də diqqət artırılır. 600 hektara yaxın yeni üzüm bağları salınıb. Təbiidir ki, üzümçülükdə böyük təcrübəsi olan qobustanlılar gələcəkdə plantasiyaları genişləndirmək arzusundadırlar. Qobustanlıların bir arzusu da Prezident İlham Əliyevin təməlini qoyduğu idman kompleksində hovuz, həmçinin mehmanxana tikintisinin bərpa olunmasıdır.

Qobustan kiçik rayonlardan sayılsa da, böyük arzu və amallarla yaşayır. Bu arzuların gerçəyə çevrilməsi üçün istək də var, işgüzarlıq da. Dövlət qayğısı da öz yerində!

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2011.- 6 sentyabr.- S. 7.