«Azəri«nin nefti

 

Dünyanın ən neftli regionlarında belə bu cür yataqlara tək-tək təsadüf edilir. Şöhbət o böyük yataqlardan gedir ki, onların özləri də bir neçə hissədən ibarət olur.

Bizə təbiət onları səxavət əli ilə bəxş edib. Məsələn, Xəzərin Azərbaycan bölməsindəki "Günəşli", "Azəri" yataqlarını. "Günəşli"nin dayaz hissəsi artıq bir neçə onillikdir ARDNŞ tərəfindən istismar olunur. "Dərinsulu Günəşli" isə "Əsrin müqaviləsi"nin tərkib hissəsidir, 2008-ci ilin yazından neft verməyə başlayıb.

"Azəri" nəinki Xəzər regionunda, hətta dünyada ən iri yataqlardan biri sayılır. Məlum olduğu kimi, "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsi çərçivəsində 5 milyard bareldən çox neft çıxarılacaq. Bunun təxminən 3 milyard bareli "Azəri"nin payına düşür. Odur ki, "Azəri"nin özü istər sərmayə qoyuluşuna, istər yatağın istismara verilməsi ərəfəsində dənizdə və quruda aparılmış tikinti işlərinin həcminə, istərsə də bu işlərə cəlb olunmuş insanların sayına görə nəhəng bir layihədir. Bu gün "Azəri" həm də zəngin infrastruktura malik bir yataqdır. Yataqda 4 platforma istismar olunur. Onların 3-ü hasilat platformasıdır.

"Azəri" üç hissədən, əslində, üç ayrı-ayrı yataqdan ibarətdir. "Mərkəzi Azəri"də quraşdırılmış platformadan 2005-ci ilin fevral ayından neft alınır. Burada həmçinin kompressor və suvurma platforması yerləşir. Hasilat, qazma və yaşayış platformasına körpü vasitəsilə birləşdirilən bu qurğu özünə məxsus olan funksiyalarla, demək olar ki, bütün AÇG-yə xidmət edir. "Qərbi Azəri" yatağı isə 2006-cı ilin yanvar ayından tam işə salınıb. Həmin ilin noyabr ayından "Şərqi Azəri" də neft verir.

Bu gün "Azəri" yatağındakı bütün qurğular ahəngdar işləyir. Buradakı platformalardan fasiləsiz olaraq neft alınır. AÇG layihəsinin əməliyyatçısı olan bp şirkətinin məlumatında bildirilir ki, bu ilin birinci yarısında "Mərkəzi Azəri"dən gündə orta hesabla 216,1 min barel neft hasil edilib.

"Qərbi Azəri"də hasilat quyularının sayı "Mərkəzi Azəri"də olduğundan 2 ədəd artıqdır. Yəqin buna görə onun hasilatı da çoxdur - gündə orta hesabla 218,6 min barel. "Şərqi Azəri"dən isə hər gün orta hesabla 131,9 min barel hasilat əldə edilir.

"Azəri"nin ayrı-ayrı hissələrindən çıxarılan neft birləşərək AÇG-nin ümumi neftinə qovuşur ixrac marşrutları ilə dünya bazarlarına nəql olunur. Ən başlıcası isə, elə 2005-ci ilin mayında Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinin ilk dəfə dünya bazarlarına apardığı da "Azəri"nin "nübar" nefti idi.

 

 

F.SADIQLI

 

Azərbaycan.- 2011.- 6 sentyabr.- S. 7.