Azərbaycanın müdafiə naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşmüşdür

 

Sentyabrın 5-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, S.Əbiyev Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra qazandığı uğurlardan, Avropa ilə sıx əlaqələrindən danışmış,  hərbi əməkdaşlıq məsələləri barədə qonağa ətraflı məlumat vermişdir.

Bölgədə gərgin hərbi-siyasi vəziyyət, Azərbaycan torpaqlarının işğalına şərait yaradan səbəblər, bir milyon soydaşımızın öz doğma yurdundan didərgin düşməsi və digər problemlərdən söhbət açılmışdır.

Nazir S.Əbiyev Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı ATƏT-in Minsk qrupunun vasitəçiliyinin hələlik heç bir nəticə vermədiyini, Azərbaycana qarşı ikili standartların bu gün də davam etdiyini təəssüf hissi ilə qeyd etmişdir.

Müdafiə naziri BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin indiyədək yerinə yetirilmədiyini qonağın diqqətinə çatdırmış, Avropa İttifaqının münaqişənin həllində səylərini artıracağına ümid etdiyini bildirmişdir. 

 

 

Azərbaycan.- 2011.- 6 sentyabr.- S. 2.