Milli Məclisdə görüş

 

Sentyabrın 5-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filipp Lefort ilə görüşdü. Qonağı salamlayan Milli Məclisin Sədri onu Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsinə təyin olunması münasibəti ilə təbrik etdi. Cənubi Qafqaz ölkələrinə yaxından bələd olan siyasətçi kimi onun bölgədəki problemlərin həllində mühüm rol oynayacağına ümidvar olduğunu bildirdi.

Görüş zamanı Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizin Avropa qurumları ilə, o cümlədən Aİ və Avropa Parlamenti ilə münasibətlərin inkişafına böyük önəm verdiyini dedi. Avronest Parlament Assambleyasının yaradılmasını təqdir edən Oqtay Əsədov bu çərçivədə əlaqələrin inkişaf edəcəyinə inamını bildirdi.

Milli Məclisin Sədri Avropa Parlamentinin Cənubi Qafqaz ölkələrindəki vəziyyətə dair qətnaməsində Ermənistan silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması və dövlətlərin ərazi bütövlüyünü tanıması ilə bağlı müddəaların Azərbaycanda yüksək qiymətləndirildiyini qonağın diqqətinə çatdırdı.

Oqtay Əsədov Filipp Leforta yeni vəzifəsində uğurlar arzuladı.

Görüş üçün təşəkkürünü bildirən Filipp Lefort Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. Yeni vəzifəsindən söz açan qonaq fəaliyyəti dövründə regiondakı münaqişələrin yoluna qoyulması üçün səylərini əsirgəməyəcəyini, Aİ ilə Azərbaycan arasında əlaqələrin daha da inkişafına çalışacağını dedi.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edildi.

 

 

Azərbaycan.- 2011.- 6 sentyabr.- S. 2.