Dövlətin elektroenergetika
strategiyası «Bakıelektrikşəbəkə» ASC tərəfindən
uğurla həyata keçirilir
Bakı
şəhərini və ətraf qəsəbələri fasiləsiz
və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək,
abonentlərə yüksək səviyyəli xidmət
göstərmək, paytaxtın elektrik şəbəkəsini
dünya standartlarına uyğun yenidən qurmaq
üçün ölkə rəhbərliyi tərəfindən
ardıcıl və sistemli tədbirlər həyata
keçirilir.
Dövlətimizin
başçısı dəfələrlə bildirmişdir
ki, paytaxtın və ətraf qəsəbələrin elektrik
enerjisi ilə təchizatının yaxşılaşdırılması,
yeni istehsal müəssisələrinin yaradılması,
qeyri-neft sektorunun sürətli inkişafı, şəhərdə
aparılan genişmiqyaslı sosial-mədəni və
yaşayış komplekslərinin inşası, habelə istehlakçıların
sayının dəfələrlə artması elektrik enerjisinə
olan tələbatı kəskin surətdə artırır və
bu da elektrik şəbəkəsinin normal fəaliyyət
göstərməsi üçün daha ciddi tədbirlər
görülməsini zəruri edir. Bu məqsədlə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
tapşırığı əsasında paytaxtın
paylayıcı elektrik şəbəkəsinin kompleks
inkişafını nəzərdə tutan dövlət
proqramı təsdiqlənmişdir.
Dövlət proqramına uyğun olaraq
enerji istehlakçılarına
mütəmadi olaraq, xüsusən də
payız-qış mövsümündə yüksək səviyyədə
xidmət göstərmək məqsədilə
"Bakıelektrikşəbəkə" ASC tərəfindən
genişmiqyaslı yenidənqurma və təmir-profilaktiki
işlər həyata keçirilir. İstismar müddəti
bitmiş və şəbəkənin bugünkü tələbatını
ödəməyən avadanlıqlar texniki baxımdan daha
müasirləri ilə əvəz olunmaqla, yeni
yarımstansiyalar tikilməklə,
elektrik verilişi xətləri çəkilməklə,
habelə ən müasir elektrik avadanlıqları tətbiq
olunmaqla şəbəkə
yeniləşdirilir və gücləndirilir. 2011-2012-ci illərin
payız-qış mövsümünə hazırlıqla əlaqədar
"Bakıelektrikşəbəkə" ASC-nin texniki
direktoru Sadıq Sadıqov istehlakçıların fasiləsiz
və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi
sahəsində görülmüş işlərlə
bağlı əməkdaşımızla söhbətində
demişdir:
- Enerji istehlakçılarının il
boyu fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin
edilməsi üçün Prezident İlham Əliyev tərəfindən
təsdiq edilmiş "Azərbaycan Respublikasının
yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər)
üzrə Dövlət Proqramı"nın icrası məqsədi
ilə "Bakıelektrikşəbəkə" ASC üzrə
İnvestisiya Proqramı hazırlanıb və bu proqram çərçivəsində
paytaxtın enerji təchizatının
yaxşılaşdırılması sahəsində müntəzəm
olaraq məqsədyönlü tədbirlər həyata
keçirilir.
"Bakıelektrikşəbəkə"
ASC-nin fəaliyyətinin bərpa edildiyi dövrdən sonra
İnvestisiya Proqramı çərçivəsində
müasir tipli 14 ədəd 110 kV-luq, 29 ədəd 35 kV-luq
yeni yarımstansiyalar, 128 ədəd transformator məntəqəsi
inşa edilmiş, 2000 kilometrə yaxın elektrik verilişi xətləri
çəkilmişdir. Hazırda 5 ədəd 110 kV-luq, 16 ədəd
35 kV-luq yarımstansiyalarda işlər yekunlaşmaq üzrədir.
Həyata keçirilən tədbirlərin nəticəsidir
ki, şəbəkənin güc qəbuletmə və paylama
qabiliyyəti 2006-cı illə müqayisədə 70 faiz
artmışdır.
Paylayıcı şəbəkə
üzrə aparılan yenidənqurma işlərinin, xüsusən
də 0,4 kV-luq elektrik şəbəkələrinin
özünüdaşıyan izolyasiyalı naqillərlə qurulmasının,
elektrik enerjisi uçotunun aparılmasında müasir
texnologiyaların, yeni inşa edilmiş yarımstansiyaların
məsafədən idarə olunması üçün
"SCADA" sisteminin və yarımstansiyalarda müasir rele
mühafizəsi və avtomatika sistemlərinin tətbiqinin nəticəsidir
ki, "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyəti
bərpa edilənədək istehlakçıların enerji təchizatında
uzunmüddətli fasilələrlə müşayiət
olunan qəza açılmaları minimuma enmişdir. Texniki
itkilərin səviyyəsi 6 faiz azaldılaraq hazırda bu
göstərici 10 faizə endirilmiş, ifrat yüklənmə
halları aradan qaldırılmışdır.
İstehlakçıların fasiləsiz və keyfiyyətli
enerji təchizatının təmin olunmasına yönələn
tədbirlər Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən təsdiq edilmiş
"2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı" çərçivəsində
bu gün də davam etdirilir.
İqtisadiyyatın bütün sahələrində
olduğu kimi, elektroenergetika sahəsində də aparılan
islahatların mərkəzində, şübhəsiz ki, insan
amili durur. Məhz bu səbəbdən texniki personalın
iş şəraitinin yaxşılaşdırılması səhmdar
cəmiyyətinin rəhbərliyinin daim diqqət mərkəzindədir
və bu istiqamətdə mütəmadi olaraq tədbirlər
həyata keçirilir. "Bakıelektrikşəbəkə"
ASC-nin mərkəzi idarəetmə
aparatı şəhərin memarlıq üslubuna uyğun
inşa edilmiş və mərkəzi elektron idarəetmə
sistemi ilə təchiz olunmuş yeni binaya
köçürülmüşdür. Əvvəllər ərazilərdə
yalnız iki inzibati binası olan şəbəkədə bu
gün Səbail, Yasamal, Binəqədi, Nəsimi, Nizami və
Nərimanov rayonlarının enerji təchizatı və
satışı idarələri üçün yeni inzibati
binalar, habelə Zirə, Binə, Keşlə, Zabrat, Buzovna və
Pirallahı qəsəbələrində xidmət məntəqələri
inşa edilmişdir. Ehtiyat hissələrinin saxlanması
üçün müasir tipli anbar, habelə elektrik
sayğaclarının test və təmiri üçün ən
mütərəqqi texnologiyalarla təchiz edilmiş binalar
tikilmişdir.
Son illərdə Bakı şəhərində
vüsət alan genişmiqyaslı sənaye, sosial-mədəni
və yaşayış komplekslərinin inşası, habelə
istehlakçıların sayının artması ilə əlaqədar
elektrik enerjisinə olan tələbatın dəfələrlə yüksəlməsinə baxmayaraq,
görülmüş tədbirlərin nəticəsidir ki, həmin
infrastrukturların və abonentlərin bütün
mövsümlərdə fasiləsiz və dayanıqlı elektrik təchizatı təmin
olunur. 2011-2012-ci illərin payız-qış
mövsümünə hazırlıqla bağlı qeyd etmək
istərdim ki, "Bakıelektrikşəbəkə" ASC
üzrə təsdiq olunmuş Tədbirlər Planına əsasən,
şəbəkələrdə cari və əsaslı təmir
işləri müəyyən edilmiş müddətdə həyata
keçirilir. Bu məqsədlə elektrik
avadanlıqlarının texniki vəziyyətinin
yoxlanılması və aşkar edilmiş nasazlıqların
aradan qaldırılması, bina və qurğuların təmiri,
maşın və mexanizmlərin saz vəziyyətə gətirilməsi,
lazımi miqdarda texniki hissələrin, avadanlıqların
ehtiyatının yaradılması, kontakt birləşmələrinin
və transformatorlarda soyutma sistemlərinin təftişi, rele
mühafizəsi və avtomatika vasitələrinin, nəzarət-ölçü
cihazlarının profilaktik yoxlanılması, elektrik
verilişi xətlərinin təmiri, metal konstruksiyaların təmiri,
avadanlıqlarda yanğına qarşı müvafiq tədbirlərin
görülməsi və sairə kimi tədbirlər yerinə yetirilməkdədir.
Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu sosial-iqtisadi inkişaf
strategiyasının müasir mərhələdə
Prezident İlham Əliyev tərəfindən uğurla davam
etdirilməsi respublikamızın hərtərəfli
inkişafına və tərəqqisinə çox
böyük təkan vermişdir. Ölkə
iqtisadiyyatının bütün sahələrində
olduğu kimi, paytaxtın enerji təchizatının yüksək
səviyyədə təmini və enerji sektorunda intizamın
gücləndirilməsi məqsədilə
"Bakıelektrikşəbəkə" ASC-də əsaslı
islahatların aparılması bundan sonra da davam etdiriləcəkdir.
E.HACIALIYEV
Azərbaycan.-2011.-9
sentyabr.-S.6.